Növbədənkənar Prezident seçkiləri yeni reallıqların təntənəsi olacaq
Siyasət

Növbədənkənar Prezident seçkiləri yeni reallıqların təntənəsi olacaq

7 fevral 2024-cü il Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bunun nəticəsidir ki, müasir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Fevralda keçiriləcək seçkilərin qürurverici amillərindən biri məhz 30 il əvvəl yurd yerlərindən didərgin salınan soydaşlarımızın bir hissəsinin daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səsvermə hüququndan istifadə edəcəyidir. Beləliklə, ilk dəfə olaraq postsovet məkanında torpaqlarını işğaldan azad edən bir dövlətin bütün ərazilərində seçki prosesi reallaşacaq. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi yeni bir nümunə olacaq. Taleyüklü məsələnin xalq-iqtidar birliyinin gücü hesabına həll edən Azərbaycan bu gün inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Üç il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağın və ətraf rayonların erməni işğalından azad edilməsi və bu il sentyabrın 19-20-də keçirilən uğurlu antiterror tədbirləri üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanmasını təmin etdi. Qüdrətli Azərbaycan dövləti öz liderinə, gücünə arxalanaraq düşmən üzərində misli görünməmiş qələbə qazandı.

Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Zəfərimiz Prezident İlham Əliyevin 20 illik siyasi fəaliyyətinin, hərbi-diplomatik zəfərinin, qlobal təşəbbüslərinin bir lider kimi xalqı vahid amal uğrunda səfərbər etməsinin bəhrəsidir. Bəli, İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə müstəqil Azərbaycanın Zəfər salnaməsidir. 30 ildən sonra belə bir qələbəyə imza atmaq liderdən müdriklik, səbir, vətənə sevgi, yüksək sərkərdəlik məharəti tələb edir: "Xoşbəxt o xalqdır ki, kiçik əraziyə və az sayda əhaliyə malik olsa da, onu qalibiyyətə doğru aparmağı bacaran lideri var". Bir sözlə, Prezident İlham Əliyev çoxəsrlik tariximizə Zəfər yazmaqla həm də Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlət kimi tanıtmışdır. Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış Proqramı isə Azərbaycanımızın sabahının daha parlaq olacağına və yeni zəfər səhifələrinə imza atılacağına tam əminlik yaradır.

Azərbaycan ictimaiyyəti ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələri xatırlayarkən müstəqilliyini bərpa edən bir respublikanın hansı ağır sınaqlarla üz-üzə qaldığını göz önünə gətirir. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkə tədricən böhranlı vəziyyətdən çıxa bilmişdir. Bu siyasi kurs ulu öndərin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Xalqın Prezident İlham Əliyevə olan inamının nəticəsidir ki, Azərbaycan dövləti bu gün dünyada öz sözünü deyən, haqqını tələb edən və planetin gələcəyi üçün önəm daşıyan, qlobal proseslərdə yaxından iştirak edən ölkələr sırasında yer alır.

2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Nəticədə, 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni mərhələ başlandı. Ulu öndərin siyasi kursuna sadiqlik nümayiş etdirən xalq bu gün Azərbaycan dövlətinin ən uğurlu dövrünə şahidlik edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il Azərbaycan xalqının tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılmışdır: "Mən hər bir azərbaycanlının Prezidenti olacağam", - deyən Prezident İlham Əliyev 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən Prezident seçkilərində Azərbaycan xalqının etimadını doğrultmuşdur. Bu gün dünyanın tanınmış siyasi liderləri, ictimai xadimlər, beynəlxalq ekspertlər də etiraf edirlər ki, ötən 20 il ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkədə ictimai-siyasi sabitliyi təmin etmişdir.

Xüsusilə vurğulamaq lazımdır ki, 2018-ci il və sonrakı dövr Azərbaycan üçün tarixi dəyişikliklərin başladığı bir zaman kəsiyidir. Xalq öz liderinə bir daha arxalanmış və aprelin 11-də keçirilən seçkilərdə Prezident İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bundan sonrakı dövrdə əldə edilən iqtisadi uğurlarımız siyasi müstəqilliyimizi gücləndirdi. Azərbaycan 30 ildən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan Qarabağ problemini həll etdi, dünyanın enerji təhlükəsizliyində mühüm yeri olan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına nail oldu. Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyəti təmin edildi. Azərbaycan Şimal-Cənub, Qərb-Şərq nəqliyyat xətlərinin həyata keçirilməsində həlledici həlqələrdən birinə çevrildi. Ölkəmiz planeti cənginə alan koronavirusla mübarizə sahəsində mühüm təşəbbüslər irəli sürdü və BMT səviyyəsində Xüsusi Sessiyanın keçirilməsinə nail oldu. Azərbaycan Qoşulmama Hərəkatı və TDT kimi bir sıra qlobal təşkilatlarda aktivliyi ilə ön plana çıxdı. Ölkəmizin gücü və haqlı mövqeyi bu təşkilatlar vasitəsilə qlobal tribunalara daşındı. Prezident İlham Əliyevin uğurlu diplomatiyası hesabına Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin möhkəm hüquqi bazası formalaşdı və nəticədə bir sıra beynəlxalq və regional təşkilatların Ermənistanın hərbi təcavüzü ilə bağlı qətnamələr qəbul etməsinə nail olundu.

Bütün bunların fonunda əminliklə qeyd edə bilərik ki, 2024-cü ildə keçiriləcək Prezident seçkiləri Azərbaycan xalqının qürur və sevinc hissi ilə xatırlayacağı bir hadisə kimi tarixə düşəcək. Suveren ərazilərimizdə dalğalanan üçrəngli bayrağımızın altında vahid şəkildə birləşən xalqımız bundan sonra da uzun illər nailiyyətlərə, zəfərlərə şahidlik edəcək.

Nurlan ABDALOV,

"Respublika".