Qərb istəyinə nail ola bilməyəcək
Siyasət

Qərb istəyinə nail ola bilməyəcək

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. İkili standartlar siyasətindən çıxış edən Avropa Parlamenti bu riyakar mövqeyini bir daha nümayiş etdirir. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra bu qələbəni həzm etməyən qüvvələrin təhdidləri və haqsız münasibətləri ilə üzləşirik. Avropa Parlamenti ümumilikdə Bakı ilə Brüssel arasında olan münasibətlərə kölgə salır. Çünki Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində strateji münasibətlər mövcuddur, mühüm tərəfdaşlıq əlaqələri var. Buna baxmayaraq, Avropa Parlamenti ölkəmizə qarşı qətnamə qəbul edərək sanksiyalara çağırış edir. Bu yöndə çıxış edən siyasətçilər anlamırlar ki, enerji sahəsində kifayət qədər Avropanın ölkəmizdən asılılığı var.

Digər tərəfdən erməni lobbisinin sifarişlərini yerinə yetirən, korrupsiyaya bulaşmış deputatlar öz mövqelərindən əl çəkmək istəmirlər. Xüsusilə vurğulamaq lazımdır ki, ölkəmizə qarşı qərəzli münasibətin təşviq olunmasında, çirkli yollarla varlanan və brilyant inhisarçısına çevrilən Kaspar Karapetyan kimi şəxslər anti-Azərbaycan kampaniyasının başında dayanırlar. Hər kəsə məlumdur ki, Avropa Parlamentində də türkofob, islamofob qüvvələr kifayət qədərdir və bu neokolonial təfəkkürü ilə ölkəmizə qarşı səlib yürüşünə çıxıblar. Düşünürəm ki, bu qətnamənin də, bu çağırışların da heç bir faydası olmayacaq. Azərbaycan bütün törədilən maneələrə baxmayaraq, iqtisadi, siyasi, sosial, enerji, nəqliyyat nöqteyi-nəzərdən qarşısına qoyduğu hədəflərə çatacaq.                                                     

İlyas HÜSEYNOV,

politoloq.