Parisdən gələn
Digər xəbərlər

Parisdən gələn "sarvan"

Fransa Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına əngəl olmaq məqsədilə bölgədə təxribatlarını davam etdirir. Belə ki, Makron hökuməti bu dəfə Qarabağa yük karvanı göndərmək qərarına gəlib. Bununla Fransa guya oradakı ermənilərə yardım etməyə çalışır. Amma rəsmi Parisin bu fəaliyyətinin pərdəarxası demək olar ki, hər kəsə məlumdur. Başqa sözlə desək, Fransa bununla regionda gərginliyi artırmaq, rəsmi Bakının Ağdam-Xankəndi yolu ilə bağlı planlarına əngəl yaratmaq istəyir.

Çünki bununla Fransa Xankəndidəki ermənilərin separatçı iddialarının gündəmdə saxlanılmasına çalışır. Amma Ermənistan və onun havadarları unudur ki, Azərbaycan bu cür təxribatların qarşısını almağa qadirdir. Həmçinin gözdən pərdə asmaq məqsədi daşıyan "fransızsayağı sülh təşəbbüsü"nün erməni icmaları tərəfindən maliyyələşdirildiyi də bəllidir. Onu da qeyd edək ki, iyulun 26-da qərb qonşumuz da Qarabağa "humanitar yardım karvanı" göndərmişdi. Ölkəmizlə heç bir razılaşma əldə edilmədən göndərilən bu karvan hələ də Laçın postunun qarşısında gözləyir. Bu hadisədən sonra Fransanın da ermənilərin həmin şousuna qoşulması heç də təəccüb doğurmur. Bununla, ölkəmizə qarşı təhdidlərin, təzyiqlərin xüsusi mərkəz tərəfindən hazırlandığı bir daha öz təsdiqini tapmış olur. Rəsmi Paris, həmçinin Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyərək Azərbaycanın suverenliyinə açıq şəkildə hörmətsizlik nümayiş etdirir.

Məsələdə diqqətçəkən digər bir vacib məqam isə yük karvanının Paris meri Ann İdalqo tərəfindən müşayiət edilməsi faktıdır. Ann İdalqonun hələ lap əvvəldən ermənipərəst mövqeyi ilə diqqət çəkdiyi bir çoxlarına aydındır. Bu isə merin bir çox Fransa rəsmiləri kimi, erməni lobbisinin tam nəzarətində olduğunu söyləməyə əsas verir. Erməni diasporu ilə sıx ünsiyyətdə olan merin müavinlərindən birinin etnik erməni Anuş Toronyan olması da diqqət mərkəzindədir.

Anuş Toronyan isə Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının rəhbəri Ara Toronyanın qızıdır. Mətbuatda yer alan məlumatları analiz etsək, Paris merinin 2015-2018-ci illərdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla 4 dəfə görüşdüyü də maraq doğurur. Hətta İdalqo Ermənistandakı Kreativ Texnologiyalar Mərkəzinin (TUMO) açılışında da iştirak etmişdi. Görünür, Paris meri Ermənistana hərtərəfli dəstək göstərməkdən çəkinmir. Digər bir fakt isə, Ann İdalqonun Fransa ermənilərinin təşkil etdiyi tədbirlərdə aktiv iştirakıdır. O, hətta Fransada erməni kilsəsinin açılışına da qatılıb. Yaxud Ann İdalqonun sosial şəbəkələrdəki paylaşımlarına diqqət etsək qondarma "erməni soyqırımı" ilə bağlı fikirlərinə də rast gəlmək mümkündür. Bunlar Paris merinin, eləcə də onun müavininin ermənilərlə necə sıx bağlı olmasını bir daha təsdiqləyir. Ermənilərin "kuklasına" çevrilən İdalqo hazırda Fransa hakimiyyətinin ermənipərəst siyasətinin ən fəal iştirakçılarındandır. Makron hakimiyyətinin Ermənistana açıq dəstəyi, həmçinin Paris şəhərinin Qarabağdakı qondarma qurumu tanıması onların zənn etdikləri nəticəni verməyəcək. Çünki bu gün Fransanın saxtalıqla formalaşdırdığı "demokratik dövlət" imici çoxdan yerlə-yeksan olub. Belə ki, Əlcəzair, Vyetnam, Mərakeş, Cibuti, Çad, Qabon və Tunisdə milyonlarla dinc insanı qətlə yetirən Fransanı bu gün həmin ölkələr ən böyük düşmənləri kimi görür. Bütün bunların müqabilində Fransanın rəhbər şəxslərinin, o cümlədən Ann İdalqonun yeni təxribatlar, gərginliklər yaratmaq barədə deyil, öz ölkəsinin darmadağın olmuş imicini yaxşılaşdırmaq barədə düşünməsi daha məqsədəuyğundur. Şübhəsiz, Paris merinin fransızsayağı "humanitar təxribatı" fiaskoya uğrayacaq. Çünki Xankəndiyə göndərilən yük maşınları, ən yaxşı halda, sadəcə Laçın keçid məntəqəsinin qarşısında gözləyən erməni tırlarına qoşulub tıxac yarada bilər.

Xatırladaq ki, avqustun 29-da Fransa prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı baş tutmuşdu. Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. Azərbaycan Prezidenti Makrona tutarlı cavab verərək bildirib ki, heç bir humanitar böhrandan söhbət gedə bilməz. Bundan başqa, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı, dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradıldığı qeyd olunub. Bunların müqabilində, Fransanın belə bir təşəbbüslə yenidən çıxış etməsi, ölkənin iç üzünü bir daha göz önünə gətirir. Fransa bununla ermənilərin yaydığı dezinformasiyalara da bir növ dəstəyini göstərir. Bu artıq Fransanın erməni sevdasının güdazına gedərək ölkəmizə qarşı törətdiyi çoxsaylı təxribatlardan biridir. Bunun qarşılığında avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə "humanitar yük" adı altında Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. Rəsmi Parisin bu cür addımlarının dövlətimizin daxili işlərinə birbaşa müdaxilə, beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu da diqqətə çatdırılıb.

Digər bir məqamı da qeyd etmək lazımdır ki, avqustun 31-də Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərinin Ağdama tanışlıq səfəri olub. Səfərdə 50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya və s. beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər iştirak ediblər. Diplomatlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar. Buradan bir daha bəlli olur ki, böhranla bağlı yayılan bütün məlumatlar saxtadır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin jurnalistlərə açıqlaması zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: "Azərbaycan tərəfindən dəfələrlə bəyan edilmişdir ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir və bu yol ilə istənilən yüklərin Xankəndiyə və ətraf ərazilərə çox qısa müddət ərzində çatdırılması təmin oluna bilər. Bu yoldan bu şəkildə imtina edilməsini biz yalnız rasizm və diskriminasiya kimi qiymətləndirə bilərik. Yoldan bu formada imtina yalnız və yalnız rasizmdir. Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlamaq niyyətindədir. Bu reinteqrasiya prosesinin tərkib hissəsi olaraq dövlətimiz Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini, eyni zamanda onların öhdəliklərini Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır". Hikmət Hacıyev, həmçinin Ermənistanın yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çevirdiyini də diqqətə çatdırıb.

      Nurlan ABDALOV,

     "Respublika".