Riyaziyyat elminin inkişafında xidmətləri olan görkəmli alim, tanınmış pedaqoq
Sosial həyat

Riyaziyyat elminin inkişafında xidmətləri olan görkəmli alim, tanınmış pedaqoq

Professor Qəmbər Kazım oğlu Namazov 25 avqust 1932-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində sadə kəndli ailəsində - Kazım kişi ilə Həbibə xanımın ailəsində dünyaya göz açmışdır. 1938-ci ildə atası Kazım kişi repressiyaya məruz qalmış, həbs olunaraq Sibirə sürgün olunmuşdur. Bu səbəbdən Qəmbər anası Həbibə xanımın himayəsində böyümüş, 1939-cu ildə Güllübulaq kənd orta məktəbinin birinci sinfinə qəbul olunmuşdur. O, bir neçə il oxuduqdan sonra ailənin maddi çətinliyi səbəbindən məktəbi yarımçıq qoyub Güllübulaq kənd kolxozunda işləmiş, atası bəraət alaraq sürgündən qayıtdıqdan sonra təhsilini davam etdirmişdir. Qəmbər Namazov 1952-ci ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini medalla bitirmiş və elə həmin il Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuşdur.

 Gənc Qəmbər universitetdə təhsil aldığı illərdə yüksək riyazi bilik nümayış etdirmiş və 1957-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. O, hələ tələbə ikən elmi-tədqiqat işlərinə başlamış və 1957-ci ildə tələbə və aspirantların Tiflisdə keçirilən Ümumittifaq konfransında elmi məruzə ilə çıxış etmişdir. Aldığı ilk elmi nəticə 1958-ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Fəxri Tərifnaməsinə layiq görülmüş və həmin il Azərbaycan SSR Elmlər Akademiyasının Məruzələri jurnalında çap olunmuşdur. (Reşenie smeşannoy zadaçi dlə odnoqo nelineynoqo paraboliçeskoqo uravneniə. - DAN Azerb. SSR, t. XIV, №7, 1958 q.).

Universitetdə təhsilini başa vurduqdan sonra, o, 1957-ci ildə Azərbaycan SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda işə göndərilmiş və elə həmin il də orada aspiranturaya qəbul olunmuşdur. İnstitut rəhbərliyi perspektivli bir gənc riyaziyyatçı kimi aspiranturada təhsilini davam etdirmək üçün onu Moskva Dövlət Universitetinə ezam etmişdir.

Beləliklə, gənc Qəmbər Namazov 1958-ci ildə Moskva Dövlət Universitetində dünyaşöhrətli riyaziyyatçı alim, akademik İvan Georgiyeviç Petrovskinin rəhbərlik etdiyi Diferensial tənliklər kafedrasında professor Olqa Arsenyevna Oleynikin rəhbərliyi ilə elmi-tədqiqat işlərinə başlayır.

Onun ilk elmi tədqiqatları məxsusiyyətləri olan dəyişən sərhədli oblastlarda qeyri-xətti parabolik tənliklər üçün qoyulmuş qarışıq məsələlərin həllinə həsr olunmuş və bu sahədə aldığı elmi nəticələr Wolfgang Walterin "Differential and Integral Inequalities" monoqrafiyasına daxil edilmişdir.

Qəmbər Namazov aspiranturanı bitirdikdən sonra Vətənə qayıtmış və 1960-1962-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmaqla elmi tədqiqatlarını davam etdirmişdir.

O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin elmi şurasında "Kəsilən əmsallı parabolik tənliklər üçün sərhəd məsələləri" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Həmin il SSRİ Ali Attestasiya Komitəsi tərəfindən ona fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 1962-ci ildən 1966-cı ilə qədər həmin institutda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1966-cı ildə Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsinə təyin olunmuşdur.

Qəmbər Namazov 1961-ci ildə Leninqradda keçirilən SSRİ riyaziyyatçılar qurultayında, 1963-cü ildə Düşənbədə keçirilmiş diferensial tənliklər və onların tətbiqlərinə həsr edilmiş Ümumittifaq simpoziumunda, 1966-cı ildə Moskvada keçirilmiş beynəlxalq riyaziyyatçılar konqresində, 1967-ci ildə Moskvada Patris Lumumba adına universitetdə keçirilən Ümumittifaq konfransında iştirak etmiş və məruzələrlə çıxış etmişdir.

