Müqəddəs amal, ali məqam
Region

Müqəddəs amal, ali məqam

Vətən müharibəsində ən şiddətli və gərgin döyüşlər Füzuli istiqamətində baş verib. Çünki otuz ilə yaxın düşmən bu ərazilərdə çoxlu sayda müdafiə istehkamları, bunkerlər, səngərlər və digər müdafiə qurğuları yaratmışdı. Bütün bunlara baxmayaraq, şanlı ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra etdi. Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirilən əks-hücum əməliyyatları uğurla başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşdu və qələbə qazandı.

Vətən müharibəsinin qəhrəmanlarından biri Məhəmməd Talıbov Füzuli torpağının yetirməsidir. Haqqın ucalığına yüksələn Məhəmməd canını, qanını Vətənə fəda etdi, döyüşlərdə igidliyi ilə ad-san qazandı. Məhəmməd Aydın oğlu Talıbov 1996-cı il martın 10-da Füzuli rayonunun Böyük Bəhmənli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Ordu sıralarından tərxis olunduqdan sonra Məhəmməd bir müddətdən sonra uşaqlıq arzusuna çatmaq üçün səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbəsinə müraciət edib. Məhəmməd müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətini davam etdirib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində ilk döyüşə atılanlar sırasında yer alıb. Şiddətli döyüşlərin getdiyi Füzuli istiqamətində düşmən sədlərinin yarılmasında qəhrəmanlığı ilə seçilib. Həmin döyüşlərin birində Məhəmməd yaralanır. Bir müddət hərbi hospitalda müalicə alıb. Müalicəsi tam başa çatmadan Məhəmməd yenidən cəbhəyə qayıdıb. Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə cəsarət, igidlik nümayiş etdirib. Noyabrın 3-də Şuşa ətrafında döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına həlak olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun hərbi qulluqçusu Məhəmməd Talıbov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi Məhəmməd Talıbovun doğum günündə Böyük Bəhmənli kəndində xatirəsini əbədiləşdirən bulaq kompleksinin açılışı olub. "Şəhid bulağı"nın açılışı münasibətilə keçirilən mərasimdə şəhidin ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, N saylı hərbi hissənin əməkdaşları, kənd məktəbinin kollektivi, ağsaqqallar iştirak ediblər. Mərasimdə çıxış edənlər bildiriblər ki, Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində həm döyüş meydanında, həm də diplomatiyada göstərdiyi qətiyyət, güclü iradə, sərkərdə məharəti ilə müqəddəs savaşı Qələbə ilə başa çatdırdı. Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı indi ən yüksək mərhələdədir.

Məkanı cənnət, ruhu şad olan, xatirələri uca tutulan şəhidlərimizin həyat və döyüş yolu gələcək nəsillərin qürur yerinə çevrilib, adları isə tariximizin səhifələrinə şərəflə yazılıb. Ömür yolları yarıda kəsilsə də şəhidlər Vətəni bütöv etdilər, yüz minlərlə soydaşımızın yurd həsrətinə son qoydular.

S.BABAYEV,

"Respublika".