QANLA YAZILMIŞ ŞƏRƏFLİ TARİX
Sosial həyat

QANLA YAZILMIŞ ŞƏRƏFLİ TARİX

Xalqımızın qan yaddaşına "20 Yanvar", "Qanlı Yanvar", "Qara Yanvar" kimi həkk olunmuş o dəhşətli faciədən 33 il keçir. 1989-cu ilin payızından başlayaraq ölkəmizdə geniş vüsət almış milli azadlıq hərəkatını beşiyindəcə boğmaq, müstəqil, demokratik dövlət qurmaq arzusu ilə yaşayan xalqın inamını və iradəsini qırmaq üçün Moskvanın imperiya rəhbərləri tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridildi.

Fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun təpədən-dırnağadək silahlanmış böyük bir kontingenti paytaxtın küçə və meydanlarında toplaşan dinc əhaliyə amansızcasına divan tutmağa başladı. Ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni zabitləri, hətta kursantlar da daxil edilmişdi. Amansızlıq, misli görünməmiş vəhşiliklərlə müşayiət olunan faciə zamanı insanlar xüsusi qəddarlıqla qətlə yetirilirdi.

Qanlı şənbə gecəsi şəhərin küçələri dinc, əliyalın insanların qanına boyanmışdı. Şəhidlərdən birinə 21, digərinə 10-dan çox, başqa birisinə 23 güllə dəymiş, yolda avtomobillər, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər vəzifə borcunu yerinə yetirərkən gülləyə tuş gəlmişdilər. Azğınlaşmış ordu qocaya, qadına, uşağa məhəl qoymayıb köməksiz insanları qanına qəltan etmişdir. Qanlı Yanvar gecəsində 132 nəfər şəhid, 744 nəfər əlil olmuş, 841 nəfər isə qanunsuz həbs edilmişdir.

Bakıda fövqəladə vəziyyət barədə məlumat isə faciə baş verəndən sonra - yanvarın 20-də səhər saat 05:30-da respublika radiosu ilə xalqa çatdırılmışdır. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda da yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda əliyalın, günahsız insanlar, azadlıq mücahidləri qətlə yetirilmişdir.

O ağır günlərdə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Sovet imperiyasının xüsusi xidmət orqanları tərəfindən təqib edilən, həyatı hər an təhlükə qarşısında olan ulu öndər ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bəyanatla çıxış etdi.

O vaxt mən Azərbaycan KP MK bürosunun və SSRİ Daxili İşlər Nazirliyinin kollegiya qərarları ilə SSRİ DİN-in İdarəetmə Akademiyasının müttəfiq respublikalar üçün rəhbər kadrlar hazırlayan fakültəsində təhsil alırdım. Qarabağda baş verən hadisələri diqqətlə izləyir, Azərbaycan KP MK katibi Həsən Həsənovun MK-da keçirilən yığıncaqda obyektiv, kəskin çıxışını ziyalılar arasında yayır, ölkəmizin haqq səsini paytaxtda müxtəlif millətlərin nümayəndələrinə də çatdırırdım.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Daimi Nümayəndəliyinə gəlişinin şahidi və orada baş verən hadisələrin iştirakçısıyam. Ulu öndər nümayəndəliyə yığışan həmyerlilərimizə və Azərbaycan xalqına başsağlığı verdi. Sonra ölkə və xarici jurnalistlərin toplaşdığı zala daxil oldu. Ümummilli lider çıxışa başlayandan bir neçə dəqiqə sonra Moskvanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış azərbaycanlı tələbə qız zala daxil oldu və yersiz suallarla ulu öndərə müraciət etməyə və mətbuat konfransını pozmağa çalışdı. Mən milis formasında olduğum üçün zala buraxılmışdım. Dərhal bir neçə ziyalı ilə tələbə qıza bildirdik ki, bura yersiz sualların, söhbətin yeri deyil və zalı tərk etsin. O, mənim asayişi qoruduğumu zənn edərək zaldan çıxdı. Ümummilli lider çıxışını davam etməyə başladı. Bu zaman ikinci tələbə qız zala daxil olaraq mənasız suallar verməyə başladı. Eyni qaydada onun da zaldan çıxmasını təmin etdik.

Xalqımızın yeganə ümidi və pənahı olan Heydər Əliyev törədilmiş ağır cinayətdə sovet ittifaqının və Azərbaycanın rəhbərlərinin bilavasitə günahkar olduğunu cəsarətlə, qətiyyətlə bildirdi: "Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabancı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm".

Sovet rəhbərliyinin Bakı şəhərində törətdiyi qanlı hadisələri pisləyən ulu öndər bunu xalqımıza qarşı zorakılıq, qəddarlıq, misli görünməmiş cinayət adlandırdı. Müdrik rəhbərin qətiyyətli çıxışı Azərbaycanın informasiya blokadasına alındığı gərgin dövrdə totalitar rejimə, onun rəhbərlərinə sarsıdıcı zərbə oldu. Qorbaçovun və digər rəhbərlərin ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, təcavüzə məruz qalmış Almatı, Tbilisi, Vilnüs və digər şəhərlərdə, xarici dövlətlərdə çox böyük rəğbətlə qarşılandı.

O vaxt həmin çıxış Azərbaycan ziyalılarını da hərəkətə gətirdi və müstəqillik çağırışları daha geniş kütlə arasında səslənməyə başladı. Beləliklə, 20 Yanvardan sonra xalq hərəkatı milli azadlıq, istiqlal hərəkatına çevrildi.