Professor Qəmbər Namazovun elmi-tədqiqat işləri xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin ən aktual problemlərinə həsr edilmişdir: dəyişən sərhədli oblastda məxsusiyyəti olan parabolik tənliklər üçün başlanğıc-sərhəd məsələləri, parabolik, hiperbolik və başqa xüsusi törəməli diferensial tənliklər üçün tərs məsələlər həll edilmiş, elastiklik nəzəriyyəsinin Sen-Venan tipli özlü-stasionar sistemlərin həlli üçün inteqral bərabərsizliklərin isbatı verilmiş, bu yeni elmi nəticələr yüksək sürətlə artan funksiyalar sinfində sərhəd məsələlərin həllərinin yeganəliyini isbat etməyə imkan yaratmışdır. O, həmçinin qarışıq tipə malik olan, yəni baxılan oblastın bir hissəsində parabolik o biri hissəsində isə hiperbolik tipə məxsus olan tənliklər üçün sərhəd məsələlərinin tədqiqi ilə də məşğul olmuşdur. Bu halda ikinci tərtib çoxölçülü tənliklər üçün tiplərin ayrıldığı səth üzərində verilmiş xətti qoşmalıq şərtləri daxilində həllin varlığı və yeganəliyi isbat edilmişdir. Onun silsilə tədqiqat işləri parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələnin həllərinin kiçik parametrə nəzərən asimptotikasının tapılmasına həsr edilmişdir. Eyni zamanda, mənfi olmayan xarakteristikalı tənliklər üçün qarışıq məsələnin periodik həllinin kiçik parametrə nəzərən asimptotikası qurulmuşdur. Həmçinin əmsalları sürətlə azalan ikinci tərtib kvazixətti parabolik tənliklər üçün qarışıq məsələnin həllinin kiçik parametrə nəzərən asimptotikası öyrənilmişdir.

Qəmbər Namazovun tərs məsələlər adlandırılan silsilə işlərində xətti və qeyri-xətti parabolik və hiperbolik tipli xüsusi törəməli tənliklər üçün qoyulmuş məsələlərdə bəzi əlavə şərtlər daxilində tənliyin məchul əmsalı, yaxud məchul sağ tərəf, yaxud da sərhəd şərtlərinə daxil olan məchul parametrin (funksiyanın) tapılması problemləri tədqiq olunmuş və bu sahədə tətbiqi əhəmiyyəti olan çox vacib və yeni elmi nəticələr alınmışdır.

Qəmbər Namazov 1960-1966-cı illərdə Azərbaycan Dövlət Universitetində (ADU) və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda adi diferensial tənliklər və xüsusi törəməli diferensial tənliklər, Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Fizika-riyaziyyat təmayüllü məktəbin şagirdlərinə elementar riyaziyyat kursundan mühazirələr oxumuşdur.

O, 1966-cı ildə müsabiqədən keçərək ADU-nun Diferensial və inteqral tənliklər kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 1969-cu ildən 1972-ci ilədək Mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsində işləmişdir. 1971-ci ildə həmin kafedranın dosenti olmuşdur. 1972-ci ildə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin kollektivi ona böyük etimad göstərərək fakültənin dekanı vəzifəsinə seçmişdir. O, bu vəzifədə 1975-ci ilədək çalışmışdır.

Yaxşı xatırlayıram, 1975-ci ilin mayında Diferensial və inteqral tənliklər kafedrasının müdiri Qoşqar Əhmədov vəfat etdikdən sonra bu vəzifəyə Qəmbər müəllim seçildi. Bu çətin və şərəfli vəzifədə Qəmbər müəllim 2012-ci ilədək fasiləsiz olaraq 37 il işləmişdir. O, 1984-cü ildə professor elmi adına layiq görülmüşdür.

Qəmbər Namazov 1975-1987-ci illərdə hər il Moskvada akademik İ.G.Petrovski adına seminar və Moskva Riyaziyyatçılar Cəmiyyətinin birgə keçirdiyi beynəlxalq konfranslara dəvət olunmuş və orada maraqlı elmi məruzələrlə çıxış etmişdir.

Professor Qəmbər Namazov 1972-ci ildən 1975-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində fəaliyyət göstərən və fizika-riyaziyyat elmləri namizədi və doktoru alimlik dərəcələrinin müdafiəsi üzrə Elmi Şuranın sədri olmuşdur.

Onun rəhbərliyi ilə 17 nəfər müvəffəqiyyətlə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almış və hazırda ölkəmizin müxtəlif ali məktəblərində, Rusiyanın, Türkiyənin, Orta Asiya respublikalarının və Misir Ərəb Respublikasının universitetlərində öz elmi fəaliyyətlərini davam etdirirlər.

