“Qida təhlükəsizliyi sahəsində həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə həyata keçirilən müvəqqəti tədbirlərin tətbiqi qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Hüquqi aktlar

“Qida təhlükəsizliyi sahəsində həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə həyata keçirilən müvəqqəti tədbirlərin tətbiqi qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Qida təhlükəsizliyi sahəsində həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə həyata keçirilən müvəqqəti tədbirlərin tətbiqi qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 5 may 2023-cü il

№ 149

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 may

tarixli 149 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

Qida təhlükəsizliyi sahəsində həyat və sağlamlığın qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə həyata keçirilən

müvəqqəti tədbirlərin tətbiqi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır, insan və heyvanın həyat və sağlamlığının (bundan sonra – həyat və sağlamlıq) qorunması məqsədilə risklərin idarə edilməsi üzrə qeyri-müəyyən subyektlər dairəsinə münasibətdə müvəqqəti tədbirlərin (bundan sonra - müvəqqəti tədbirlər) tətbiqi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Müvəqqəti tədbirlər həyat və sağlamlığa ehtimal olunan təhlükənin qarşısının alınması üçün ölkədə mövcud tədbirlərin yetərli olmadığı və sanitar mühafizənin zəruri səviyyəsinin təmin edilməsinin mümkün olmadığı hallarda daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün əlavə elmi məlumatların əldə edilməsinədək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tətbiq edilən və müvəqqəti xarakter daşıyan qabaqlayıcı tədbirlərdir.

1.3. Müvəqqəti tədbirlərin tətbiqinə əsas olmuş elmi qeyri-müəyyənliyin vaxtında aradan qaldırılması məqsədilə əlavə elmi məlumatların əldə edilməsi və bu məlumatlar əsasında risk qiymətləndirilməsinin aparılması Qanunun 6-cı maddəsinə uyğun olaraq həyata keçirilən risklərin təhlili çərçivəsində təmin edilir.

1.4. Müvəqqəti tədbirlər risklərin səviyyəsinə mütənasib olmalı, həyat və sağlamlığın qorunması məqsədilə zəruri olduğundan daha artıq həcmdə ticarət fəaliyyətini məhdudlaşdırmamalıdır. Həmin tədbirlərin tətbiqi nəzərdən keçirilərkən həyat və sağlamlığın iqtisadi maraqlardan üstün olması nəzərə alınmalı, texniki, iqtisadi imkanlar və amillər, habelə zəruri olan digər aidiyyəti hallar təhlil edilməlidir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. qeyri-müəyyən subyektlər dairəsi - qida zəncirində həyat və sağlamlığa ehtimal olunan təhlükəni yaradan sahədə fəaliyyətini həyata keçirən qida zənciri subyektlərinin dairəsi;

2.1.2. qida təhlükəsizliyi sahəsində əlavə tələblər - qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

3. Müvəqqəti tədbirlərin əsas prinsipləri

3.1. Müvəqqəti tədbirlər aşağıdakı prinsiplər əsasında tətbiq edilir:

3.1.1. müvəqqəti tədbirlərin həyat və sağlamlığa mənfi təsirin başvermə ehtimalına və intensivliyinə mütənasibliyi;

3.1.2. şəffaflıq və açıqlıq;

3.1.3. operativlik;

3.1.4. ayrı-seçkiliyin yolverilməzliyi və qərəzsizlik;

3.1.5. nəticəyönümlülük.

4. Müvəqqəti tədbirlərin tətbiqi

4.1. Müvəqqəti tədbirlərin tətbiqi aşağıdakı mərhələlərdən ibarətdir:

4.1.1. qida və yem məhsullarının həyat və sağlamlığa mənfi təsiri ilə bağlı dövlət nəzarəti və tənzimlənməsi zamanı məlumat əldə olunduqda, o cümlədən beynəlxalq təşkilatlardan, xarici dövlətlərdən, hüquqi və fiziki şəxslərdən, dövlət orqanlarından (qurumlarından) və yerli özünüidarəetmə orqanlarından rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada və ya media subyektləri tərəfindən məlumatlar dərc edildikdə və ya yayıldıqda bununla bağlı mövcud məlumatların təhlili;

4.1.2. Agentlik tərəfindən müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarın qəbul edilməsi;

4.1.3. müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarın icrasının təmin edilməsi;

4.1.4. müvəqqəti tədbirlərin tətbiqi və nəticəsi barədə bu Qaydanın 4.4-cü bəndinə uyğun olaraq məlumatın verilməsi.

4.2. Agentlik tərəfindən tətbiq edilən müvəqqəti tədbirlər aşağıdakılardır:

4.2.1. qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi fəaliyyətinin məhdudlaşdırılması və ya qadağan olunması;

4.2.2. qida təhlükəsizliyi sahəsində əlavə tələblərin müəyyən edilməsi;

4.2.3. qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi.

4.3. Müvəqqəti tədbirlərin tətbiq edilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:

4.3.1. həyat və sağlamlığa təhlükə ehtimalı;

4.3.2. mövcud təhlükə ilə bağlı risk qiymətləndirilməsinin nəticələri;

4.3.3. elmi sübutların qeyri-müəyyənliyi;

4.3.4. iqtisadi tənzimləməyə təsiri;

4.3.5. mövcud sanitar mühafizə tədbirlərinin təhlükədən qorunmasının təmin edilməsi səviyyəsi;

4.3.6. müvəqqəti tədbirlərlə yanaşı, təhlükənin qarşısının alınması üçün mövcud olan dövlət nəzarəti tədbirləri;

4.3.7. tətbiq olunacaq müvəqqəti tədbirlərin mövcud təhlükəyə mütənasibliyi;

4.3.8. analoji təhlükə ilə bağlı daha əvvəl tətbiq edilmiş tədbirlər;

4.3.9. son elmi məlumatlar;

4.3.10. müvəqqəti tədbirlərin tətbiq edilməməsi hallarının mümkün nəticələri.

4.4. Müvəqqəti tədbirlər Qanuna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Agentlik tərəfindən qəbul edilən qərar əsasında tətbiq edilir. Bu qərar Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir, həmçinin bu barədə aidiyyəti dövlət qurumlarına və media subyektlərinə məlumat verilir.

4.5. Həyat və sağlamlığa müəyyən olunmuş riskin xarakterindən, habelə elmi qeyri-müəyyənliyin aradan qaldırılması və daha ətraflı risk qiymətləndirilməsinin aparılması üçün zəruri olan elmi məlumatların növündən asılı olaraq müvəqqəti tədbirlər Agentliyin qərarı ilə 6 (altı) aydan çox olmayan müddətə tətbiq edilir. Tətbiq edilən tədbirlər ağlabatan müddət ərzində, lakin hər bir halda 6 (altı) ay müddətindən gec olmayaraq yenidən nəzərdən keçirilməlidir. Mövcud təhlükə ilə bağlı risk qiymətləndirilməsinin nəticələrini və elmi qeyri-müəyyənliyin davam etməsini nəzərə alaraq, müvəqqəti tədbirlərin qüvvədəolma müddəti Agentliyin əsaslandırılmış qərarı ilə 2 (iki) dəfədən və hər dəfə 4 (dörd) aydan çox olmamaqla uzadıla bilər.