1990-cı ilin ağır dönəmində ümummilli lider Vətəndə, xalqının yanında olmağı məqsədəuyğun bildi. 1990-cı il iyulun 20-də Moskvadan Bakıya gəldi. İki gün sonra o vaxtkı hakimiyyətin təhdidləri və təzyiqləri nəticəsində paytaxtı tərk edərək Naxçıvana getməyə məcbur oldu.

20 Yanvar hadisələrinə vaxtında düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi ulu öndərin tarixi xidmətidir. 1990-cı ilin avqust ayında Heydər Əliyev Naxçıvandan Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə deputat seçildi.

Ulu öndərin təşəbbüsü ilə Muxtar Respublikanın Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı qəbul edərək 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiyməti verdi. Bu tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Respublikasında Milli Matəm Günü kimi qeyd olunması öz əksini tapdı.

Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasında ittifaq dövləti tərəfindən 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının hərbi təcavüzə məruz qaldığını, SSRİ və Azərbaycan rəhbərlərinin bu ağır cinayətə görə məsuliyyət daşıdıqlarını bildirdi.

Xüsusi amansızlıqla törədilmiş bu bəşəri cinayətə don geyindirməyə çalışan sovet rəhbərləri hadisələrin guya "SSRİ Konstitusiyasının müddəalarına uyğunluğu", "insanların hüquq və azadlıqlarının müdafiəsi məqsədi daşıdığını" iddia edirdilər. Keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən 20 Yanvar faciəsi səthi araşdırılaraq guya "cinayət tərkibi olmadığı" üçün 1990-cı il dekabrın 22-də cinayət işinin icraatına xitam verildi.

1992-ci il fevralın 14-də Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işi başlansa da müqəssirlərin ekstradisiyası ilə bağlı çoxsaylı müraciətlər cavabsız qaldı, cinayətkarlar layiqli cəzalarını almadılar. Lakin həyata keçirilmiş qanlı terrorun qeyri-qanuni, ağır cinayət olduğu bütün dünyaya məlum idi. İmperiya cəlladlarının törətdiyi qətliam insan hüquqlarına dair beynəlxalq sənədlərin, ilk növbədə, "İnsan hüquqlarının ümumi Bəyannaməsi"nin, "Vətəndaş və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktların, keçmiş SSRİ və Azərbaycan SSR Konstitusiyasının tələblərinin kobudcasına pozulmasına dəlalət edirdi.

Təəssüf ki, Azərbaycanın nə o vaxtkı rəhbərləri, nə də sonralar iqtidara gələn AXC-Müsavat hakimiyyəti 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət vermədi. Cəbhə hakimiyyəti yalnız deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab etməklə kifayətləndi.

Yalnız xalqımızın müdrik rəhbəri, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il mart ayının 29-da Milli Məclis geniş müzakirələrdən sonra "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Xalqımıza təcavüz edənlərin, bu dəhşətli faciəni törədənlərin adları açıqlandı. Hadisələrə obyektiv hüquqi, siyasi qiymət verildi.

Qanlı Yanvar milli azadlıq hərəkatını boğmaq məqsədi daşısa da xalqımızın müstəqillik əzmini qıra bilmədi. Yanvar hadisələri müstəqilliyə gedən yolda xalqımızın yenilməz iradəsinin rəmzinə çevrildi.

Bizi o hadisələrdən 30 illik zaman ayırır. Bu dövrdə Azərbaycan dövlət müstəqilliyini qazandı, xalqımız azad, suveren, hüquqi, demokratik dövlət qurdu.

Müstəqil Azərbaycan sürətli inkişaf yolu keçərək dünya ölkələri sırasında nüfuzlu, şərəfli yer tutmuşdur. Amansız qətliam nəticəsində şəhidlik zirvəsinə yüksəlmiş oğul və qızlarımızın xatirəsi xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulur. Ümummilli liderin dediyi kimi, "Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdırlar, onlar millətimizin qəhrəmanlarıdırlar". Bakıda Şəhidlər xiyabanında onların adlarının əbədiləşdirilməsi üçün möhtəşəm abidə-kompleksi ucaldılıb. Hər il 20 Yanvar Günü insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına gedərək azadlıq mücahidlərinin əziz xatirəsini böyük ehtiramla yad edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar qətliamının xalqımızın azadlıq uğrunda mübarizə əzminin möhkəmlənməsinə güclü təkan verdiyini önə çəkərək demişdir: "20 Yanvar Günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, yeni mərhələyə qədəm qoydu... Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir".

Möhtərəm Prezidentimizin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin azadlığı, suverenliyi yolunda həlak olanların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, onlara dövlət qayğısının artırılması məqsədilə mühüm qərarlar qəbul edilib.

Bəli, Qanlı Yanvar ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü yoluna gur, parlaq işıq saçdı. Artıq üçüncü ildir ki, qürurlu, qalib, müzəffər xalq kimi 20 Yanvar şəhidlərinin ruhunu ehtiramla yad edirik.

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əldə olunmuş şanlı qələbə, böyük zəfər ümummilli liderin siyasi kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Bu gün ulu öndərimizin də, 20 Yanvar və ölkəmizin azadlığı, suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin ruhları şaddır.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında xalqa müraciətində dediyi kimi: "Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərkən ürəyimdə dedim: "Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Bütün dünyaya sübut etdik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstərdik.

Bu gün məzarları önündə baş əydiyimiz, ruhlarına səcdə etdiyimiz şəhidlərin qarşısında borcumuz hələ çoxdur. Müstəqilliyimizin, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, azad Vətənimizin çiçəklənməsi, xalqımızın firavan və xoşbəxt gələcəyi uğrunda hər birimiz vicdanla, yüksək məsuliyyətlə çalışmalı, vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirməliyik.

İbrahim QULİYEV,

hüquq elmləri doktoru, professor,

Əməkdar müəllim.