O yerlərin hər qarışında ayaq izlərim qalıb
Digər xəbərlər

O yerlərin hər qarışında ayaq izlərim qalıb

Ermənistan üçün mühüm strateji əhəmiyyətə malik olan Lori mahalının Kalinino rayonu (keçmiş Vorontsovka) dəfələrlə ermənilərin çirkin məkrli niyyətlərinin hədəfi olmuş, tez-tez ərazi inzibati dəyişikliklərinə məruz qalmışdır. 1828-1831-ci illərə qədər rayonun ərazisində azərbaycanlılar üstünlük təşkil etmiş, sonradan buraya Türkiyədən və İrandan kütləvi şəkildə ermənilər köçürülmüşdür. Çar Rusiyası dövründə aparılan siyahıya alınma zamanı saxtakarlığa yol verilmiş, Azərbaycan kəndlərinin çoxunun adı siyahıya daxil edilməmişdir.

1918-1920-ci illərdə Cənubi Qafqazda baş verən münaqişələr zamanı Lori nahiyəsi, xüsusilə Kalinino rayonunun bir çox kəndləri ermənilərin hücumuna məruz qalmışdır. Abəyli, Nəzərov və Təzəkənd kəndləri yer üzündən silinmiş, Medovka kəndindən isə türklər zorla çıxarılmışlar. İndi ora rus kəndidir.

Qalan türk kəndlərinin əhalisinin bir hissəsi soyqırımı və deportasiyadan bir neçə il sonra, yəni 1922-ci ildə doğma yurdlarına qayıda bilmişlər. 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan digər azərbaycanlılar kimi, Kalinino rayonunun sakinləri də deportasiyaya məruz qalmış, "könüllülük" prinsipi altında acınacaqlı bir vəziyyətdə Azərbaycanın Aran rayonlarına köçürülmüşlər.

Mən Kalinino rayonunun Petrovka kəndində dünyaya göz açmışam. XX əsrin sonlarına yaxın bütün azərbaycanlılar kimi, bizim də xoş növrağımız pozuldu. Yenidən erməni xəyanəti ilə üzləşdik. Onlar uydurma Qarabağ məsələsini ortaya atmaqla azərbaycanlıları ata-baba torpaqlarında sıxışdırmağa başladılar. Çox keçmədən, 1988-ci ilin şaxtalı qış günlərində ermənilər "türksüz Ermənistan" ideyasını reallaşdırdılar. Azərbaycana doğru axışan köç karvanlarının ardı-arası kəsilmədi. Belə bir çətin anda Kalinino rayonunun bir çox ziyalıları xalqın "ümid yeri" sayılan Moskvaya bir-birinin ardınca teleqramlar vurdular. Ancaq nə fayda? Ermənilər öz havadarlarının köməyi ilə Mixail Qorbaçovu və onun ikiüzlü əlaltılarını ələ almışdılar.

Artıq 35 ildir ki, bütün Qərbi azərbaycanlılar kimi, Kalinino rayonunun sakinləri də yurd həsrəti ilə yaşayırlar. Yaşlı nəslin nümayəndələri öz nəvə, nəticələri ilə birlikdə ata-baba yurdlarına qayıdışı səbirsizliklə gözləyirlər.

Qərbi Azərbaycana qayıdış, hər şeydən öncə tarixi ədalətin bərpasıdır. Çünki bu torpaqlar dövrü qədimdən Azərbaycan ərazisinin bir hissəsi olub. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra çar Rusiyası dünyanın müxtəlif ölkələrindən minlərlə erməni ailəsini Qərbi Azərbaycana köçürüb. Çar Rusiyasının bu addımında məqsəd ermənilərdən Türkiyə və Azərbaycana qarşı istifadə etmək olub.

Qərbi Azərbaycana qayıdış bizim haqqımızdır. Soydaşlarımızın öz doğma yurdlarına qayıdışının təmin olunması erməni faşizminin iflası baxımından da mühüm önəm kəsb edir.

Əli ƏLİYEV,

Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin əməkdaşı.