Onun diferensial tənliklər nəzəriyyəsinin müxtəlif sahələrinə həsr olunmuş elmi tədqiqatlarının qiymətli nəticələri SSRİ Elmlər Akademiyasının və Azərbaycan Elmlər Akademiyasının məruzələrində və xəbərlərində, Azərbaycan Dövlət Universitetinin xəbərlərində nəşr edilmişdir.

Professor Qəmbər Namazov 1975-ci ildən ömrünün sonunadək Diferensial və inteqral tənliklər kafedrasının həftədə bir dəfə keçirilən elmi seminarına rəhbərlik etmişdir. Bu illər ərzində o, onlarla gənc riyaziyyatçının elmi məqalələrinə və dissertasiya işlərinə rəy vermiş, otuzdan çox namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur.

Professor Qəmbər Namazov 115-dən çox elmi məqalə və "Riyazi fizika tənlikləri nəzəriyyəsinin tərs məsələləri" (1984), "Cəbr və analizin başlanğıcının bəzi məsələləri" (1987), "Riyazi fizika tənlikləri" (1992) adlı üç kitabın müəllifidir.

Qəmbər Namazov 1999-cu ildə yenidən universitetin Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə seçilmiş və 2007-ci ilə qədər bu vəzifədə işləmişdir.

1969-cu ildən 2012-ci ilədək Bakı Dövlət Universitetinin Elmi Şurasının üzvü olmuş və universitetin ictimai və təşkilati məsələlərinin həllində fəal iştirak etmişdir. Bununla yanaşı, o, 1980-ci illərdə iki dəfə universitet həyatında ən mürəkkəb və çətin işlərdən biri olan tələbə qəbulu üzrə komissiyanın məsul katibi vəzifəsində işləmişdir.

1984-1987-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il Azərbaycandan 400 nəfər gənc SSRİ-nin 143 ali hərbi məktəblərinə göndərilirdi. O zaman həmin kursantların qəbulu üzrə imtahan komissiyasının sədrliyi professor Qəmbər Namazova tapşırılmışdı. O, bu məsuliyyətli və şərəfli işi ləyaqətlə yerinə yetirmişdi.

Qəmbər Namazov 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda və 1967-ci ildə Azərbaycan Ali Soveti yanında hərbi məktəbdə riyaziyyat üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.

Professor Qəmbər Namazov BDU-nun Mexanika-riyaziyyat fakültəsinin tələbələrinə 40 il müddətində adi diferensial tənliklər və riyazi fizika tənlikləri kursları üzrə mühazirələr, adi diferensial tənliklər və riyazi fizika tənlikləri kurslarının ən müasir problemlərinə həsr olunmuş xüsusi mühazirələr oxumuşdur.

 O, uzun illər BDU-da nəşr edilən "Xəbərlər" elmi jurnalının redaksiya heyətinin üzvü olmaqla yanaşı, elmi-tədqiqat işləri ilə paralel olaraq elmi-pedaqoji və tədris-metodiki işlərlə də məşğul olmuş, tələbələr üçün işçi proqramların hazırlanmasında, bir sıra metodiki və tədris-metodiki vəsaitlərin işlənməsində bilavasitə iştirak etmişdir.

Q.Namazov Mexanika-riyaziyyat fakültəsində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə yaxından kömək etmiş, respublika tələbə elmi konfranslarının təşkil edilməsində yaxından iştirak etmişdir.

Onun çoxşaxəli və gərgin əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. Alimin 1999-cu ildə riyaziyyat elminin inkşafındakı və universitet təhsilinin təşkilindəki xidmətləri yüksək qiymətləndirilərək ulu öndər Heydər Əliyevin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilmiş, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elmin və təhsilin inkişafındakı böyük xidmətlərinə görə Prezidentin Fərdi təqaüdünə layiq görülmüşdür.

Mənalı həyatının böyük bir hissəsini ölkəmizdə elmin və təhsilin inkişafına həsr etmiş professor Qəmbər Namazov 2013-cü il dekabrın 4-də Bakı şəhərində vəfat etmiş, öz istəyinə uyğun olaraq Gəncə şəhərində doğmalarının yanında dəfn edilmişdir. Onu tanıyanlar Qəmbər müəllimin əziz xatirəsini həmişə hörmətlə anacaqlar.

Misir MƏRDANOV,

Azərbaycan Milli Elmlər Akademiyasının

müxbir üzvü, professor.