Siyasi manipulyasiyaların qarşısı diplomatik yolla alınır
Siyasət

Siyasi manipulyasiyaların qarşısı diplomatik yolla alınır

Ermənistanda revanşist və təcavüzkar ritorikanın günü-gündən artması müşahidə olunur. Xüsusilə də Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün təkliflər etdiyi bir dövrdə Ermənistanın öz təxribatlarını davam etdirməsi, müxtəlif bəhanələrlə sülh sazişinə maneə törətməsi onu göstərir ki, bu ölkə hakimiyyəti sülh müqaviləsinin imzalanmasından boyun qaçırır və iki dövlət arasında münasibətlərin normallaşmasında maraqlı deyil.

Ermənistan rəsmiləri tərəfindən gərginliyin artmasına xidmət edən kəskin və təcavüzkar mahiyyətli bəyanatlar səsləndirilməsi, həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birbaşa hədəf alan hərəkətlər də buna sübutdur.

Ölkə başçımız bütün çıxışlarında Ermənistan siyasi hakimiyyətini təxribatlardan yayınmağa çağırmaqla, sülh müqaviləsinin bağlanmasının həm Ermənistan, həm də region üçün əhəmiyyətli olduğunu dəfələrlə vurğulamaqla regional inkişafın əhəmiyyətini qeyd edir. Buna baxmayaraq, Ermənistan rəhbərliyi hər vəchlə sülhdən yayınır, Azərbaycan torpaqlarında saxladığı qanunsuz silahlı birləşmələri vasitəsilə təxribatlar törədir. Beləliklə, 10 noyabr Bəyanatında üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

Müxtəlif vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə sülh çağırışlarına "sözdə başqa, əməldə başqa" aktlarla yanaşan hayların xəbis planları onların gələcəyini ciddi sual altında qoyur. Buna paralel olaraq erməni əsilli şəxslərin Azərbaycan dövlətinə və cəmiyyətinə reinteqrasiya olunması üçün danışıqların aparılmasına mane olunur. Rəsmi Bakı görür və bilir ki, həm Azərbaycan-Ermənistan münasibətlərində, həm də ermənilərin reinteqrasiya məsələsində vasitəçilərin iştirakı prosesi uzadır. Çünki vasitəçi tərəflər də belə məsələlərdə özlərinin regionla bağlı maraqlarını təmin etməyə çalışırlar ki, bu da onların öz maraqları ətrafında məsələyə yanaşmasını göstərir.

Mövcud reallıqları nəzərə alaraq qeyd edilməlidir ki, Ermənistanın Azərbaycan qarşısında sülhdən başqa çıxış yolu yoxdur. Müxtəlif güc dairələrinin oyuncağına çevrilən xain düşmən mövcud reallıqlardan nəticə çıxarmaq əvəzinə, hərbi əməkdaşlıqları daha da genişləndirir. Ermənistan Müdafiə Nazirliyi uydurma bəyanatlarla müharibəyə və təxribata hazırlaşdığını gizlətməyə çalışır. Ermənistan ehtiyatda olan sıravi, gizir və zabitləri təlim-məşq toplantısına çağırış adı altında gizli səfərbərlik kampaniyasına başlayıb. İrəvanın Moskva ilə münasibətlərində yaranan gərginlik isə müharibənin, yaxud təxribatın başlayacağına işarədir. Haylar iddia edir ki, Azərbaycan ilkin növbədə əraziyə hərbi qüvvə cəlb edir və hücum etmək niyyətindədir. Ermənistan bu yolla növbəti dəfə spekulyasiya və manipulyasiya yolunu seçir. Azərbaycan Silahlı Qüvvələri döyüş hazırlığı və təminləri ilin istənilən zamanda reallaşdırıla bilər. Öz suveren ərazilərimizdə tapşırıqların yerinə yetirilməsi hər hansı bir təhdid daşımır. İrəvandakı hökumət iclasında Müdafiə Nazirliyinin qadın batalyonu üçün daimi fəaliyyət göstərən məntəqənin tikintisini yekunlaşdırdığı bildirilib. Bununla da qadınların artıq orduya səfərbər edilməsi prosesinin başlanmasının şahidi oluruq. Qeyd edilib ki, 6 aylıq hərbi xidməti başa vuran qadınlar 2,5 min dollar məbləğində ödəniş alacaqlar. "Fərarilər ordusu"nun bu cür addımlarla ayaqda tutulması faktı revanşizmin nə səviyyədə olmasından xəbər verir.

