Prezident İlham Əliyev coğrafi mövqeyimizi Azərbaycan üçün kapitala çevirib
Siyasət

Prezident İlham Əliyev coğrafi mövqeyimizi Azərbaycan üçün kapitala çevirib

Ulu Öndər Heydər Əliyevin 2000-ci ilin 28 dekabr tarixində "Yeni əsr və üçüncü minillik" münasibətilə Azərbaycan xalqına tarixi müraciəti oldu və bu müraciət ənənəvi yeni il təbriki və yola salınan ilin icmalından daha çox ötən millenniumun hesabatı və növbəti minilliyin yol xəritəsi idi. Bütün sahələrdə islahatların başladığı, ölkənin yenicə inkişaf mərhələsinə qədəm qoyduğu çox mürəkkəb bir dövr olmasına baxmayaraq, Ulu Öndər bu çıxışında kifayət qədər nikbin idi və yalnız bir prinsipial şərt qoyurdu - "Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək".

Ömrünün 60 ilini ən mürəkkəb situasiyalarda və ən ali vəzifələrdə xalqına xidmətə həsr etmiş, Azərbaycanı ikinci dəfə dirçəldən qurucu lider zamanın gərdişini doğru qiymətləndirməyi bacaran kifayət qədər təcrübəli və müdrik insan, ucada dayanan şəxsiyyət idi. Ozamankı çətin bir dövrdə Ulu Öndərdə nikbinlik, xalqın gələcəyinə əminlik yaradan hisslərin nədən, daha doğrusu, kimdən qaynaqlandığını üç il sonra, dahi Liderin Azərbaycan xalqına 1 oktyabr 2003-cü ildə tarixi müraciəti ilə anlamış olduq. Dahi Heydər Əliyev müraciətində yazırdı: "Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Azərbaycan xalqının Heydər Əliyevə inamı, etimadı sonsuz idi. Çünki o, bu xalqı sevirdi, Azərbaycanın quruculuq salnaməsində ən parlaq səhifələr məhz Ulu Öndərin hakimiyyəti illərində müşahidə olunmuşdu, onun dövlətə rəhbərlik etdiyi dövrdə milli mənafelər də, xalqın hər bir fərdi də həssaslıqla müdafiə olunmuşdu. Təsadüfi deyil ki, Azərbaycan xalqının başına gələn bütün bəlalar məhz Heydər Əliyevin olmadığı 5 il müddətində yaşanmışdı. Bu mənada xalq İlham Əliyevə inamla və səmimiyyətlə qucaq açdı. İlham Əliyev müraciətdən iki həftə sonra, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76%-nin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Andiçmə mərasimindəki nitqində ifadə etdiyi kimi: "Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur".

Əslində, İlham Əliyev adı Azərbaycan seçicisi üçün yad deyildi. Sovet Azərbaycanında əvvəlki bütün tabulara zidd olaraq xalq İlham Əliyevi həmişə yüksək səviyyəli dövlət tədbirlərindən sahələrdə kolxozçularla görüşə qədər, hər zaman atasının yanında görməyə alışmışdı. Yəni fəhmli Sovet azərbaycanlısı İlham Əliyevin Heydər Əliyev məktəbində yetişməkdə olduğunu görürdü. Daha sonra İlham Əliyevin o zaman SSRİ-nin ən elit, ən prestijli, eyni zamanda ən çətin qəbul prosesinə malik Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olunan azsaylı, həmçinin ilk azərbaycanlı gənclərdən biri olması elmə, təhsilə daim dəyər verən Azərbaycan cəmiyyəti üçün sözün əsl mənasında, qürurverici idi. Sirr deyil ki, biz sovet dövründə müttəfiq respublikalarla birgə, dinc və mehriban şəkildə yaşasaq da, aramızda görünməz bir rəqabət də var idi və Heydər Əliyevin oğlunun bu uğuru sanki sovet azərbaycanlısını bu gizli "rəqabət"də bir addım önə çıxardı. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla realizəsində əsas rol bu proseslərin memarı kimi məhz, ARDNŞ-nin vitse-prezidenti İlham Əliyevə məxsus idi. Azərbaycan cəmiyyəti bunu da görür və anlayırdı. Eyni zamanda cənab İlham Əliyevin Qanunverici orqanın, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, xüsusən AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, o cümlədən AŞPA-nın vitse-prezidenti kimi uğurlu fəaliyyəti artıq Onun peşəkar siyasətçi, uğurlu dövlət xadimi və milli maraqların dönməz müdafiəçisi olduğu haqda heç kimdə şübhə doğurmurdu. Ulu Öndər tarixi müraciətində qeyd edirdi ki, "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev, xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək".

