Müsbət məcraya yönələn münasibətlər
Siyasət

Müsbət məcraya yönələn münasibətlər

Ölkəmizin müstəqil siyasətinin, qətiyyətli mövqeyinin əsas qayəsi qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıqdır

Bir müddət əvvəl ABŞ Konqresində ölkəmizə qarşı bir sıra qərarların qəbulu, yüksəksəviyyəli rəsmilərin səfərinə tətbiq edilən məhdudiyyət, Azərbaycanı sanksiyalarla hədələmək cəhdləri haqlı olaraq rəsmi Bakının ciddi etirazı ilə qarşılanmışdı. Bu addımların qarşılıqlı olacağına dair Vaşinqtona ciddi xəbərdarlıq edilmişdi.

ABŞ-ın Azərbaycana qarşı "yüksələn xətlə" inkişaf etməkdə olan yanlış siyasətinin məqsədi Azərbaycanı onların diktəsilə hərəkət etdirmək, siyasi və geosiyasi maraqlarını həm də bizim üzərimizdən reallaşdırmaq idi. Ancaq belə bir önəmli amili unutdular ki, Azərbaycan kənardan idarəolunan dövlət deyil, müstəqil, qalib dövlətdir. Nəhayət, durum bundan ibarət oldu ki, münasibətlər son dərəcə kəskinləşdi. Əlbəttə, bu vəziyyət Amerikanı narahat etməyə bilməzdi. Bir daha gördülər ki, Azərbaycanı təhdidlə, təzyiqlə qorxutmaq, doğru siyasi kursdan çəkindirmək mümkün deyil. Fakt bundan ibarətdir ki, ABŞ Azərbaycanla münasibətləri daha da kəskinləşməkdən sığortalamaq üçün müəyyən addımlar atmağa başladı.

ABŞ Dövlət katibi Antoni Blinkenlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin telefon söhbəti zamanı ölkə başçımız qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və "ikitərəfli münasibətlərimizdə "əvvəlki kimi" ola bilməz" bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb. Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Pezident İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynı qəbul edib. Görüşdə O'Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə yeni reallıq şəraitində sülh üçün çox yaxşı imkanlar yaranıb. ABŞ bunu dərk edərək münasibətləri irəliyə doğru aparır. ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Ceyms O'Brayn ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğulayıb. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxunub. Təbii ki, əsas məsələ enerji təhlükəsizliyinin təmini, bu istiqamətdə etibarlı tərəfdaşların tapılmasıdır. Azərbaycan uzun illərdir Qərbin enerji təminatında etibarlı tərəfdaş statusunu qazanıb. Hazırda Bakı Avropanın neft-qaz, yaşıl enerji ilə təmini istiqamətində gələcəyə hədəflənən strateji layihələrin əsas oyunçularından biri sayılır. İstər Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının, istərsə də Azərbaycanın özünün enerji potensialının Qərbə çatdırılmasına maneələr yarada biləcək siyasi gedişlər buna əlavə problemlər yarada bilər. O'Brayn ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb. Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğulayıb. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirib. Göründüyü kimi, Vaşinqton Azərbaycanın diqqətinin özündə cəmlənməsi üçün daha çox cəlbedici səy göstərməyə çalışır.

Dövlətimizin başçısı Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırıb.

Ölkəmizi beynəlxalq səviyyədə etibarlı tərəfdaşa və bölgənin əsas söz sahibinə çevirən əsas amil Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil siyasəti, qətiyyətli mövqeyidir. Bu siyasət yalnız haqq və ədalət tələb edir. Qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq onun əsas qayəsidir. Bütün maraqlı tərəflərin gözləntilərini qarşılayan bu siyasətlə bağlı haqsız gedişlər isə daha çox həmin qüvvələrin özlərinə qarşı əks effekt verəcək. Bunu həm Vaşinqtonda, həm də digər beynəlxalq mərkəzlərdə artıq gözəl anlayırlar.

Bütövlükdə isə O'Braynın səfəri ABŞ-Azərbaycan münasibətləri baxımından əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan rəsmilərinin də ABŞ-a səfəri bərpa olunur. Çünki ikitərəfli münasibətlərin müsbət məcrada davamı üçün bu, çox vacibdir. Səfərlərin bərpası ilə ABŞ-Azərbaycan əlaqələri öz əvvəlki səviyyəsinə qayıdır.

Mustafa KAMAL,

"Respublika".