Qeyd edilən məsələlər ətrafında Azərbaycan dövləti dəfələrlə beynəlxalq ictimaiyyətə çağırışlar etmiş, Ermənistanın spekulyasiya və manipulyasiyalarından fərqli olaraq bölgədəki proseslərin şəffaflığını daim qorumuşdur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev daim bu kimi proseslərdə yaxından iştirak edir. Qarabağda yaşayan ermənilərin "humanitar böhran" içərisində olduqları böyük səs-küylə dilə gətirilsə də, Hikmət Hacıyevin nüfuzlu nəşrlərə, yerli telekanallara verdiyi müsahibələrdə məsələnin əsl mahiyyətinin nədən ibarət olduğu faktlarla sübut edilmişdir. Bundan başqa, Hikmət Hacıyev Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrini və hərbi attaşeləri Ağdam-Xankəndi yolu ilə tanış edərək mövcud reallıqları bir daha dünya ictimaiyyətinə çatdırmışdır. Bununla yanaşı, sentyabrın 5-də Hikmət Hacıyev Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı "Arab News" nəşrinə müsahibə verib. O, sülhü təmin etmək və keçmişin dəhşətlərini arxada qoymaq üçün atılmalı olan addımlardan söz açaraq bildirib ki, başlamaq üçün ən yaxşı yol Ermənistanın üzr istəməsi olardı.

 Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının perspektivləri, beynəlxalq vasitəçilik və Rusiya-Azərbaycan münasibətləri haqqında Rusiyanın TASS agentliyinə geniş müsahibə verən Hikmət Hacıyev sülh prosesi ilə bağlı deyib: "Bu prinsiplərin təməl daşı iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması və gələcəkdə belə iddiaların irəli sürülməməsi üzrə hüquqi öhdəliklərdir. Təəssüf ki, son zamanlar Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri, - onların arasında xüsusilə bu ölkənin baş nazirinin sentyabrın 2-də Qarabağdakı heç kimin tanımadığı qanunsuz rejimi "müstəqillik günü" münasibətilə təbrik etməsini göstərmək olar, - sülh prosesinə ciddi zərər verdi".

Qarabağda yaşayan ermənilər də Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Ya təmasları davam etdirərək, bu məsələdə konstruktivlik nümayiş etdirərək reinteqrasiya prosesini qəbul etdirməlidirlər, ya da ərazini tərk etməlidirlər. Mövcud durumun perspektivi və məsələnin həlli üçün üçüncü yol yoxdur".

Dövlət rəsmisi indiki məqamda Ermənistanın siyasi rəhbərliyinin qeyri-konstruktiv və səmimi olmayan mövqeyi ucbatından sülh prosesinin ləngiməsini vurğulayaraq, Laçın yolunun mövcud olmayan "blokadası" bəhanəsi ilə Ermənistan və erməni diasporu tərəfindən dünyanın müxtəlif ölkələrində, xüsusən Qərbdə Azərbaycana qarşı genişmiqyaslı yalan informasiya kampaniyası haqqında da danışıb. Rusiyanın göndərdiyi humanitar yardımın Ağdam-Xankəndi yolu ilə daşınması isə bir daha sübut etdi ki, bu kimi şouların tək məqsədi beynəlxalq ictimaiyyəti aldatmaqdır.

Azərbaycan diplomatiyası Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün intensiv fəaliyyət göstərir və reallıqların manipulyasiyaya çevrilməsinə imkan vermir. Bu yolla Ermənistanın sülh müqaviləsini imzalaması üçün mövcud fikir birliyi formalaşmış olur. İndiki zamanda artıq bütün dünya görür ki, Ermənistan Cənubi Qafqazda inkişafa və tərəqqiyə əngəl törədir.

Nurlan ABDALOV,

 "Respublika".