Sərvətlərimizin qeyri-qanuni istismarı beynəlxalq konvensiyaların pozulmasıdır
Digər xəbərlər

Sərvətlərimizin qeyri-qanuni istismarı beynəlxalq konvensiyaların pozulmasıdır

Müzəffər ordumuzun tarixi qələbəsini, döyüş meydanlarında əldə etdiyi uğurları mənfur qonşularımız hələ də həzm edə bilmir, hələ də revanşist hisslərlə yaşayanlar var. Ölkəmizin yeraltı və yerüstü sərvətlərinə göz dikən Ermənistan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində onların hərəkətsizliyindən istifadə edərək hələ də faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirir, torpaqlarımızı ekoloji və digər fəlakətlərə məruz qoyurlar.

Ərazidə təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının məqsədi ondan ibarətdir ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Bu məqsədlə respublikamızın bütün faydalı qazıntı yataqları, o cümlədən "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparılmışdır. Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq, Rusiya sülhməramlı kontingenti tərəfindən monitorinqin keçirilməsinə maneçilik törədilmişdir.

 Ölkəmizin hər yerində olduğu kimi, Qubada da istər müəssisə və təşkilatlar, istərsə də qeyri-dövlət qurumları, eləcə də bütün ziyalı kontingenti Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasını dəstəkləyir, dünya ictimaiyyətini xalqımızın haqlı narazılığına və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalı olduğunu bəyan edirlər. Eyni zamanda Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınmalı, kriminal iş adamı Ruben Vardanyan tərəfindən Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ətraf mühitə ciddi ziyan vurulmasına yol verilməməlidir.

Hər kəsə bəllidir ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir və bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.

Öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozan Ermənistan üçün bu cür cinayətlər hüquqi məsuliyyət yaradır. Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarı hazırda normadan dəfələrlə artıqdır.

ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Odur ki, əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.

10 noyabr 2020-ci il tarixdə Azərbaycanın, Rusiyanın və Ermənistanın liderlərinin imzaladığı bəyanatın müddəaları Ermənistan tərəfindən hələ də yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədilir.

Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, Azərbaycan məsuliyyətli ölkədir, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Azərbaycan fəallarının sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələ ki inteqrasiya olunmayıb.

Beləliklə, biz qubalı ziyalılar da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolundakı etiraz aksiyasını dəstəkləyir, Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulmasını tələb edirik.

Ramiz QUSARÇAYLI,

AYB Quba bölməsinin sədri.