Sergey Murtuzəliyev
Sosial həyat

Sergey Murtuzəliyev

Erməni daşnakları xalqımıza qarşı həmişə düşmənçilik mövqeyində durmuş, şəhər və kəndlərimizdə qanlı faciələr törətmiş, dinc əhaliyə olmazın əzab-əziyyətlərini vermiş, hər vasitə ilə öz mənfur niyyətlərini reallaşdırmağa çalışmışlar. Birinci Qarabağ savaşında erməni quldurları öz havadarlarının köməyi ilə Azərbaycan ərazilərində bir sıra vəhşiliklər törətmişlər. Vətənin taleyi təhlükədə olanda cəsur, qəhrəman oğullarımız bir nəfər kimi Vətənin müdafiəsinə qalxmış, odlu səngərlərdə daşnaklara sarsıdıcı zərbələr endirmişlər.

XX əsrin sonlarında ermənilərin Azərbaycana xaincəsinə təcavüzü zamanı Sergey Murtuzəliyev də könüllü olaraq döyüş meydanına atılmışdır. Sergey Murtuzəli oğlu Murtuzəliyev 17 noyabr 1963-cü ildə Bakının Pirallahı qəsəbəsində dünyaya göz açmışdır. Uşaqlıqdan təyyarəçi olmaq istəyirdi. Sergey orta məktəbdə təhsilini uğurla başa çatdırdıqdan sonra təyyarəçilər məktəbinə daxil olmuşdur. Məktəbi bitirdirdikdən sonra isə təhsilini Yeyski Ali Hərbi Aviasiya Məktəbində davam etdirmişdi.

Sergey Murtuzəliyev bir müddət Rusiya Federasiyasında çalışsa da qəlbi hər zaman Azərbaycanda idi və günlərin birində Sergey Azərbaycana döndü, Kürdəmirə gələrək hərbi aviasiya alayında xidmətə başladı. Polkovnik-leytenant rütbəsinə yüksəldi.

Birinci Qarabağ savaşı başlayanda Qarabağ səmasında ilk uçuş edənlərdən biri də polkovnik-leytenant Sergey Murtuzəliyev oldu. O, qısa müddətdə ad-san qazandı. Belə ki, Sergeyin təyyarəsi erməni yaraqlıları tərəfindən iki dəfə vurulsa da bu çətin məqamda təyyarəni yerə endirməyi bacarmış, özü də heç bir xəsarət almamışdı. O, dəfələrlə Qarabağa uçuşlar etmiş, əhalinin təhlükəsiz yerə çıxarılmasında böyük rəşadət, şəxsi igidlik göstərmişdir.

Sergey Murtuzəliyev xidmət etdiyi hissədə nüfuz və hörmət qazanmışdır. Sergeyin düşmənə vurduğu zərbələrin hər biri bir qəhrəmanlıq idi. Bir sözlə, təcrübəli təyyarəçinin adı bir əfsanəyə çevrilmişdi.

30 avqust 1993-cü il... Təlim uçuşu... Vətənini sevən, daşnak quldurlarına dərin nifrət bəsləyən polkovnik-leytenant Sergey Murtuzəliyev təyyarənin sirlərini öyrədərkən qəzaya uğradı.

Son mənzili Dərbənd şəhərindəki Darğuş kənd qəbiristanlığı oldu.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə polkovnik-leytenant Sergey Murtuzəli oğlu Murtuzəliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Kürdəmir Hərbi Aviasiya alayında onun büstü qoyulmuşdur.

Qədir ASLAN,

"Respublika".