Qarabağ ərazisindən Ermənistana keçənlər qaçqın deyil
Digər xəbərlər

Qarabağ ərazisindən Ermənistana keçənlər qaçqın deyil

Sentyabrın 21-də Yevlaxda, 25-də Xocalıda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüşlər keçirilib. Bundan sonra növbəti dəfə sentyabrın 29-da Yevlax şəhərində görüş baş tutub. Onlara reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verilib, humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu istiqamətdə Azərbaycanın təqdim etdiyi plan əhatəli şəkildə müzakirə olunub. Erməni əhalisinin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida kimi ehtiyacların qarşılanması yüksək qiymətləndirilib.

Qarabağda sülhün və sabitliyin qorunması, xarici qüvvələrin təsirinin aradan qaldırılması və danışıqlar prosesinin sürətləndirilməsi istiqamətində Azərbaycan tərəfindən əhəmiyyətli addımlar atılır. Xankəndidəki separatçı xuntanın ağ bayraq qaldırmasından sonra könüllü olaraq erməni əhalisinin Ermənistana getməsi xain xislətdə olanlar üçün yeni antitəbliğat aparma bəhanəsi olub. Avropa Şurasının Nazirlər Komitəsinin sədri Kristianis Karinşin bildirib ki, Qarabağı tərk etmiş etnik ermənilərin mühacir, yoxsa qaçqın olduğunu aydınlaşdırmaq lazımdır. Könüllü şəkildə bir ərazidən digərinə miqrasiya edən insanları "qaçqın" kimi təqdim etmək sual doğurur. Erməni əhalisi yerli televiziya jurnalistlərinin "sizi çıxmağa kim məcbur edir?" sualına cavab olaraq bildiriblər ki, Azərbaycan onları Qarabağdan çıxmağa məcbur etmir. Lokal antiterror tədbirləri müddətində və sonra da Azərbaycan hərbçi və polislərinin erməni əhalisi ilə rəftarı da buna sübutdur.

Erməni və bir çox xarici mətbuat Qarabağdan Ermənistana gedən erməniləri qaçqın adlandıraraq yalan xəbərlər yayımlayırlar. Bu insanlar qaçqın deyil, sadəcə miqrant sayılır. Bu terminlərin mənası da bunu təsdiq edir. Bu səbəbdən, xarici mediada bu cür ifadələrə və terminlərə diqqət edilməlidir. Həmçinin, bu şəxslər Azərbaycan vətəndaşı deyillər. Qarabağdan gedən ermənilər vətəndaşı olduğu ölkəyə qayıdırsa, onları necə qaçqın adlandırmaq olar?

Sadə dildə desək, qaçqın öz daimi yaşadığı ölkəsini hər hansı bir fövqəladə hal şəraitində, yaxud humanitar krizis nəticəsində tərk edərək başqa bir ölkənin ərazisinə qaçmış şəxsə deyilir. Dünyada hazırda 100 milyondan artıq qaçqın, məcburi köçkün var. Azərbaycanın Qarabağ ərazisindən Ermənistana keçən şəxslər qaçqın deyil. O mənada ki, onlar hər hansı bir fövqəladə hal nəticəsində, yaxud hər hansı bir etnik, dini və yaxud siyasi zəmində deportasiya edilməyiblər. Ərazilərdə təbii fəlakət baş verərsə, bunun nəticəsində insanlar qaçıb başqa ölkəyə keçə və onda qaçqın adlandırıla bilərlər. Lakin burada bunların heç biri baş verməyib. Bu baxımdan, onların qaçqın adlandırılması düzgün deyil. Onlar o zaman qaçqın olardılar ki, zorla çıxarılsınlar. Məlumdur ki, Azərbaycan tərəfindən bu, həyata keçirilməyib. Onların hər biri sərhədi keçərkən əksəriyyətindən də müsahibələr götürülüb. Onlar könüllü getdiklərini bildiriblər. Ermənistan öz qanunvericiliyinə uyğun olaraq onlara qaçqın statusu verə bilər. Bunu da o məqsədlə edər ki, hansısa böyük yardımlar alsın. Eyni zamanda, buradan siyasi dividend götürsün. Azərbaycanın guya insanları zorla deportasiya etməsi görüntüsü yaradılsın. İnsanların zorla deportasiyası insanlıq əleyhinə müharibə cinayətlərindən biridir. Ermənistan vaxtilə öz ərazisindən bizim 300 minə yaxın insanımızı qovub, deportasiya edib. O cümlədən Qarabağ ərazisindən və ətraf rayonlardan əlavə olaraq 700 minə yaxın insanı daxili köçkün kimi deportasiya edib. Onlar real təhlükə qarşısında qaçmağa məcbur olublar. Orada qalanlar, ələ keçənlər hamısı, zorakılığa məruz qalıb, girov götürülüb, məhv ediliblər. Amma indiki halda bu, baş verməyib, erməni əhalisindən Qarabağda qalanlar da var. Onların təhlükəsizliyi üçün Azərbaycan dövləti təminat verib.

Sahib MƏMMƏDOV,

hüquq müdafiəçisi.