Qərbin havasına oynayan
Siyasət

Qərbin havasına oynayan "Freedom House"

Bundan öncə baş verən hadisələri nəzərdən keçirsək, bir sıra beynəlxalq təşkilatların Qərbin təsiri altında ölkələrarası inkişafa təkan vermək əvəzinə, ictimai-siyasi proseslər üzərindən manipulyativ mühit formalaşdırmaq istədiyini aydın şəkildə görmək mümkündür.

Həmin qurumlar bununla təhlükəli və məkrli niyyətlərə xidmət edən dövlətçilik prinsiplərini, sarsılmaz həlqənin zəncirlərini zəiflətmək məqsədi güdürlər. Respublikamızın iqtisadi yüksəlişinə və həyat səviyyəsi ilə bağlı müxtəlif beynəlxalq reytinqlərdə irəliləməsinə rəğmən bəzi fitnəkar təşkilatların Azərbaycanda fikir və söz, vicdan azadlığının pozulması kimi köhnə demarşları bu "humanist" təşəbbüslərin bəzi gizli mətləblərdən qaynaqlandığını bir daha göstərir. Belə faktlar, həmin qurumların birmənalı şəkildə hansısa tendensiyalı niyyətləri təqib etdiyini söyləməyə kifayət qədər əsas verir. Ölkəmizin ən böyük nailiyyəti olan xalq-hakimiyyət birliyinə ləkə yaxa bilməyən beynəlxalq güclər zamanla bir qayda olaraq yaratmış olduqları müxtəlif qeyri-hökumət təşkilatları vasitəsilə Azərbaycana təsir etməyə, onun nüfuzuna xələl gətirməyə çalışırlar.

Əvvəllər də Azərbaycana qarşı qərəzli hesabatları ilə gündəmə gələn "Freedom House" xain siyasətini davam etdirir. "Freedom House" "2024-cü ildə dünyada azadlıq" adlı hesabat dərc edib. Qurumun hesabatında Qarabağdan könüllü çıxan erməni sakinlərə qarşı "etnik təmizləmə" aparıldığı iddia edilib. Azərbaycan tərəfi dəfələrlə məsələ ilə bağlı öz mövqeyini bildirib və bəyan edib ki, Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarıdır. Həmin qərarın məcburi yerdəyişmə ilə heç bir əlaqəsi yoxdur. Onlar ərazini könüllü şəkildə tərk etmədən öncə dövlətimiz Qarabağdakı ermənilərə hər cür humanitar yardım, zəruri mallar, dərmanlar çatdırır, yanğınsöndürən maşınlar göndərirdi. Əksinə, işğal dövründən fərqli olaraq 44 günlük müharibədən sonra onlar ağ günə çıxmışdı. Bununla yanaşı, ölkəmizə qarşı bir sıra təhdidlər də hesabatda yer alıb. Sözügedən sənədin bölməsindən biri "mübahisəli ərazilərə hücumlar qlobal avtoritar aqressiyanı gücləndirir" adlanır ki, burada da təşkilat Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağı "mübahisəli ərazi" kimi qələmə verib. Halbuki sözügedən ərazilərin beynəlxalq qanunvericiliyin hüquq və prinsiplərinə uyğun olaraq Azərbaycana məxsus olduğu məlum məsələdir. Görünür, indi Qərbin planına müvafiq hərəkət edən təşkilat da bu reallığı qəbul etmək istəmir. Yeri gəlmişkən, Qarabağın Azərbaycana məxsus olması Ermənistan hakimiyyətinin səsləndirdiyi bəyanatlarda da aydın nəzərə çarpır. Həm Qərbin, həm də ermənipərəst dairələrin maraqlarına xidmət göstərən bu qeyri-ciddi QHT-nin son hesabatı təşkilatın ölkəmizə qarşı yalan və böhtan kampaniyası aparmaqla bir daha əsl simasını aşkara çıxarır. Yada salaq ki, Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirən təşkilatın 2023-cü ildə yayımladığı hesabatı da müzakirələrə səbəb olmuşdu. Qurum həmin qondarma hesabatında baş verən bütün qanunsuzluqları ört-basdır etməyə çalışmışdı. Düşmən tərəfinin 30 ilə yaxın davam etmiş işğal faktı ilə bağlı bir dəfə də olsun bir kəlmə yazmayan, torpağından didərgin salınmış 1 milyona yaxın azərbaycanlının hüquqlarını qorumağı "unudan" "Freedom House" Qarabağda insanların guya "blokada" şəraitində qaldığını iddia etmişdi. Mövcud vəziyyətdə isə beynəlxalq qurumların əksəriyyəti belə bir halın olmadığını bildirmişdilər. Təşkilatın qərəzli hesabatında yer alan "demokratik ölkələrin təcili yardıma ehtiyacı var" ifadəsi məhz Fransa, eləcə də bütövlükdə Qərbin tezisləri əsasında hazırlanmışdı.

Bu gün Qərbin çaldığı havaya oynayan, Ermənistanın "müdafiəçisinə" çevrilən "Freedom House" ölkələrə bu qədər həssas yanaşırsa, niyə uzun illər Azərbaycanın başına gətirilən müsibətlərə susub? Nə üçün təşkilatın heç bir hesabatında erməni təxribatları nəticəsində Azərbaycan hərbçilərinin öldürülməsi, yüzlərlə mülki əhalinin mina qurbanı olması haqda bir kəlmə də yoxdur. Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində xeyli sayda Ermənistanda istehsal olunmuş mina aşkarlanıb. Onların törətdiyi təhlükələr isə hələ də davam etməkdədir. Bütün bunları gözardı edən "Freedom House" niyə İrəvanın davamlı sülhün yaranmasına əngəl törətdiyini qondarma hesabatına salmır?

Görünür, Ermənistanın belə öz məğlubiyyətini etiraf etdiyi zamanda, Qərb bu reallıqla barışmaq istəmir. Bu gün Qərbin tapşırıqlarını yerinə yetirən qurum heç də beynəlxalq statuslu insan haqlarını müdafiə edən qurum kimi fəaliyyət göstərmir. Əksinə, "Freedom House" separatizmə dəstək verməklə bir növ "satın alındığını" təsdiqləyir. Sadalanan məqamlar dövlətimizə qarşı təzyiq və "qara piar" kampaniyasının subyektlərini, səbəblərini və nəticələrini ortaya qoyur. Əsas məqsəd sülh, sabitlik, əməkdaşlıq və inkişaf meyarlarını özündə cəmləşdirən xarici siyasət kursuna malik, regionda yürütdüyü müstəqil siyasəti ilə nüfuz qazanan Azərbaycanı öz yolundan çəkindirməyə nail olmaqdır. Amma bu gün ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdən təşkilatlar bir şeyi unudur ki, bu kağız parçalarının heç bir əhəmiyyəti yoxdur. Heç bir qüvvə Azərbaycanı öz haqq yolundan və mövqeyindən əsla döndərə bilməz.

Nəzrin ELDARQIZI,

"Respublika".