Beləliklə də, Azərbaycan 2003-cü ildə tamamilə yeni bir eraya qədəm qoyaraq özünün ən qüdrətli dönəminə doğru inamla irəliləməyə başladı. Yol xəritəsi isə kifayət qədər aydın idi, möhtərəm Prezidentin ölkə başçısı kimi ilk nitqində də ifadə etdiyi kimi, "Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirmək üçün bizim çoxlu planlarımız vardır".

Prezident İlham Əliyev iqtidarının əsas diqqətəşayan xüsusiyyətlərindən biri də dayanıqlı inkişafın dövlət siyasətinin mütləq prioritetinə çevrilməsi oldu. Daxili sabitlik, xalq-iqtidar birliyi Prezident İlham Əliyevə çoxşaxəli islahatları reallaşdırmağa, çoxvektorlu dövlət siyasəti həyata keçirməyə imkan verdi. Nəticədə son 20 ildə bütövlükdə dövlətçilik tarixində olmadığı qədər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi artırıldı, qlobal miqyaslı nəqliyyat-kommunikasiya sistemləri quruldu, təhsil, səhiyyə, idman infrastrukturu faktiki olaraq tam yeniləndi. Qısa haşiyə olaraq qeyd edim ki, İlham Əliyev hakimiyyəti illərində tikilən təhsil və idman obyektlərinin sayı bütün dövrlərdə mövcud olanlardan daha çoxdur.

Dövlət başçısı İlham Əliyevin siyasi lider kimi əsas xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, şəxaləndirilmiş fəaliyyəti peşəkarcasına idarə edir və nəticədə, inkişaf bütün sahələri əhatələyə bilir. Bu isə konstitusion səviyyədə bəyan olunmuş niyyətlər və dövlətin ali məqsədlərinə doğru inamlı həmlələrin uğurlu hasilinə səbəb olur.

Əlbəttə, lider amilinə baxış milli mental düşüncə və təfəkkür tərzinə görə dəyişir. Bu mənada, Qərbin uğurlu siyasi xadimlərinin Şərqdə, Şərqin tarix yazan liderlərinin isə Qərbdə lazımi formada qiymətləndirilməməsinə çoxsaylı tarixi nümunələrdə və hətta müasir dövrdə, qloballaşma şəraitində belə rast gəlirik. Lakin İlham Əliyev Heydər Əliyevdən sonra və həm də daha sərt şərtlərdə, ictimai nəzarətin radikallaşdığı, neonasizmin, neokolonizmin gücləndiyi və Şərq-islam dünyasına yenidən yuxarıdan baxmaq cəhdlərinin artdığı bir şəraitdə bütün qütblərdə qəbul olunan yeganə azərbaycanlı siyasi xadimdir. Səbəbi isə çox sadədir. Şərq-islam dünyası və özünəməxsus Qafqaz məfkurəsi Prezident İlham Əliyevi sözünün-vədinin sahibi, dar günün dostu, milli-mənəvi dəyərlərin himayəçisi, həssas ailə dəyərlərinin qatı mühafizəçisi, həmçinin sözünün kəsəri olan türk-müsəlman və Qafqaz kişisi kimi xarakterizə edir və istisnasız olaraq hesablaşır. Qərb üçün isə İlham Əliyev beynəlxalq hüququ rəhbər tutan, müasir proseslərdən nəinki məlumatlı, üstəlik modern tendensiyaları uğurla idarə edə bilən məharətli siyasi oyunçu, ikili standartlardan uzaq lider və xalqının milli hissiyyatını, dövlətinin maraqlarını rəhbər tutmaqla hər kəslə öz dilində danışmağı bacaran etibarlı tərəfdaşdır.

