Sağlam ailə - sağlam cəmiyyət deməkdir
Sosial həyat

Sağlam ailə - sağlam cəmiyyət deməkdir

Çox da uzaq olmayan keçmişdə Şirvan şəhərini haqlı olaraq “gənclik şəhəri” adlandırırdılar. Bu şəhərdə gənclər tərəfindən əsası qoyulan birgəyaşayış qaydalarına ciddi əməl olunurdu. Bu günkü gənc nəsil ailə dəyərlərini qoruyub saxlamaqda öz ata-babalarının ənənələrini davam etdirirlər. Şirvan Gənclər Evində “Sağlam ailə, sağlam cəmiyyət və erkən nikahların qarşısının alınması" mövzusunda keçirilən maarifləndirici tədbir də ailə dəyərlərinə həsr olunmuşdu. Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Nəsirov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin və Şirvan Peşə Liseyinin müəllim və tələbələri iştirak etdilər. Tədbirdə öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov və Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Nəsirov çıxış edərək, müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasətinin təşkil etdiyini vurğuladılar.Çıxışlarda qeyd olundu ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ailə siyasətinin formalaşmasında misilsiz xidmətləri var.  Prezident cənab İlham Əliyev bu tarixi missiyanı uğurla davam etdirir, Azərbaycanda ailə dəyərləri və ənənələrinin qorunub saxlanılmasına xüsusi diqqət yetirir.  

Tofiq HÜSEYN,

“Respublika”.