Səsvermədə qürurla iştirak edəcəyik
Sosial həyat

Səsvermədə qürurla iştirak edəcəyik

Düşmənlərin dağıdaraq xarabalığa çevirdiyi Füzuli şəhəri indi bünövrədən qurulur, burada əhəmiyyətli və nəhəng infrastruktur layihələr icra olunur, yeni yaşayış məhəllələrinin inşası sürətlə həyata keçirilir. Yeni və müasir bir şəhər qurulur.

Uzun illərdən sonra işğaldan azad edilən qədim yurd yerlərinə yeni həyat qayıdır. Şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir, vaxtaşırı növbəti köç karvanı ilə Füzuliyə qayıdan ailələrə mənzillərin açarları təqdim olunur.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Füzuliyə qayıdan köç karvanları bu yerlərə sevinc və qürur gətirir. Bu günə qədər şəhərdə 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. 28 ildən sonra erməni işğalından azad edilmiş Füzuli şəhərində ilk dəfə keçiriləcək növbədənkənar prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə hazırlıq görülür. Bu seçkilər öz doğma yurdlarına qayıtmış füzulililər üçün xüsusilə yaddaqalan olacaq.

84 saylı Füzuli Şəhər Dairə Seçki Komissiyasının sədri Ramiz Teymurov bildirir ki, cari il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri yenidən qurulan şəhərdə 3 seçki məntəqəsində keçiriləcək. Ümumilikdə isə dairə üzrə 77 seçki məntəqəsi yaradılıb. Onlardan 52-si rayon ərazisində, digərləri isə keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə fəaliyyət göstərir. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün bütün məntəqələrdə səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib. Bir sözlə, bütün məntəqələrdə seçkilərə hazırlıq prosesi ən yüksək səviyyədə həyata keçirilir, seçicilərə bildirişlərin göndərilməsi başa çatıb.

Qardaş Özbəkistanın Azərbaycana hədiyyəsi kimi inşa edilmiş Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin binasında fəaliyyət göstərən 75 saylı məntəqədə seçicilərin rahat, sərbəst və şəffaf şəraitdə səs vermələri, həmçinin müşahidələrin aparılması üçün bütün lazımi şərait yaradılıb. Seçki məntəqəsinin sədri Ləman Məstalıyevanın sözlərinə görə, binanın müasir infrastruktura malik olması məntəqənin öz fəaliyyətini yüksək səviyyədə qurmasına imkan verir. Təchizat və təminat məsələləri həll edilib, hazırlıq işləri yekunlaşıb. Füzulililər sevinc və həyəcanla seçki gününü gözləyirlər.

Füzuli şəhərində hər cür şəraiti olan müasir evlə təmin edilən Məftun Ramazanov doğma şəhərində səs verdiyi üçün çox qürurludur. Ermənistanın hərbi təcavüzü nəticəsində 12 yaşında ailəsi ilə birlikdə məcburi köçkünə çevrilən Məftun deyir ki, doğma yurdumuza qalib ölkənin vətəndaşı kimi qayıtmaq çox fərəhlidir. Yurd həsrətimiz sona çatıb, öz şəhərimə qayıtmışam. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan vətəndaşı olaraq seçkilərdə iştirak etmək və Füzulidə ilk dəfə səs verənlər sırasında yer almaq həyatımın ən unudulmaz səhifəsi olacaq. Şəhidlərimizin bizə əmanət etdiyi bu torpaqlarda yaşamaq, qurub-yaratmaq şərəfdir. Fevralın 7-də ailə üzvlərimlə birlikdə seçki məntəqəsinə gedəcək və ən layiqli namizədə səs verəcəyik.

Salman ALIOĞLU,

"Respublika".