Qərbdən asılılıq artır
Siyasət

Qərbdən asılılıq artır

Məlum olduğu kimi, aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Paşinyan arasında görüş baş tutub.

Hər nə qədər tərəflər görüşün əsl məqsədini ört-basdır etməyə çalışsalar da, onun Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə hesablandığı hər kəsə məlumdur. Bəzi şərhçilərin fikrincə, 5 aprel görüşü dünya ictimaiyyətinin diqqət mərkəzində olmalı idi. Amma bu, heç də gözlənildiyi kimi olmadı. Nikol Paşinyan hakimiyyətinin Brüsseldən əldə etdiyi yeganə qazanc müəyyən məbləğdə maliyyə yardımlarıdır. Görüş çərçivəsində Avropa İttifaqı Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq. Bu pulların ayrılması da əbəs yerə deyil. Şübhəsiz, Qərb bunun qarşılığında Ermənistanın qarşısına bir sıra tələblər qoyacaq. Bu isə hazırda Qərbin ən böyük rəqibi olan Rusiyaya qarşı yönəlmiş addımlarda özünü büruzə verəcək. Ehtimallar arasında Metsamor Atom Elektrik Stansiyasının bağlanması, 102-ci hərbi bazanın İrəvandan çıxarılması, KTMT-ni tərk etmə və digər məsələlər də var.

Diqqətçəkən daha bir məqam isə görüşün heç bir üçüncü ölkəyə qarşı çevrilmədiyinin, Ermənistanın beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılmasına yönəldiyinin iddia olunmasıdır. Amma bütün addımların Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa yönəldiyi açıq şəkildə bəlli olur. Rusiyaya gəldikdə isə şübhəsiz, Moskva bu məsələyə göz yummayacaq. ABŞ və Avropa İttifaqının bu gün rəsmi İrəvanla əməkdaşlığını genişləndirməsində regionda ikinci Qərb-Rusiya qarşıdurması yaratmaq niyyəti də özünü göstərir. Şübhəsiz, bu, Rusiya ilə yanaşı, Azərbaycanın da maraqlarına ziddir. Ermənistan isə regionda Rusiya-Qərb qarşıdurmasında yeni cəbhə açır. Şimal qonşumuz da bu görüşə səssiz qalmayıb. Moskva aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan formatında Brüsseldə keçirilən görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün "kollektiv Qərb"in növbəti cəhdi kimi qiymətləndirib. Bildirilib ki, kənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və destruktiv şəkildə müdaxiləsi, region ölkələri və onların qonşuları arasında nifaq salmaq istəyi bölgədə sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün olduqca mənfi nəticələrə, haçalanmış fikirlərin yaranmasına, həmçinin gərginliyin artmasına səbəb ola bilər.

Yada salaq ki, hələ Brüssel görüşündən öncə aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmiş və danışıqlar zamanı sözügedən görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı olduğunu diqqətə çatdırmışdı. Dövlətimizin başçısı bildirmişdi ki, onda olan məlumatlara görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Prezident İlham Əliyev, eyni zamanda anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulamışdı. Antoni Blinken isə 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını diqqətə çatdırmışdı. Amma bu gün ABŞ və Aİ-nin Ermənistanın təhlükəsizliyinə təminat verməklə, onu silahlandırmaqla öz planlarının icrasına çalışdığı hər kəsə aydındır. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gündəmdə olduğu bir zamanda bu cür görüşün keçirilməsi Qərbin növbəti manipulyasiya cəhdi kimi də qiymətləndirilməlidir. Çünki Nikol Paşinyan hələ də konstitusion qaydada Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməyib. Bununla yanaşı, sərhədlərin delimitasiya və demarkasiyası barədə hər hansı bir irəliləyiş əldə olunmayıb.

Aİ və ABŞ-ın Ermənistanı gərginliyə şirnikləndirməsi rəsmi İrəvanın destruktiv mövqeyini davam etdirməsinə, cəbhə xətti boyunca atəşkəsi pozmasına, yekunda sülh prosesinə də əngəl törədir. Hətta artıq bu istiqamətdə müəyyən addımların atıldığını da söyləyə bilərik. Belə ki, Brüssel görüşü ilə eyni gündə Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələri bölmələrinin Tovuzqala rayonunun, Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutması. Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqazda sabitliyə təhlükə yaratmaq istədiyini söyləməyə əsas verir.

Nəzrin ELDARQIZI,

"Respublika".