“Şahin” hərbi-idman oyunlarının respublika final mərhələsi keçirilib
İdman

“Şahin” hərbi-idman oyunlarının respublika final mərhələsi keçirilib

15 İyun - Milli Qurtuluş Günündə Gənclər paytaxtı Mingəçevirdə  “Şahin” hərbi-idman oyunlarının respublika final mərhələsi keçirilib.

16 iyun SHXÇDX-nin məlumatında xəbər verilir ki, Gənclər və İdman, Elm və Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) birgə qərarı ilə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının final mərhələsi məktəblilərin hərbi orkestrin ifası altında təntənəli marşla mərkəzi meydana daxil olması ilə başlayıb.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açan gənclər və idman naziri Fərid Qayıbov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayıb.

Digər çıxış edənlər vurğulayıblar ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.

Yekun nəticələrə əsasən, 1-ci yerə Bakı şəhər Nizami rayonunun, 2-ci yerə Sumqayıt şəhərinin, 3-cü yerə isə Neftçala rayonunun komandaları layiq görülüblər.

“Respublika”.