Şəhid məzarı ziyarət olunub
Sosial həyat

Şəhid məzarı ziyarət olunub

Xalid Mecdunovun anım günü ilə əlaqədar keçirilən mərasimdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, digər şəhid ailələri, Poladlı kənd sakinləri və məktəblilər iştirak etdilər. Şəhid Xalid Mecdunovun məzarı ziyarət olundu, üzərinə gül dəstələri qoyuldu.

Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M.Kərimov adına kənd tam orta məktəbində təhsil alıb. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və həmin ilin oktyabrın 2-də Füzuli rayonu ərazisində qəhrəmancasına şəhid olub, rayonun Poladlı kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xalid Mecdunov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

M.QULUYEV,

"Respublika".