Regionda sülhün təməli qoyulur
Siyasət

Regionda sülhün təməli qoyulur

Ermənistan parlamentinin spikeri Alen Simonyan bir neçə günə İrəvanla Bakı arasında sülh sazişinin imzalana biləcəyini deyib. O bildirib ki, ölkəsi konstruktiv görüşlərdən imtina etmir və altıncı təkliflər paketini Azərbaycana göndərib. "Bəli, biz sülhə doğru irəliləyirik, başqa cür ola bilməz. Münaqişədəyik və bunun həlli mümkün deyil fikri mənim üçün qəbuledilməzdir. Tarixdə konfliktlərin həlli ilə bağlı xeyli misallar var. Məsələn, İngiltərə və Fransa 116 il müharibə aparıb. Bu gün isə onlar ən yaxın müttəfiqdirlər". Simonyan onu da vurğulayıb ki, belə bir nəticə bu gün və ya sabah olmaya bilər, amma əvvəl-axır bütün problemlər həll edilməlidir.

İrəvan rəsmisi Azərbaycanın altıncı təkliflər paketində heç nəyi dəyişməyəcəyi və yeni versiyalar irəli sürməyəcəyi təqdirdə sülhün reallaşacağının altından xətt çəkib. Bu vurğu ona işarə edir ki, müqavilə mətnində rəsmi Bakının maraqlarına uyğun olmayan məqamlar var və ya bəzi vacib məsələlər gündəliyə daxil edilməyib. Prezident İlham Əliyev bildirib ki, əgər İrəvan Qarabağ ermənilərinin məsələlərini saziş layihəsinə daxil etmək istəyirsə, bu, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların geri qayıtmaq və yaşamaq hüququna da şamil edilməlidir. Simonyan isə bu məqama işarə edərək deyib ki, Azərbaycan sülh müqaviləsinin bağlanmasını çətinləşdirə biləcək bəzi məsələləri gündəliyə daxil etməyə çalışır. Halbuki, sazişin mətni Azərbaycan tərəfindən göndərilən beş baza prinsipi əsasında formalaşdırılmalı və digər bəndlər ölkəmizin maraqlarına zidd olmamalıdır. Əgər Ermənistan müqavilə üzərində müəyyən siyasi dairələrin sifarişi nəticəsində korrektələr etmək istəyirsə, qısa zamanda müqavilənin bağlanması real görünmür. Onu da nəzərə almaq lazımdır ki, hazırda İrəvan ciddi şəkildə silahlanır. İran, Fransa və Hindistandan gələn silah-sursatın yeni partiyası qəbul edilib. Bu hərbi texnikalar hücum xarakterli olduğundan Ermənistanın gələcəkdə ölkəmizə qarşı təxribatlara əl atması da istisna edilmir. Bu ehtimallar gündəmdə olarkən bir neçə gün ərzində sülh prosesinin yekunlaşması real görünmür.

Bununla belə, vurğulamaq lazımdır ki, Azərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan və Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə birgə bəyanat imzalayıb. Əsirlərin dəyişdirilməsini ehtiva edən sənəd heç bir vasitəçi və ya üçüncü tərəf olmadan razılaşdırılıb. Anlaşmaya əsasən, humanizm dəyərlərini rəhbər tutaraq Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan tərəfi isə öz növbəsində 2 azərbaycanlı hərbçini geri qaytarır. Bəyanatda, həmçinin deyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədliyini geri götürür və Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Sənəddə o da vurğulanıb ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. Bunlar ona işarə edir ki, sülh prosesi bir neçə gün ərzində tamamlanmasa belə, yekun sazişin əldə olunması perspektivi heç də uzaqda deyil.

Jalə QASIMZADƏ,

"Respublika".