Dövlət başçısının məhz bu xüsusiyyətləri Azərbaycana milli maraqları qorumaqla artan müttəfiqliklər, qurulan sağlam və bərabərhüquqlu əməkdaşlıqlar şəbəkəsi formalaşdırmağa imkan verir. Nəticədə ölkəmizin regional statusunun əhəmiyyəti davamlı şəkildə artır və Azərbaycanın qlobal oyunçu kimi özünütəsdiqi baş verir.

Sirr deyil ki, əlverişli təbii coğrafi şəraiti tarix boyu Azərbaycan üçün daha çox problem qaynağı olub və region çoxsaylı maraqların toqquşma məkanına çevrilib. Lakin tarixdə ilk dəfə məhz cənab İlham Əliyev coğrafi mövqeyimizi Azərbaycan üçün kapitala çevirib. Bu mürəkkəb konfiqurasiyanın formalaşması isə Azərbaycana regionda reallaşdırılan beynəlxalq, irimiqyaslı layihələrdə aparıcı rola sahib olmaq, bütün proseslərdə milli maraqlarımızla hesablaşılmanı təmin edib. Cəmi 30 il əvvələ qədər xəritədə belə yeri bilinməyən Azərbaycan məhz cənab İlham Əliyevin sayəsində artıq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü və müddəti dövründə sədrlik edən, habelə dünyanın ikinci böyük təşkilatı Qoşulmama Hərəkatına hazırda rəhbərlik etməkdə olan qlobal lider subyektlərdəndir. Üstəlik, İlham Əliyev bəşəri dəyərləri və beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla Azərbaycanın beynəlxalq siyasətə təsir rıçaqlarını genişləndirməkdədir. Bu prosesdə Azərbaycan Prezidentinin şaxələndirilmiş enerji siyasəti ayrıca qızıl səhifə hesab olunmalıdır.

Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirə bilməsi, düzgün diversifikasiya, insanların rifahının layiqli formada təmin olunmasına yönəlmiş addımları kompleks formada Azərbaycanda təhdidlərə qarşı immuniteti olan, milli məfkurəyə sahib cəmiyyətin formalaşmasına və qarşıda duran prinsipial problemlərin həllinə fokuslanmağa imkan yaratdı.

Möhtərəm Prezident Qarabağ məsələsində məhz Ulu Öndərin direktivlərini rəhbər tutdu. İlk növbədə Ümummilli Liderin azərbaycançılıq fəlsəfəsi milli nüvə olaraq müəyyən edildi, bu məfkurə ilə həyata keçirilən sistemli sosial və siyasi tədbirlərin qanunauyğun nəticəsi kimi milli vəhdət tam bərqərar edildi. Azərbaycanda gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynamaqda olan yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik, ən əsası isə qələbəyə köklənmiş gənc nəsil formalaşdırıldı.

Bütövlükdə ötən 20 illik dövrü təhlil etsək, aydın şəkildə müşahidə edə bilərik ki, Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın və Şərqi Zəngəzurun azadlığına bir addım daha yaxınlaşdırıb. İlham Əliyev, ilk növbədə, həyata keçirdiyi məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlərlə ölkəmizi iqtisadi cəhətdən tam müstəqil olan suveren gücə çevirməyə nail oldu. Güclü iqtisadiyyat isə hərbi-müdafiə qüdrətinin rəhnində dayanan amildir. Prezident İlham Əliyevə Azərbaycanı regionun hərbi-siyasi gücünə çevirərək 30 illik işğal faktoruna cəmi 44 günə son qoyaraq milli missiyanı tamamlamağa, eyni zamanda Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşacaq qədər güclənməsi, 1200 adda hərbi təyinatlı məhsul istehsal edən nəhəng müdafiə sənayesi infrastrukturu yaradılmasına cəmi 17 il lazım oldu. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Beləliklə, 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bütövlükdə bölgənin taleyini dəyişdi. İlk növbədə, bizə məğlub və zəif kimi baxanlar Müzəffər Ali Baş Komandan İlham Əliyev iradəsi qarşısında əyilməyə, "dəmir yumruq" ətrafında birləşmiş xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi qəbul etməyə məcbur oldu.

Ümumiyyətlə, Vətən müharibəsi, həm aralıq cəza əməliyyatları, həm də antiterror tədbirləri zamanı Prezident İlham Əliyev bizə illər uzunu nələrisə öyrətməyə, yaxud təlqin etməyə çalışan beynəlxalq birliyə üç istiqamətdə ustad dərsi keçdi.

