Rusiya kontingenti Azərbaycanın təklif etdiyi marşrutu qəbul etməlidir
Digər xəbərlər

Rusiya kontingenti Azərbaycanın təklif etdiyi marşrutu qəbul etməlidir

Məlum olduğu kimi, 2020-ci il dekabrın 6-da ölkəmizin razılığı əsasında Rusiyanın Xankəndiyə göndərdiyi humanitar yük Gəncə Beynəlxalq Hava Limanına çatdırılıb. Daha sonra həmin humanitar yardım Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə təyinat məntəqəsinə yola salınıb.

Qeyd edək ki, Rusiya sülhməramlılarının bütün şəxsi heyəti, hərbi texnikası və onlara lazım olan təchizat əvvəllər Ermənistan vasitəsilə Qarabağa daşınırdı. Həmçinin, Ermənistandan gələn yüklərin tərkibi, sayı və s. məsələlər də Azərbaycanla razılaşdırılmır, Qarabağın erməni icmasının yaşayış şəratinin yaradılması üçün lazım olan inşaat materialları və digər yüklərin daşınması da Azərbaycanın nəzarətindən kənar həyata keçirilirdi.  Rusiya kontingenti isə sözügedən istiqamətdə fəaliyyətini Ermənistanın müvafiq qurumları ilə müzakirə etməklə yanaşı, hətta ikitərəfli sənədə də imza atmışdı. Azərbaycan da öz növbəsində sülhməramlı mandatından kənara çıxan və dövlət suverenliyi ilə uzlaşmayan hərəkətləri gözardı etməyib.

Belə ki, 2020-ci il dekabrın 3-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qarabağda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovu qəbul edib. Görüş zamanı, üçtərəfli Bəyanatın müddəalarının icrası məsələləri də müzakirə olunub. Həmin il dekabrın 5-də isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Azərbaycan XİN-in yaydığı məlumata görə, tərəflər noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasını, o cümlədən sülhməramlılarla qarşılıqlı əlaqəsini, habelə ikitərəfli əməkdaşlığın bəzi aktual məsələlərini müzakirə ediblər.

Bu görüşdən sonra göndərilən humanitar yüklərin Azərbaycan üzərindən daşınmasına başlanılıb. Buradan Rusiya kontingentinin ölkəmizin bəzi iradlarını qəbul etdiyi qənaətinə gəlmək mümkündür. Bir məqamı da vurğulamaq lazımdır ki, humanitar yüklərin bir qisminin Gəncə üzərindən daşınması nəzarət imkanını daha əlverişli edir. Prosesin həyata keçirilməsi əraziyə hansı yüklərin gətirilməsi, eləcə də Ermənistandan Qarabağa gətirilən ermənilərin həqiqətən yerli sakin olub-olmadığı barədə informasiyalar əldə etməyə də şərait yaradır. Çünki mövcud reallığı nəzərə alsaq, Ermənistan ipə-sapa yatmır. İlk olaraq, bölgədəki erməni əhalisinin Azərbaycanın suverenliyini qəbul etməkdən boyun qaçırdığını qeyd etmək yerinə düşər. Həmçinin, erməni silahlı birləşmələri faktiki olaraq Qarabağda qalmaqda davam edir və onlar hələ ki, hər hansı səbəb göstərilmədən oradan çıxarılmır. Bunu Prezident İlham Əliyevin bu il iyulun 5-də baş tutan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündəki çıxışı zamanı səsləndirdiyi fikirlər də təsdiqləyir: "Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir".

Qeyd edək ki, Rusiya tərəfindən Xankəndiyə qeyri-qanuni yolla humanitar yüklərin daşınması Azərbaycan Konstitusiyasına və qanunlarına da zidd hesab olunur. Çünki Konstitusiyaya əsasən dövlətin suverenliyi onun bütün ərazisinə şamil edilir və bu ərazi Azərbaycan Respublikasının yurisdiksiyası altındadır. Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü və qanunlarını tanımayan bir bölgəyə başqa dövlət tərəfindən Azərbaycan ərazisi ilə yüklərin daşınması qadağandır. Həmçinin, 10 noyabr Bəyanatında da belə bir razılaşma nəzərdə tutulmayıb və Rusiya Federasiyasının belə bir öhdəliyinin olduğu qeyd edilməyib.

Nəzrin ELDARQIZI,

"Respublika".