Ombudsman BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Digər xəbərlər

Ombudsman BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Mələk Çakmakı qəbul edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, görüş zamanı Ombudsman mandatı və fəaliyyəti barədə qonağa geniş məlumat verib. Qeyd olunub ki, pandemiya və hərbi vəziyyət dövründə Ombudsman təsisatı fəaliyyətini fasiləsiz olaraq davam etdirib, xüsusilə də əhalinin həssas qruplarının hüquqlarının səmərəli təmininə diqqət yetirilib.

Azərbaycan torpaqlarının iyirmi faizinin otuz illik işğalı dövründə həmin ərazilərdə ətraf mühitə dəyən ciddi zərərə toxunan Ombudsman bildirib ki,  44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfinin qadağan olunmuş silahlardan istifadə etməsi bu zərəri daha da artırıb. Qeyd olunub ki, vaxtilə işğal altında saxlanılmış torpaqların əkin üçün yararsız vəziyyətə düşməsi orada həyatın yenidən bərpasında böyük çətinliklər yaradır.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mələk Çakmak ölkədə qida təhlükəsizliyinin təmini, BMT-nin qlobal məqsədlərinin icrası və aqrar sahədə məhsuldarlığın artırılması istiqamətində əhali arasında məlumatlılığın artırılmasının önəmli olduğunu qeyd edib. Bununla bağlı Ombudsman təsisatı ilə FAO arasında səmərəli əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb.

Yekunda tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.