Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisi istiqamətində böyük işlər görülüb
Gündəm

Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisi istiqamətində böyük işlər görülüb

Azad edilmiş rayonların əksəriyyətində elektrik enerjisinin yüksək keyfiyyətli təminatı məqsədilə böyük işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda su elektrik stansiyaları istifadəyə verildi. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq. Doğma diyar Laçında isə ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat/saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

“Respublika”ya açıqlamasında deputat Arzu Nağıyevin sözlərinə görə, məlumdur ki, 44 günlük müharibədən sonra Böyük Qayıdış planı əsas məqamlardan biridir və buna uyğun olaraq dövlət proqramları hazırlanıb cənab Prezident tərəfindən təsdiq olunub: “Bu proqrama uyğun olaraq, işğaldan azad olunmuş rayonlarımıza vətəndaşlarımızın köçürülməsi çox mühüm bir məsələdir. Təbii ki, köçürülmək üçün bütün infrastrukturlar da bərpa olunmalıdır. Yəni iş yerlərinin açılması, eyni zamanda müvafiq kommunal məsələlərlə təminat, qaz, işıq, su problemlərinin həlli qarşıya qoyulan əsas məqamdır. Buna görə də istər Laçında, Kəlbəcərdə yolların çəkilməsi, infrastrukturların qurulması, ən mühüm məsələlərdən də biri elektrik stansiyalarının tikilməsidir. Çünki elektrik stansiyası tikildikdən sonra bundan istifadə edilən elektrikin hesabına bütün infrastrukturlar öz işini bərpa edir və vətəndaşlarımızın rifahı üçün mühüm bir addımlar atılır. Bu işdə düşünürəm ki, istər Azərişıq, istər Azərenerji-nin əziyyəti, zəhməti danılmazdır. Elə bir dağ şəraitində, relyefi çətin olan ərazilərdə bu qurğuların ərsəyə gətirilməsi, eyni zamanda vətəndaşlarımıza verilməsi ancaq peşəkarlar tərəfindən həyata keçirilə bilər və bu istiqamətdə çox ciddi addımlar atılır”.

Millət vəkili həmçinin qeyd edir ki, Kəlbəcərdə kiçik su elektrik stansiyasının tikintisinin başlanması, eyni zamanda Laçında elektrik stansiyasının tikintisinin başlanması çox böyük əhəmiyyət kəsb edir: “Təbii ki, Şərqi Zəngəzurda bu addımların atılması həm enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasıdır. Bu gün Azərbaycan özünü tam şəkildə elektrik enerjisi ilə təmin edən bir dövlətdir və ərazinin təbii relyefi, şəraiti imkan verir ki, bundan istifadə edilsin. Bir daha qeyd etmək istəyirəm ki, bunun son məqamı da ərazimizin suverenliyi, müstəqilliyimizin tam şəkildə bərpası, eyni zamanda, Azərbaycan xalqının rifahı ilə bağlıdır. Gələcəkdə həmin ərazilərin təbiətini, relyefini nəzərə alaraq turizm sektorunun inkişafında da məhz elektrikin mütləq şəkildə rolu böyükdür. Buna görə də düşünürəm ki, çox mühüm məsələdir və əhəmiyyəti də ondan ibarətdir ki, həmin ərazilər elektrik cərəyanı ilə tam şəkildə təmin edilir. Bundan başqa, orada fəaliyyət göstərən hərbi qurumların daimi fəaliyyətinin təmin olunması üçün də bu, çox mühüm məsələdir. Çünki böyük qayıdışı təmin etmək üçün onların təhlükəsizliyi təmin olunmalıdır və bu işdə infrastrukturlar, elektrik enerjisinin verilməsi də çox mühüm əhəmiyyət kəsb edir. Böyük quruculuq işləri görülür və bu, bir daha Azərbaycanın həm döyüş meydanında özünü göstərdiyi kimi, eyni zamanda dinc quruculuq işlərinin həyata keçirilməsində necə peşəkarcasına üzərinə düşən bütün funksiyalarını yerinə yetirməsindən xəbər verir”.

Röya RÜSTƏMLİ,

“Respublika”.