Müdrik siyasət nəticəsində xalqımızın əbədi arzusu reallaşdı
Siyasət

Müdrik siyasət nəticəsində xalqımızın əbədi arzusu reallaşdı

Dünyada hər bir ölkənin tərəqqisi sübut edir ki, bu uğurlar xalqın içərisindən çıxan tarixi şəxsiyyətlərin uzaqgörən siyasətinin gərgin əməyinin bəhrəsidir. Çünki tarixi şəxsiyyətlər yaradır. Bu mənada xalqımızın yetirdiyi böyük siyasi və dövlət xadimi Heydər Əliyev dünyaşöhrətli görkəmli şəxsiyyət olmaqla ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrik siyasəti ilə hərtərəfli inkişafa nail olub.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixində əvəzsiz rolu ilə seçilməklə xalqın xilaskarlıq missiyasını şərəflə yerinə yetirən şəxsiyyətdir.

Prezident İlham Əliyevin ötən il ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Sərəncamında deyilir:

"Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".

Məlumdur ki, Azərbaycanın inkişaf tarixinin parlaq dövrü Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublikamıza rəhbər seçilməsi ilə başlandı. Bununla da cəmiyyətimizin bütün sahələrində sürətli yüksəliş, milli ruhun və mənəviyyatın tərəqqisi geniş vüsət aldı. Doğma xalqının böyük təəssübkeşi olan Ümummilli Liderimiz 1960-1970-ci illərdə - totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməyə və yüksək uğurlar qazanmağa başladı. Bugünkü qüdrətli Azərbaycanın ilk təməl daşları məhz həmin dövrdə qoyuldu.

Xalqının xilaskarı olmaq missiyası həyat amalına çevrilmiş Heydər Əliyev qətiyyətli rəhbərliyi ilə zamanın axarını dəyişdi. Bununla da tariximizə Heydər Əliyevin hakimiyyəti Azərbaycanın intibah dövrü kimi daxil oldu. Böyük bir müdrikliklə hazırlanan və uğurla həyata keçirilən strateji proqramlar nəticəsində 1970-ci illərdə bütün respublika əzəmətli quruculuq meydanına çevrildi. 1969-1982-ci illər ərzində ölkədə 250-dən çox zavod, fabrik, istehsal sahələri, obyektlər istifadəyə verildi, 630 min iş yeri açıldı. Bu potensial gələcəkdə Azərbaycanın çiçəklənməsi üçün möhkəm zəmin yaratdı.

Ulu Öndərin fəaliyyətində milli kadrların yetişdirilməsi və işlə təmin olunması prioritet əhəmiyyət kəsb edirdi. Hakimiyyətə gəldiyi vaxtdan Heydər Əliyev ölkənin gələcək inkişafı üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması işinə xüsusi önəm verirdi. Bu səbəbdən də respublikadan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək 40 faiz təşkil edirdisə, bu rəqəm 1980-ci ilin əvvəlində 98 faizə yüksəldi. Bununla da Azərbaycan geridə qalan aqrar ölkədən inkişaf etmiş müasir sənaye respublikasına çevrildi. Ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində əhalinin rifah halı yüksəldi. Xalqımızın milli mənlik şüuru oyandı, ürəklərdə azadlıq, müstəqillik duyğuları baş qaldırdı.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışaraq dünyanın böyük dövlətlərindən birinin iqtisadi inkişafına son dərəcə böyük töhfələrini verdi.

Ulu Öndərin xalqla bağlılığı bütün dövrlərdə öz təsdiqini tapıb. 1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqımıza qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Dahi şəxsiyyət Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, Sovet İttifaqı Kommunist Partiyasının sıralarından istefa verdi.

Ölkədə 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə xalq-vətəndaş müharibəsi ilə qarşılaşdı, respublikamız parçalanmaq, müstəqilliyimiz isə itirilmək təhlükəsi ilə üzləşdi. Ölkədə inflyasiya getdikcə dərinləşdiyindən xalqın yaşayış tərzi kəskin dərəcədə ağırlaşırdı. Belə bir çətin və mürəkkəb məqamda Azərbaycan xalqı nicat yolunu müəyyənləşdirmək üçün yeganə xilaskarı olan Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.

Tariximizə Qurtuluş Günü kimi düşən 15 iyunda xalqımız düçar olduğu faciələrdən qurtularaq Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində yeni bir inkişaf dövrünə qədəm qoydu. Budur tarixi şəxsiyyətin xalqın həyatında əvəzsiz rolu.

Ulu Öndər 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilərək ölkəmizin daha parlaq gələcəyi üçün müdrik siyasətini uğurla həyata keçirdi və sabitliyin təməlini qoydu. Tərəqqi üçün ölkədə və regionda sülhü, ölkə daxilində həmrəyliyi bərpa etdi və Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail oldu.

Ulu Öndərin müdrik siyasəti və rəhbərliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkəmizin müstəqil siyasət yeridərək tarixdə ilk dəfə olaraq təbii sərvətlərinin taleyinin xalqın ümumi mənafeyi naminə həll etdi. Bununla da respublikamızın dünya birliyində rolu və qüdrəti durmadan yüksəlməyə başladı. Dünyada ərazisi və əhalisinin sayı əksər ölkələrdən az və xarici düşmənləri çox olan bir ölkənin bu şəkildə inkişaf etməsi analoqu olmayan bir hal kimi qiymətləndirilir. Xalqımız qazandığı bütün bu uğurlara görə Heydər Əliyevin müdrik siyasətinə ömrü boyu minnətdardır. Budur, tarixdə şəxsiyyətin rolu və xalqı yolunda əvəzsiz xidməti.

Heydər Əliyevin bir tarixi şəxsiyyət olaraq dünyada tanınmasında və sevilməsində diqqət çəkən məqamlardan biri də bu müdrik siyasətin davamlılığının təmin olunmasıdır. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etdi və xalqa həmin ilin oktyabrın 1-də müraciət edərək müdrik siyasətinin xalqımızın xoşbəxtliyi naminə davam etdirilməsinin vacibliyini açıqladı: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu Öndərimizin müdrik siyasətinin Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir ki, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, dinamik inkişafı təmin olunub və dünya birliyində rolu durmadan genişlənərək yüksəlir.

Dünyanın aparıcı dövlət başçıların və dahi insanların Ulu Öndər haqqında fikirləri də bunu deməyə əsas verir ki, Azərbaycan xalqı dünyaya Heydər Əliyev kimi tarixi şəxsiyyət bəxş etməklə onun inkişaf strategiyası əsasında öz əbədi xoşbəxtliyini təmin edib.

Fərhad QARAŞOV,

Azərbaycan Nar İstehsalçıları və

İxracatçıları Assosiasiyası İctimai Birliyi İdarə Heyətinin sədri,

iqtisad üzrə fəlsəfə doktoru.