Mütəşəkkilik yüksək səviyyədədir
Region

Mütəşəkkilik yüksək səviyyədədir

111 saylı Zaqatala-Balakən Seçki Dairəsinin sədri Zöhrab İsmayılov seçki dairəsinin fəaliyyəti barədə məlumat verərək respublikamızda keçiriləcək növbədənkənar prezident seçkilərinə mütəşəkkil hazırlıqlar haqqında söhbət açdı. Bildirdi ki, seçki dairəsinə Zaqatala rayonunun Car, Göyəm, Maqov, Mazıx, Danaçı, Aşağı Çardaxlar, III Tala, Dağlı və Balakən rayonunun Katex, Kortala, İtitala və Hənifə inzibati ərazi nümayəndəliklərini əhatə edən 38 və Zaqatala şəhərinin 12 seçki məntəqəsi daxildir. Seçicilərin sayı 51326 nəfərdir.

112 saylı Zaqatala Seçki Dairəsinin sədri Fikrət Mustafayev qeyd etdi ki, dairənin bütün əməkdaşları qarşıdakı seçkiyə tam səfərbər edilmişdir. Dairə Əliabad qəsəbəsinin, Bəhmətli, Çobankol, Qımır, Bazar, Gözbarax, Mamrıx, Qandax, Faldar, Lahıc, Mosul, Muğanlı, Muxax, Zəyəm, Yengiyan, Kəpənəkçi, Yeni Suvagil, Yuxarı Çardaxlar, Aşağı və Yuxarı Tala kəndlərinin inzibati ərazi nümayəndəliklərinin 43 seçki məntəqəsinin fəaliyyətinə nəzarət edir. Məntəqələrdə 50162 nəfər seçicinin səs verməsi dəqiqləşdirilmişdir.

110 saylı Balakən Seçki Dairəsi 44 seçki məntəqəsini əhatə edir. Məntəqələrin 8-i şəhərin özündədir. Səsvermə bülletenlərində 49014 nəfər seçicinin siyahısı rəsmiləşdirilmişdir. Dairə seçki komissiyasına Vahid Əliyev sədrlik edir.

113 saylı Qax-Şəki seçki dairəsinə rəhbərlik edən Abdukərim Əliyev seçki məntəqələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən lazım olan avadanlıq və vəsaitlərlə təmin edilməsi barədə məlumat verdi. Dairəyə 72 seçki məntəqəsi daxildir. 54615 nəfər seçici siyahıya alınmışdır.

Balakən-Zaqatala-Qax bölgələrini əhatə edən seçki dairə və məntəqələri bütöv Azərbaycanın şərəfli tarixində ilk seçkilərə tam hazırdır.

Q.CAMALOĞLU,

"Respublika".