Kinomuzun Gülçöhrəsi: Leyla Bədirbəyli
Sosial həyat

Kinomuzun Gülçöhrəsi: Leyla Bədirbəyli

Mənəvi sərvət, xəzinə... Teatrı belə adlandıranlar bəlkə də haqlıdırlar. Nədən? Çünki böyük təsir gücünə, təlqin qüdrətinə malik olan teatr ocağı səhnə sənətinin bəşəri məramını, ictimai-fəlsəfi ideyasını təbliğ edir. Eyni zamanda səhnə tilsimli, cazibədar bir aləmdir. Səhnə oraya hər ayaq basana sevinc paylamır. O, şərbət piyaləsini zəhməti sevənlərə, səbirlə, inadla, özünü unudaraq çalışmağı bacaranlara verir...

O da səhnəyə çox gənc ikən gəlmişdi, filarmoniyada solist kimi çıxış etməyə başlayanda 16 yaşı yenicə tamam olmuşdu. Səhnədə hələ ilk vaxtdan bəxti gətirmişdi. Rəqs kollektivinin tərkibində səhnə həyatında ilk addımlarını atan Leyla üçün xüsusi rəqslər qurulurdu. O zaman "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu.

...1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Kollektivə Üzeyir bəy Hacıbəyli rəhbərlik edirdi. Konsertlərin birinə Stalin də gəlmişdi. Səhnədə Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivinin çıxışından sonra Stalin kollektivlə görüşür və yanında əyləşən Üzeyir bəyə qızlardan birini göstərib kimliyilə maraqlanır. Üzeyir bəy: "Leyladır, bizim rəqqasə qəzlardan biri", - deyə cavab verir. Stalin qızı yanına çağırıb alnından öpür və: "Sən əsil Azərbaycan gözəlisən" - deyir. Həmin qız teatr və kinomuzun gələcək parlaq ulduzlarından biri Leyla Bədirbəyli idi...

1920-ci il yanvarın 8-də Bakıda İçərişəhərdə doğulub boya-başa çatmışdı Leyla. Atası Ağalar Bədirbəyov Şəmkir bəylərinin nəslindəndir. Anası Bikə xanım isə xan qızı idi. Ailədə tək övlad olmasa da uşaqların ən ərköyünü olan Leylaya atası xüsusi diqqət göstərər, hamıdan çox onu əzizləyərdi. Anası Bikə Əli Bayramov klubuna - qadınlar dərnəyinə gedər, balaca Leylanı da özü ilə aparardı. Elə incəsənətə də marağı o vaxtdan yaranmışdı Leylanın.

Onun böyük səhnəyə gəlişi 1941-ci ilə təsadüf edir. Belə ki, Leyla Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət alır və elə ilk gündən işinə ciddi, məsuliyyətlə yanaşır. Bu isə onu hamıya sevdirirdi. Çıxış edəcəyi tamaşaya 2 saat əvvəl gələrmiş. Tamaşalarda isə Leyla həmişə baş rolları oynayardı.

Teatrda ilk rolu M.İbrahimovun "Məhəbbət" tamaşasında Zəhra obrazı olub, bunun ardınca A.Ostrovskinin "Tufan"ında Klara obrazını yaradıb. Sonra teatr səhnəsində "Pəri cadu" tamaşasında Pəri, "Vaqif"də Gülnar və Xuraman, "Xanlar" da Mehriban, "Solğun çiçəklər"də Sara, "Almaz"da Almaz, "Şərqin səhəri"ndə Dilarə, "Xoşbəxtlər"də İncə, "Əliqulu evlənir"də Qumral, "Kəndçi qızı"nda Göyərçin, "Şeyx Sənan"da Zöhrab, "Uzaq sahillərdə" Anjelika, "Otello"da Dezdemona, "Canlı meyit"də Liza və digər rollara səhnə həyatı verib.

