İQTİSADİYYAT

"Sarı kəhrəba"nın məhsuldarlığı yüksəkdir

Ölkəmizdə taxılçılığın inkişafı ilk növbədə əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına ödənilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Ağcabədi rayonunda uğurla icra olunur.

Dövlətimizin başçısı İlham Əliyev 2022-ci il iyulun 19-da imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə güclü təkan verir. Mühüm dövlət sənədində qeyd olunur ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların işğaldan azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini daha da yüksəldir.

Uzaqdan baxanda sanki kəhrəba dənizini xatırladan taxıl zəmilərində qızğın iş gedir. Biçin aparan kombaynların aramsız səsi ətrafa yayılıb. Bütün qüvvələr bu strateji məhsulun itkisiz və optimal müddətdə yığılmasına yönəldilib. Taxılçılığa dövlət dəstəyinin genişləndirilməsi sayəsində fermerlər yüksək məhsuldarlığa nail olurlar. Havaların əlverişsiz keçməsinə baxmayaraq, Ağcabədidə ən məsuliyyətli bir dövr - taxıl biçini uğurla davam edir. Sübh tezdən qaş qaralana kimi zəmilərdə biçin aparılır, fermerlər hər buğda dənəsinin itkiyə getməməsi üçün lazımi tədbirlər görürlər.

Qeyd edək ki, Ağcabədi ölkəmizin əsas taxılçılıq rayonlarından biridir və rayonda son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İri fermer təsərrüfatlarının yaradılmasında və aqrar sahədə tətbiq olunan müasir metodlar ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında Ağcabədinin də payı var. Təsadüfi deyil ki, Ağcabədi respublikamızın 100 min tondan çox taxıl istehsal edilən rayonları sırasındadır. Rayon taxılçıları bu il də yüksək məhsuldarlığa nail olublar. Taxılçılıqla məşğul olan fermerlər artıq 17 min 599 hektar sahədə biçin aparıblar, 75 min 302,6 ton məhsul əldə olunub. Biçilmiş məhsulun 50 min 209 tonu buğda, 25 min 94 tonu arpadır. Hər hektarın orta məhsuldarlığı buğda sahələrində 45, 98 sentner, arpa sahələrində isə 37,6 sentner təşkil edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, torpaq mülkiyyətçiləri bu il 26 min 664,2 hektar sahədə taxıl becəriblər. Onun 19 min 514,2 hektarı buğda, 7150 hektarı isə arpadır. Düzgün aqrotexniki qulluq sayəsində zəmilərdə bol məhsul yetişib. Taxıl biçininə, ümumilikdə rayon üzrə 56 taxılbiçən kombayn cəlb edilib. Bunun 27-si "Aqroservis" ASC-yə məxsus, 8 ədədi fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan, 21-i isə digər rayonlardan gətirilmiş texnikadır. Biçini optimal müddətdə başa çatdırmaq üçün fermerlər hər dəqiqənin, hər saatın qədrini bilirlər, fasiləsiz iş rejimində çalışırlar. Yaxın günlərdə biçin başa çatdırılacaq, indidən demək olar ki, əldə edilən məhsuldarlıq ürəkaçandır. Fermerlərin qənaətinə görə bu mövsümdə də Ağcabədidə yüz min tondan çox taxıl istehsal ediləcək.

Salman ALIOĞLU,

"Respublika".