Qanunsuz erməni silahlı birləşmələri Qarabağı tərk etməlidirlər
Digər xəbərlər

Qanunsuz erməni silahlı birləşmələri Qarabağı tərk etməlidirlər

Qarabağda məskunlaşan erməni sakinlərlə təmasların qurulması, həmçinin onların reinteqrasiyası istiqamətində mühüm addımların atılmasına baxmayaraq, vəziyyət hələ də ürəkaçan deyil. Belə ki, Azərbaycan dəfələrlə dialoqa hazır olduğunu bəyan etsə də, prosesdə heç bir irəliləyiş əldə olunmayıb.

Xatırladaq ki, bu ilin mart ayında Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində ilk görüşü baş tutmuşdu. Bu görüş dövlətimizin öz vətəndaşları ilə ölkə Konstitusiyası və qanunları çərçivəsində dialoqa tam açıq olmasının təzahürü idi. Bir məsələni də nəzərə çatdırmalıyıq ki, Azərbaycan təmaslara başlayarkən üçüncü tərəfin - Rusiyanın vasitəçiliyinə və iştirakına ehtiyac olmadığını bildirdi. Birbaşa danışıqlar daha məqbul hesab olundu. Lakin Prezident Administrasiyası səviyyəsində müəyyən zaman aralığı ilə verilən bəyanatlarda Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə görüşün paytaxt Bakıda keçirilməsi təklif olunsa da, qarşı tərəf bunu qəbul etmədi və proses birtərəfli qaydada dayandırıldı. Azərbaycanın davamlı sülhə xidmət edən, öz ərazisində yaşayan sakinlərlə təmasların qurulması yönündəki təşəbbüslərinin qiymətləndirilməməsi isə digər addımların atılmasına gətirib çıxara bilər.

Azərbaycan real, səmimi danışıqların tərəfdarı olsa da, Ermənistan tərəfi bunun tam əksini ehtiva edən hərəkətlərlə gümdəmə gəlir. Ölkəmiz regionda sülhün bərqərar olması üçün şərtlərini əvvəlcədən açıq şəkildə bəyan edib. Həmin tələblərin arasında Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin qalıqlarının ərazini tərk etməsi xüsusi yer tutur. Bu 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatda da öz əksini tapıb. Amma həmin sənədin imzalanmasına baxmayaraq, bütün bunlara nəinki əməl edilməyib, hətta Ermənistan Qarabağdakı qanunsuz rejimin və buradakı silahlı dəstələrin maliyyələşdirilməsini davam etdirib. Son dövrlərdə baş verən təxribatlara nəzər salsaq, bunu asanlıqla görmək mümkündür. Bundan başqa, bölgədə baş verən təxribatlara cavab olaraq iki hərbçisinin məhv edilməsi bir daha Ermənistan ordusunun hələ də bölgədən çıxarılmadığını sübut edir. Ermənistan isə hər zaman olduğu kimi, bu faktlardan boyun qaçırır. Bu gün xain qərb qonşumuzun ərazi bütövlüyümüzü əməldə tanımaması, eləcə də Paşinyanın ancaq sözdə bunu deməsi prosesin irəli getməsinə əngəl törədir. Ermənistan baş nazirinin bu cür mövqe sərgiləməsi Azərbaycanı bu məsələni güc yolu ilə həll etməyə sövq edir.

Ermənistan və onun timsalında sülhə mane olan ölkələr, ilk növbədə, Azərbaycanın heç bir halda öz ərazisində başqa ölkənin hərbçilərinin və qanunsuz silahlı dəstələrinin qalması ilə barışmayacağını dərk etməlidirlər. Hələ 44 günlük Vətən müharibəsi dövründə bütün dünya Azərbaycanın gücünə, imkanlarına şahid oldu. Bu gün Azərbaycanın gücü qat-qat üstündür. Bir məqamı da xatırlatmaq lazımdır ki, dövlətimiz öz ərazilərində anti-terror əməliyyatlarına başlamaq hüququna malikdir. Qarabağdakı silahlı dəstələrin və terrorçuların hazırda müxtəlif formalarda təxribatlar törətməsi Azərbaycanın daha sərt addımlar atmasını, anti-terror əməliyyatları keçirməsini labüdləşdirir. Digər vacib məqamlardan biri də işğaldan azad edilmiş ərazilərimizdəki sakinlərin təhlükəsizliyi məsələsidir. Qarabağdakı separatçılar isə vətəndaşlarımızın doğma yerlərində dinc yaşaması üçün ən böyük təhlükə hesab olunur. Buna görə də məsələni kökündən həll etməyin zamanı yetişib. Ermənistan da buna uyğun real addımlar atmalıdır. Əks halda, baş verə biləcəklər heç də düşmənin xeyrinə olmayacaq. Qarabağdakı separatçılar da vəziyyətin ciddiliyini anlamalıdırlar. 

Nəzrin ELDARQIZI,

"Respublika".