Birincisi, BMT Təhlükəsizlik Şurasının 30 il müddətində icra edilməyən qətnamələrini icra etməklə Azərbaycan beynəlxalq hüququn aliliyini təmin etdi.

İkincisi, milyonların həyatına qəsd edib bizə beynəlxalq humanitar hüquqdan dərs keçmək istəyənlərə mülki insanları hədəfə almadan müharibə və antiterror tədbirləri aparmağın yolunu göstərdi.

Lokal antiterror tədbirləri ilə Prezident İlham Əliyev dünyada separatizmlə mübarizədə ən effektiv, real və köklü nəticə nümunəsi ortaya qoymaqla bu istiqamətdə presedent yaratdı.

Bu gün artıq Prezident İlham Əliyevin Azərbaycanı yeni prioritetlər müəyyənləşdirib. Zəfərdən cəmi 8 gün sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Qarabağ və Şərqi Zəngəzura səfər edən İlham Əliyev Azərbaycan tarixinin ən böyük Zəfərinin ardınca tariximizin ən irihəcmli quruculuq-bərpa prosesinə start verib. Böyük Qələbənin nəticəsində Müzəffər Ali Baş Komandanın yaratdığı yeni reallıq da Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Bütün işlər Azərbaycanın öz imkanları hesabına həyata keçirilir və bütün dünya bir daha görür ki, İlham Əliyev necə qüdrətli bir dövlət qurub. İşğala son qoyulmasından cəmi 3 il keçir, amma artıq bölgədə iki beynəlxalq hava limanı uçuşları qəbul edir, 2025-ci ildə isə üçüncüsü, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Zəngilan, Füzuli, Laçında, o cümlədən beynəlxalq tədbirlərə ev sahibliyi edən Şuşada artıq həyat qaynamağa başlayıb. Eyni zamanda Azərbaycan yeni minilliyin çağırışları fonunda qlobal miqyasda rolunu artırmaqda, dünyada söz sahibi kimi özünü təsdiq etməkdə davam edir. Əslində qlobal miqyasda Prezident İlham Əliyevin peşəkar böhran idarəçisi olması heç kimdə şübhə doğurmur. Xüsusən COVID 19-la mübarizədə ilk dəfə beynəlxalq təşəbbüsləri məhz Qoşulmama Hərəkatının sədri kimi İlham Əliyev birləşdirmiş, vaksin milliyyətçiliyi kimi arzuolunmaz fəaliyyətlərə qarşı barışmaz mövqe ortaya qoymuşdu. Bu gün isə artıq dünyanın çoxsaylı məzlum xalqları, o cümlədən Fransa əsarətindən əziyyət çəkən dənizaşırı ərazilərin müstəmləkə sakinləri üçün İlham Əliyev şəxsiyyəti mayaka çevrilib. Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə formalaşdırılan Bakı Təşəbbüs Qrupu dünyada neokolonizmlə mübarizədə yeni səhifə açıb.

Prezident İlham Əliyev şəxsiyyəti, eyni zamanda türk dünyası üçün də tarixi şans hesab edilir. Çünki mövcudiyyəti dövründə türk xalqları heç vaxt bu qədər yaxın, bu qədər vahid amal uğrunda birləşməyə nail olmamışdı. Xüsusən tarixi Şuşa Bəyannaməsi ilə ən ali səviyyəyə ucalan Azərbaycan-Türkiyə münasibətləri bütün türk dünyası üçün ümid yerinə çevrilib.

Əlbəttə, bu reallığı görmək istəməyən beynəlxalq subyektlər var və anlayırıq ki, bundan sonra da olacaq. Lakin bir nəfər kimi İlham Əliyevin ətrafında birləşən Azərbaycan xalqı əmindir ki, artıq güclü-qüdrətli Azərbaycan üçün böhtanlar, qarayaxmalar önəm daşımır və qalib Azərbaycan hər kəsə layiq olduğu formada cavab verməyə qadirdir. Çünki İlham Əliyev məhz Heydər Əliyevin arzu etdiyi, uğruna ömrünü qurban verdiyi qüdrətli Azərbaycan dövlətçilik modelini təqdim edə bilib.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı,

hüquq üzrə fəlsəfə doktoru, dosent.