Qoşulmama Hərəkatı qlobal problemlərin həllinə və dövrün çağırışlarına mühüm töhfələr verir
Siyasət

Qoşulmama Hərəkatı qlobal problemlərin həllinə və dövrün çağırışlarına mühüm töhfələr verir

Azərbaycan Respublikasının 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin və qarşılıqlı əlaqələrin tənzimlənməsində mühüm rolu olan platformadır. Qoşulmama Hərəkatı 120 dövlətin bir araya gəldiyi və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi qurumdur. Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə xidmət etmək olan Hərəkat qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir. 60 il əvvəl bu forumu yaradan Qoşulmama Hərəkatının təsisçilərinin məqsədi Bandunq prinsiplərinə tam uyğun olaraq, bütün xalqların dinc yaşamasını və davamlı inkişafını təmin etmək olmuşdur. Onların uzaqgörənliyi və məqsədyönlülüyü beynəlxalq ictimaiyyətin həmfikir üzvlərinin birləşməsinə və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük beynəlxalq təsisatın yaranmasına imkan vermişdir.

25 oktyabr 2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə Toplantısında Venesuela prezidenti Nikolas Maduronun rəsmi bəyanatından sonra Hərəkata sədrlik 3 il müddətinə Azərbaycana həvalə edildi və öz səmərəliliyi ilə yadda qalacaq olan dövr başlandı. Qeyd edək ki, bundan öncə Kuba, Uganda və İran da quruma sədrlik etmişdir.

Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın çoxsaylı təşəbbüslərindən biri də Hərəkata üzv dövlətlərin Parlamentlər Şəbəkəsinin yaradılması olmuşdur. Prezident İlham Əliyev bu təşəbbüslə Beynəlxalq Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış etmişdir. Dövlətimizin başçısı bütün üzv dövlətlər tərəfindən dəstəklənən bu təşəbbüsü Azərbaycan dövləti tərəfindən reallaşdırdı. Beynəlxalq təşkilatların istisnasız olaraq təqdir etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransı parlament diplomatiyası üçün yeni bir addım idi. 

2022-ci il iyulun 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrdən olan gənclərin Sammitinin öz işinə başlaması dövlətimizin gənclər siyasətindən irəli gələn ənənəsinin beynəlxalq məkandakı təzahürü idi. Sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edərək QH Modeli Simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak etdilər. Eyni zamanda, onlar müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələrə qatıldılar.

Ayrı-seçkilik, irqçilik, ksenofobiya, beynəlxalq hüquqa etinasızlıqla müşayiət olunan siyasi gərginlik və böhranların artması, hələ də davam edən COVID-19 pandemiyası və onun sosial-iqtisadi mühitə mənfi təsirləri, iqlim dəyişikliyi dünyanın beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda olmasını zəruri edir. 2019-cu il 25-26 oktyabr tarixlərində Bakıda keçirilmiş Zirvə toplantısında Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri ilə qarşılıqlı fəaliyyəti və bu istiqamətdə əməkdaşlığı genişləndirmək barədə qərarın qəbul edilməsi Azərbaycanın bu ciddi prinsiplərə əsaslanan fəaliyyətindən xəbər verirdi.

XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və etimadın bariz sübutudur. Buna əsas kimi, sədrlik müddətinin daha 1 il uzadılmasını göstərmək olar.

Dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın siyasi xəttinə verdiyi töhfə qarşılıqlı etimadın təzahürüdür. Belə ki, ölkəmizin Hərəkata üzv olduğu müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsi barədə beynəlxalq ictimaiyyətdə məlumatlılıq daha da artdı. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinə davamlı olaraq dəstək əks olundu. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından iştirakına və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münbit şərait yaradır.

Hazırda dünya postpandemiya dövründədir. Bu mərhələdə də ölkəmizin uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatı öz aparıcı rolunu qoruyur. 2021-ci ildə QH-nin yaradılmasının 60-cı ildönümünə həsr edilən Belqrad tədbirində Prezident İlham Əliyev postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə QH ölkələrinin yüksək səviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdir. Buna uyğun olaraq, ölkəmizdə QH-nin postpandemiyaya həsr olunmuş sammit səviyyəli görüşü keçiriləcək. Tədbirdə bir sıra QH ölkələrinin, müşahidəçi dövlətlərin və qonaq qismində dəvət edilən ölkələrin dövlət və hökumət başçılarının, digər rəsmilərinin, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı nəzərdə tutulur. Tədbirin əsas məqsədi postpandemiya dövründə aktual olan vacib məsələlərin müzakirə edilməsi, Şərq-Qərb ziddiyyətlərinin artması, "soyuq müharibə" mentalitetinin hökm sürdüyü yeni dünya düzənində QH ölkələrinin yerinin müəyyənləşdirilməsi əsas müzakirə mövzuları olacaq. Göründüyü kimi, mövzu təkcə pandemiya yox, daha çox pandemiyadan sonrakı məsələlərdir. Hazırda yeni dünya düzəni formalaşır. Bu kontekstdə, beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşkilatların Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşü zamanı müzakirələr həlledici rol oynaya bilər.

Nurlan ABDALOV,

"Respublika".