Rəsmi Vaşinqton bu dəfə də türk qardaşlarımızı hədəfə alıb
Siyasət

Rəsmi Vaşinqton bu dəfə də türk qardaşlarımızı hədəfə alıb

ABŞ-ın son dönəmlərdə ikili standartlara əsaslanan siyasət yürütməsi qəbuledilməzdir. Cənubi Qafqaz regionuna tamah salan Ağ Ev Litvada tənha yaşayan Sibir porsuğu kimi rəftar edir. Hansı ki, bu heyvanlar köçəri həyat tərzi keçirir, yemlərinin ardınca uzaq məsafələrə gedə bilirlər. Yaralı, zəifləmiş və ya xəstə heyvanlar onların qurbanı olurlar. Çox vaxt ovçuların qışlaqlarını dağıdır və tələlərdən ovları oğurlayırlar. XVI əsrdə Polşa tarixçisi Metvey Mexovski Sibir porsuğunu belə təsvir edir: "Litva ətrafında hələ də olduqca acgöz və xeyrverməz bir heyvan vardır. Qütb porsuğu adı ilə tanınan bu canlıya digər yerlərdə rast gəlinmir. Həcmcə itə, sifətdən pişiyə, bədəndən və quyruqdan tülküyə bənzəyən qara canlıdır. Əsasən cəsədlərlə qidalanır".

ABŞ da yüzlərlə kilometr uzaqdakı Ermənistanda özünə yer edib. Lakin özünə maraqlı gələn məsələlərdə Qərb qonşumuzdan istədiyi nəticəni ala biməyən Ağ Ev indi də başqa yollara əl atır. Belə ki, Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi təmsilçisi Ömər Çelik bildirib ki, ABŞ rəsmi Ankaradan Qarabağ məsələsində Azərbaycana dəstəyin dayandırılmasını tələb edib: "Azərbaycan Qarabağı işğaldan azad edərkən, Ağ Evdən rəsmi Ankaranı şantaj edirdilər ki, Azərbaycana verilən dəstək "F-16" və "F35" döyüş təyyarələrinin Türkiyəyə göndərilməsi qarşısında əngələ çevrilə bilər. Türkiyə belə şantaj cəhdlərinə təslim olmadı və olmayacaq".

Buradan o nəticəyə gəlmək olar ki, yəqin ABŞ Türkiyəyə zəng edən zaman oxuyacağı ssenarini qarışdırıb və səhvən komediya filmini təqdim edib. Bu iddialar, ümumiyyətlə, Ağ Evin rəsmi Ankaranı təhdid etməsi absurddur. İlk növbədə, Türkiyə istər 44 günlük müharibədə, istərsə də ondan sonrakı dövrdə daim Azərbaycanın yanında dayansa da, bu, yalnız mənəvi və siyasi dəstəkdə özünü göstərib. Əlbəttə, Türkiyənin pilotsuz uçuş aparatları ordu sıralarımızda yer alıb. Lakin məsələ burasındadır ki, təkcə qardaş ölkənin deyil, bir çox dövlətlərin hərbi vasitələri bizdə mövcuddur. Respublikamız öz vəsaiti hesabına silah alıb və onu da haqq işimiz naminə istifadə edib. Bu da olduqca sadə məntiqə əsaslanan məsələdir. Qəliz riyaziyyat tənliyi deyil.

Bundan başqa, Türkiyə bu gün öz resursları ilə istər silah-sursat, istərsə də yerli avtomobil kimi böyük layihələri rahatlıqla həyata keçirir. Son illər qardaş ölkənin hərb sənayesinin, xüsusən də qırıcı təyyarə istehsallı sahəsindəki uğuru da Türkiyənin bu sektordakı gücünün bariz göstəricisidir.

Ümumiyyətlə, Ağ Ev elə zənn edir ki, Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr nazik ip üstündədir və nəticədə rəsmi Ankara pula şirnikləşib, ABŞ-ın bütün təhdidlərinə boyun əyəcək. Lakin ABŞ bir az da olsun tarixin tozlu səhifələrini vərəqləsəydi, o zaman görərdi ki, biz bir millət, iki dövlət ideologiyasının canlı nümunəsiyik. İstər Azərbaycan, istərsə də Türkiyə bir-birilərinə sadiq iki qardaşdır. Elə məhz Türkiyə lüğətinə məxsus "arkadaş" sözü də burada nümunə göstərilə bilər. Müharibədə olan bir əsgər qorunmaq üçün daşa söykənir. Arxasını çevirsə də, həmin daş ona əsla xəyanət etməz, qoruyar və arxadan bıçaqlamaz. Bu söz ilk vaxtlar "arkataş" olsa da, zamanla dilə uyğunlaşaraq "arkadaş" kimi qeydə alınıb. İki ölkə də bir-birinə daim arxa, dayaq olub, dəstəyini əsirgəməyib. Nəticə etibarilə rəsmi Vaşinqtonun bu planı da suya düşdü. ABŞ nə Azərbaycan, nə də Türkiyə ilə təzyiq dilində danışa bilməyəcəyini şübhəsiz ki, çox yaxşı anladı. Elə buna görə də rəsmi Vaşinqton geri addım ataraq Prezident İlham Əliyevə zəng edib. ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyana da zəng edərək, ölkəsinin Bakı-İrəvan sülh tənzimləməsinə önəm verməsindən, danışıqları dəstəkləməsindən söz açıb. Buradan da ABŞ-ın bütün düymələrə eyni anda basmasının və riyakar siyasətinin şahidi oluruq. Heç bir dövlət unutmamalıdır ki, Azərbaycan İkinci Qarabağ müharibəsində öz gücü hesabına torpaqlarını azad edib. Belə riyakar siyasətə ölkəmiz bu günə qədər əsla aldanmayıb və ümid bağlamayıb. Bundan sonra da Azərbaycan bu kimi addımların Cənubi Qafqazda xaos yaratmasına imkan verməyəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".