Mina xəritələrinin gizlədilməsi ölkəmizə qarşı terrorun davamıdır
Digər xəbərlər

Mina xəritələrinin gizlədilməsi ölkəmizə qarşı terrorun davamıdır

İşğaldan azad olunduqdan sonra Şuşa şəhəri bu günədək bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edib. İyul ayının 21-də isə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər və tanınmış jurnalistlər bu qədim Azərbaycan şəhərində bir araya gəldilər.

Azərbaycanda Milli Mətbuatın yaradılmasının 148-ci ildönümünə həsr olunmuş Şuşada Qlobal Media Forumunun açılış mərasimində Prezident cənab İlham Əliyevə ünvanlanan suallar ölkəmizə və ümumilikdə Cənubi Qafqazda gedən proseslərə bütün dünyada marağın son dərəcə böyük olduğunu və getdikcə artdığını bir daha nümayiş etdirdi. Öz növbəsində dövlət başçımız əhatəli və əsaslandırılmış cavabları ilə ölkəmizin hər bir konkret məsələyə dair prinsipial mövqeyinin və gündəliyinin olduğunu bir daha ortaya qoydu. Əlbəttə ki, bu gün beynəlxalq ictimaiyyəti maraqlandıran ən aktual məsələlərdən biri Cənubi Qafqazda gedən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlıdır. Son iki ildə Avrasiya məkanında gedən məlum proseslər, xüsusilə də Rusiya-Ukrayna hərbi münaqişəsi bir çox ciddi problemlərə yol açdı ki, bunların da arasında Avropanın enerji təhlükəsizliyinin təminatı, eləcə də şərq-qərb və şimal-cənub istiqmətlərində beynəlxalq yükdaşımalarda yaranmış çətinliklərin aradan qaldırılması kimi məsələlər xüsusilə diqqəti cəlb edir. Azərbaycan isə həm zəngin təbii resursları, həm də əlverişli coğrafi yerləşməsi ilə hər iki problemin həllində mühüm rol oynaya bilər və oynayır da. Aydındır ki, Azərbaycan Avropa ölkələrini enerji resursları ilə fasiləsiz və etibarlı şəkildə təmin etmək iqtidarındadır və Ermənistan bunu heç bir şəkildə əngəlləmək gücündə deyil.

Ermənistanın, yumşaq desək, destruktiv mövqeyini nümayiş etdirən məqamlardan biri bu günə kimi hələ də mina xəritələrinin Azərbaycan tərəfinə təqdim olunmaması ilə bağlıdır. İkinci Qarabağ müharibəsi artıq üç ilə yaxındır ki, başa çatıb. Keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu gün Ermənistan rəhbərliyi tərəfindən Qarabağın Azərbaycana məxsus olduğuna dair bəyanatlar kifayət qədər tez-tez səsləndirilir. Lakin bütün bunlara rəğmən, rəsmi İrəvan hələ də 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində basdırdığı minaların xəritəsini ölkəmizə təqdim etməkdən boyun qaçırır. Forum iştirakçısının bu mövzu ilə bağlı sualını cavablandırarkən Prezident İlham Əliyev bildirdi ki, bu, çox vacib bir məsələdir. Çünki minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıb. Yəni üç yüzə yaxın mina partlamasının azad olunmuş ərazilərdə baş verməsi müharibə cinayətidir. Mina xəritələrinin Azərbaycan tərəfinə təqdim olunmaması isə Ermənistanın ölkəmizə qarşı olan terrorunun davamıdır. Bu vəziyyət davam etdikcə Ermənistanın hansısa xoşməramlı niyyətindən, təşəbbüsündən danışmaq mümkün deyil.

Bu gün bütün dünya Azərbaycanın öz gücünə işğaldan azad etdiyi və indi də yenidən bərpasını həyata keçirdiyi ərazilərində gedən möhtəşəm işləri böyük diqqət və maraqla izləyir. Şuşa Qlobal Media Forumunun gedişində dövlət başçımıza ünvanlanan suallar da bu marağın kifayət qədər böyük olduğunu deməyə əsas verir. Quruculuq prosesinin nə qədər davam edəcəyi, keçmiş köçkün vətəndaşlarımızın hansı müddətdə tam olaraq öz dədə-baba yurdlarına geri dönəcəkləri bu suallarda toxunulan əsas məqamlardan idi. Bütün bu suallara ətraflı cavab verən ölkə Prezidenti cənab İlham Əliyev həm Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi, həm də Böyük Qayıdış Proqramının effektiv icrası ilə bağlı konkret faktlara əsaslanan açıqlamalar təqdim etdi. Qeyd olundu ki, bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq və bu, hələ ancaq başlanğıcdır. İlkin mərhələdə 8 şəhəri və 100 kəndi yenidən qurmaq nəzərdə tutulub. Artıq Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində insanlar məskunlaşıblar. Ümumilikdə isə işğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Dövlət başçısı növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanların yaşayacaqlarının anonsunu verdi və bildirdi ki, şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır. Bu isə o deməkdir ki, yenidən qurulan şəhərlərimizin işğaldan əvvəlki dövrə nisbətən iki dəfədən artıq əhalisi olacaq. Bütün bunlar əlbəttə ki, ilk növbədə Azərbaycanın iqtisadi gücünü və ikinci bir tərəfdən də azərbaycanlıların öz torpaqlarına, öz tarixi irslərinə bağlılığını bütün dünyaya bir daha nümayiş etdirən amillərdir.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.