Ölkəmizin COP29-a evsahibliyi uğurlu xarici siyasətin nəticəsidir
Siyasət

Ölkəmizin COP29-a evsahibliyi uğurlu xarici siyasətin nəticəsidir

Dekabrın 7-də Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyasının 29-cu toplantısı üzrə evsahibliyindən Ermənistan Azərbaycan lehinə öz namizədliyini geri götürmüşdür. Bundan sonra Bolqarıstan tərəfinin də öz namizədliyini geri götürməsi ilə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyən etmişdir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin ardından COP29-a evsahibliyi etməsi uğurlu xarici siyasətin nəticəsidir. Bu həm də beynəlxalq qurumların ölkəmizə olan etimadının göstəricisidir. Aydın şəkildə görünür ki, Bakıya ciddi maraq var. Ölkəmizin beynəlxalq səviyyədə təcrübəsi heç şübhəsiz ki, Qoşulmama Hərəkatı ilə kifayətlənmir. 2012-ci ildə Avroviziya müsabiqəsi, 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2022-ci ildə "Texnofest" festivalı, bu ilin oktyabr ayında isə 74-cü Beynəlxalq Astronavtika Konqresinə uğurla evsahibliyi edən ölkəmiz bu sınaqlardan üzüağ çıxmış və turistlərin Bakıdan məmnuniyyətlə ayrılmasına şərait yaratmışdır. O cümlədən COP29-un da Azərbaycanda keçirilməsi yaranan məmnunluqdan irəli gəlir. Evsahibliyinin Birləşmiş Ərəb Əmirliklərindən Bakıya ötürülməsi məqsədyönlü siyasi xəttin nə qədər uğurlu olduğunu bir daha sübut edir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub. Sonuncu COP28 bu il Dubayda baş tutub. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib. Ölkəmizin evsahibliyi edəcəyi 29-cu konfransda isə daha çox iştirakçının olacağına heç şübhə yoxdur.

Tacir SADIQOV,

"Respublika".