Polşada tələbə soydaşlarımız üçün karyera təlimi başa çatıb
Dünya xəbərləri

Polşada tələbə soydaşlarımız üçün karyera təlimi başa çatıb

Polşada təhsil alan tələbə soydaşlarımız üçün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu ilin aprelində başlayan karyera təlimi başa çatıb.

Layihə Varşava şəhərində yerləşən Azərbaycan Evində həyata keçirilib. Dərslər Varşava-Azərbaycan Evinin Təlim-Tədris Mərkəzinin rəhbəri, maliyyə və karyera planlaması üzrə təlimçi Elçin Eyvazov tərəfindən aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Respublika"-ya bildirilib ki, çoxsaylı müraciətlər arasından müsahibə yolu ilə seçilmiş 50 nəfər tələbə ilə dərslər uğurlu şəkildə davam etdirilib. Tələbələr karyera təlimində 25 nəfər onlayn, 25 nəfər isə Azərbaycan Evində əyani şəkildə qoşulmaqla iştirak ediblər.

Təlim müsbət nəticəsini verib və tələbələr qısa müddətdə bir neçə yüksək vəzifə tutublar. Belə ki, tələbələrdən ikisi “Citi Bank”, biri “Zeitgeist Asset Management”, digər biri isə “Solenis” şirkətində müxtəlif vəzifələrə qəbul edilib.

Qeyd edək ki, layihə Polşada yaşayan və ya bu ölkəyə gəlməyi planlaşdıran tələbələrin şirkətlərdə iş tapmaları, karyera həyatlarında irəliləyişə nail olmaları və onların şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsi məqsədini daşıyır. Bu səbəbdən "Təqaüdlü Karyera Təlimi" davam etdirilir və yeni dövr üçün dərslərə qeydiyyat aparılır.