ŞƏRQDƏ İLK DƏFƏ MƏHZ AZƏRBAYCANDA ÖLÜM CƏZASI LƏĞV EDİLMİŞDİR
Digər xəbərlər

ŞƏRQDƏ İLK DƏFƏ MƏHZ AZƏRBAYCANDA ÖLÜM CƏZASI LƏĞV EDİLMİŞDİR

Bu qərarın qəbulu ümummillilider Heydər Əliyevin iradəsi sayəsində mümkün olmuşdur

1998 -ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edilmişdir. Azərbaycan Avropa Şurasına üzv olmamışdan əvvəl ölüm hökmünü ləğv edib, ömürlük azadlıqdan məhrum edilənlərin cəzasını yüngülləşdirib. Bu qərara əsasən, qadınlara, cinayət törətdiyi vaxt on səkkiz yaşına çatmamış şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməməlidir.

Azərbaycanda sonuncu dəfə ölüm hökmü AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə - 1993-cü ildə tətbiq edilmişdir. Dünya ictimaiyyəti ölüm hökmünün ləğvi məsələsinə birmənalı yanaşmasa da, böyük əksəriyyət insanlara qarşı yalnız humanist münasibətin və xeyirxahlığın dünyanı daha yaxşı bir məkana çevirməyə kömək edəcəyini iddia edir.

Ümummilli lider Heydər Əliyev 1998-ci il fevralın 3-də Azərbaycan Respublikasının Milli Məclisinə tarixi müraciətində insan həyatının ən ali dəyər olduğunu, yaşamaq hüququnun hər bir insanın təbii haqqı olduğunu vurğulamışdır. Ölüm hökmünün insan ləyaqətinə və ümumən insan hüquqları ideyasına zidd olduğunu bildirərək ümummilli liderimiz ölüm hökmünün tətbiqini qeyri-insani və qəddar tədbir kimi qiymətləndirmişdir. Bu cəza növünün ləğvinin tarixi əhəmiyyəti ilə yanaşı, həm də cinayət hüququ siyasətinin humanistləşdirilməsi istiqamətində həlledici addım və hüquq sistemində islahatların mühüm mərhələsi olacağına əminliyini ifadə etmişdir.

Ümummilli liderimizin bu humanist addımı da müasir Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz ulu öndərin sayəsində ölkəmizdə hüquq, sosial və iqtisadi sahədə ardıcıl, məqsədyönlü islahatların həyata keçirilməsi, insan hüquqlarına dair strateji əhəmiyyətli sənədlərin qəbul olunması insan hüquqlarının müdafiəsində yeni və sistemli təcrübə formalaşdırmışdır.

Azərbaycan Respublikasında dövlət müstəqilliyinin ilk illərində, 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması və Milli Məclisin 10 fevral 1998-ci il tarixli qərarı ilə həmin cəza növünün ləğv edilməsi də insan hüquqlarının qorunması sahəsində atılan mütərəqqi addımlardan oldu.

 Ulu öndərin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanı ilə insan hüquq və azadlıqlarının təmini istiqamətində müəyyənləşdirilən strateji məqsədlər insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının hazırlanması, insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin olunmasına dair təkliflərin verilməsi, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və icrasından ibarət idi.

Bu islahatların icrasını isə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiqlənməsi təmin etmiş oldu. Bununla da ölkənin konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirildi. Ölkənin demokratik inkişafı ilə bağlı bu qərarlar indi də aktuallığını itirmir və inkişafın əsas istiqamətlərini, strateji hədəfləri müəyyən edir.

Ulu öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" bu sahədə Dövlət Proqramının məqsədlərini daha da inkişaf etdirmişdir. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. 27 dekabr 2011-ci il tarixdə ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi isə bu siyasətin məntiqi davamı oldu.

Yeni normalar nəzərdə tutan normativ-hüquqi aktların hazırlanması, yeni qanun layihələrinin qəbulu, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələrin müəyyən edilməsi insan hüquq və azadlıqlarının daha səmərəli təmininə verilən ən mühüm töhfələrdən olmuşdur.

10 fevral 2017-ci il tarixdə ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncam insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ oldu. Sərəncam mahiyyətcə hərtərəfli olmaqla, insan hüquq və azadlıqlarının, humanist yanaşmanın əsas prinsiplərini, azadlıq hüququnun təmin edilməsində strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva edir.

Nəhayət, Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 3-də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın bütün hallarda ölüm hökmünün ləğvinə dair 13 saylı Protokolunu imzalamaq səlahiyyətinin verilməsi haqqında Fərman imzalayıb.

Humanizm, ədalət və azadlıq kimi uca ideallara söykənən, ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə irəli sürülən təşəbbüs sayəsində Azərbaycan bu gün Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə kimi tanınır. Ulu öndər ölüm hökmünün ləğvi ilə bağlı mühüm milli qanunvericilik aktlarının qəbulu ilə yanaşı, ölkəmizin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakültativ Protokoluna, habelə 6 nömrəli Protokola qoşulması təşəbbüsü ilə çıxış etmişdir. Ötən əsrin 80-ci illərində qəbul edilmiş bu beynəlxalq sənədlərdə ölüm hökmünün ləğvi nəzərdə tutulsa da, müharibə illərində törədilmiş hərbi cinayətlərə görə bu cəza növünün tətbiqi imkanları qalmaqdadır. Bununla belə, beynəlxalq insan hüquqlarının formalaşmasının təkamülü bütün hallarda ölüm cəzasının ləğvi istiqamətində davam etmiş və nəticədə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 13 saylı Protokolu qəbul edilmişdir. Xüsusi vurğulanmalıdır ki, ölkəmiz ümummilli liderin humanist siyasətinə sadiq qalaraq heç vaxt ölüm hökmünün tətbiqi imkanlarından istifadə etməyə çalışmamış, milli qanunvericiliyimizdə isə heç bir cinayətə görə ölüm hökmü nəzərdə tutulmamışdır. Əksinə, cinayət-hüquq siyasətinin daha da liberallaşdırılması istiqamətində daim məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 57 mindən çox şəxsə şamil edilib, onun imzaladığı amnistiya sərəncamları isə 5900-ə yaxın insanı əhatə edib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə əldə etdiyimiz tarixi Zəfər ölkəmizi yeni inkişaf mərhələsinə yüksəltdi. Və bu, keyfiyyətcə yeni reallıqlarda hər birimizdən müasir yanaşma, xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir və ilk növbədə humanist idarəetmə modelini, vətəndaş-dövlət münasibətlərində daim inkişaf edən düşüncə tərzini tələb edir. Bütün bunların reallaşması insan hüquqlarına hörmət, insansevərlik, humanistliyə verilən mühüm töhfə olmaqla, yeni təşəbbüsləri və cəmiyyətimizin yeni inkişaf üfüqlərini şərtləndirir.

Emin QASIMOV,

"Respublika".