Leyla kino aləminə də çox tez gəlir, hələ filarmoniyada çalışdığı illərdə "Ayna", "Bakının işıqları" filmlərində çəkilir. 1945-ci ildə onun kino taleyində böyük dəyişiklik olur. Leyla Bədirbəyli həmin dövrdə istər teatrda, istərsə də kinoda yaratdığı obrazlarla artıq tanınıb sevilirdi. 1945-ci ildə "Arşın mal alan" musiqili komediyası əsasında filmin çəkilişinə başlayan Üzeyir bəy əsas rollara Rəşid Behbudovla Leyla Bədirbəylini seçir. Leyla Gülçöhrə roluna 100-dən artıq namizədin arasından seçilmiş, Üzeyir bəy onu sınaq çəkilişlərinə cəlb etmədən çəkilişə dəvət etmişdi.

"Arşın mal alan" dünya səhnəsini fəth etdi, Leylanın gül çöhrəli Gülçöhrəsini sevdilər. O zaman Leylanın ünvanına dünyanın hər yerindən sevgi dolu məktublar gəlirdi. Bolqarıstandan gənc bir qadının ona göndərdiyi məktub bu sözlərlə qurtarırdı: "Mən beş oğulun bir bacısına sizin məharətlə oynadığınız Gülçöhrənin adını verdim. Bolqarıstanın Gülçöhrəsi sizin kimi şöhrət qazansa, özümü xoşbəxt sayaram".

Leyla xanımın kino taleyi də uğurlu olub. Həmişə yüksək insani keyfiyyətlərə malik milli koloritli qadın obrazlarını oynayıb. O, 50-yə yaxın bədii, bədii televiziya, qısametrajlı bədii filmdə çəkilib. Onun "Fətəli xan" və "Koroğlu" filmlərində yaratdığı Tuti Bikə və Nigar obrazları təkcə sevimli ərlərinin nəzakətli, incə və etibarlı həyat yoldaşları deyil, həm də igid, cəsur məsləkdaşlarıdır.

"Onun böyük ürəyi" filmindəki Xalidə obrazı aktrisanın xarakterinə, təbiətinə uyğun olmasa da, bu rolun öhdəsindən bacarıqla gəlib. Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan bəhs edən "Görüş" filmindəki Bilqeyis obrazı da Leyla Bədirbəylinin ifasında yüksək səviyyədə yaradılıb.

Aktrisa sonrakı illərdə "Kölgələr sürünür" filmində Leyla, "İntizar"da Ana, "Sevil" film-operasında Tafta, "Gilas ağacı"nda nənə, "Bizim küçənin oğlanları"nda Leyla, "Çarvadarların izi ilə"də Məfruzə, "Vulkana doğru"da Gülsüm, "Kişi sözü"ndə Ana, "Dərviş Parisi partladır"da Şəhrəbanı xanım, "Asif, Vasif, Ağasif"də nənə, "O dünyadan salam"da Kəblə Fatma və digər filmlərdə maraqlı surətlər yaradıb.

Leyla xanım zahirən çox gözəl idi. Onun bu gözəlliyilə yüksək insani keyfiyyətləri isə bir vəhdət yaradırdı. Bu keyfiyyətlər onun səhnə, kino həyatı verdiyi, sevə-sevə yaratdığı obrazlara da sirayət edirdi. Elə ona görə də bu obrazları tamaşaçılar daha çox sevirdi.

Son illərdə tamaşaçılar onu televiziya ekranında daha tez-tez görürdü. Azərbaycan televiziyasının sənət dünyasının ulduzlarına həsr etdiyi ədəbi proqramın aparıcısı olan Leyla xanım bu missiyanı da sevə-sevə icra etdi və sevildi.

Bir çox mükafatlar almışdı. Ömrünün sonunda isə ona "İstiqlal" ordeni verilmişdi. Səhnəmizin Gülçöhrəsi 1999-cu il noyabrın 23-də əbədi olaraq gözlərini yumub, bu həyatla vidalaşıb.

Özü bir tamaşa olan bu həyat səhnəsində izini qoyub, adını əbədiləşdirib.

Zümrüd QURBANQIZI,

"Respublika".