Milli və bəşəri dəyərlərə misilsiz töhfələr
Sosial həyat

Milli və bəşəri dəyərlərə misilsiz töhfələr

"Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" deyən, mənalı ömrünü millətinin gələcəyinə, dövlətçiliyinə həsr edən ulu öndər Heydər Əliyevin ideyaları bu gün müstəqil dövlətimizi xoş gələcəyə, işıqlı sabahlara aparır. Ümummilli liderin milli dövlətçilik ideyalarının gerçəkləşməsi, zəngin mənəvi irsinin öyrənilməsi, qorunub gələcək nəsillərə ərməğan edilməsi missiyasını Heydər Əliyev Fondu uğurla həyata keçirir. Müstəqil dövlətimizin banisi, xalqının, millətinin mənafeyini hər şeydən üstün tutan, onun qədim tarixinə, dilinə, milli-mənəvi irsinə hər zaman həssaslıqla yanaşan ulu öndərin adını daşıyan Fond ölkə həyatının bütün sahələrində - təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya, sosial sahələrdə müxtəlif layihələr həyata keçirərək böyük nailiyyətlərə imza atır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət və xalq qarşısında ən böyük xidməti 2004-cü ildə təsis etdiyi Heydər Əliyev Fondu ilə bağlıdır. Fondun xətti ilə milli mədəniyyətimizi himayə edən Mehriban xanım müasir Azərbaycandan əski çağlara geniş yol açdı, tarixi abidələrimiz, muğamlarımız, qədim sazımız, tarımız, xalçalarımız dünyanın maddi-mədəni inciləri sırasına daxil edildi. Bakı şəhərində və bəzi rayonlarda Muğam Mərkəzinin açılması bu sənətin inkişafı və təbliği istiqamətində mühüm addım oldu. Bu möhtəşəm addım "Azərbaycan muğamları" layihəsi ilə müşayiət olundu. Layihə çərçivəsində işıq üzü görən "Qarabağ xanəndələri" albomu tanınmış muğam ifaçılarını yenidən dünyaya təqdim etdi, muğam dünyamızı zinətləndirən görkəmli sənətkarlarımız  Qarabağ həqiqətlərini muğamın dili, səsin sehri ilə dünyaya çatdırdı. "Muğam-Dəsgah" layihəsi çərçivəsində muğam dəsgahları aləmə səs saldı. "Muğam Ensiklopediyası" layihəsi həyata keçirildi, elektron variantı hazırlandı. "Muğam portalı"nın yaradılması, "Muğam İnternet" layihəsinin, muğamla bağlı beynəlxalq konfransların, festivalların, simpoziumların həyata keçirilməsini nəzərdə tutan "Muğam dünyası" layihəsi, Beynəlxalq Muğam Festivalı, televiziya Muğam müsabiqələri Heydər Əliyev Fondunun Azərbaycana, eyni zamanda sənətşünaslığa və musiqişünaslığa bəxş etdiyi ən möhtəşəm töhfələrdir.

Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox abidələrin, dini məbədlərin bərpası da məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Müqəddəs yerlər, ziyarətgahlar, məscidlər təmir olunaraq dindarların ixtiyarına verilir.

Heydər Əliyev ideyalarının davamçısı olan Mehriban xanım Əliyeva müqəddəs inanc yerlərinin - məscidlərin, mədəni-dini abidələrin bərpasına xüsusi diqqət və qayğı ilə yanaşır. Cavad xanın məzarı üzərində məqbərənin ucaldılması, "Comərdi Qəssab" türbəsinin inşası, Gəncədə "İmamzadə"nin və digər maddi-mədəniyyət incilərinin bərpa edilməsi, Gəncə Qalası darvazasının yaddaşlara qaytarılması, Gəncənin 2500 illiyinin təntənə ilə qeyd edilməsi, "Cavad xan" filminin yaradıcı heyətinə dəstək göstərilməsi Mehriban xanımın milli dövlətçilik tariximizin qızıl səhifələrinə yazılmış misilsiz xidmətidir.

Bütün varlığı, ruhu, duyğuları ilə Azərbaycanın, Şərqin və türk dünyasının bir parçası olan Mehriban xanım dinlərarası və sivilizasiyalararası dialoqa töhfələri, fikir və düşüncə azadlığına, insan şəxsiyyətinə, milli-mənəvi dəyərlərə ehtiramı ilə  yeni minillikdə əski dəyərlərin hamisidir. Sivilizasiyalararası dialoqda gənclərin, elmin və elm adamlarının, sənətin, mədəniyyətin rolunu dəyərləndirən Heydər Əliyev Fondunun Prezidentinin dəstəyilə Şərqlə Qərbin qovuşduğu Azərbaycanda beynəlxalq konfranslar, forum, sammit, simpozium və festivallar təşkil olunur. Beynəlxalq münasibətlərin, sivilizasiyalı cəmiyyətin qurulmasında ziyalıya, dünyəvi dəyərlər yaradan şəxsiyyətlərə daima ehtiram bəsləyən, onlara milli, dini, siyasi mənsubiyyətinə görə deyil, istedadına görə dəyər verən Heydər Əliyev "Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir" deyərək bəşəri dəyərlərə xidmət edən hər bir tarixi şəxsiyyətə, ziyalıya, sənətkara ehtiram nümayiş etdirirdi. Heydər Əliyev Fondunun da illərlə yaranan, formalaşan, yaddaşdan-yaddaşa ötürülən sənət incilərinə diqqətlə yanaşması, gerçəkləşdirdiyi genişmiqyaslı layihələr arasında sənətə, mədəniyyətə, incəsənətə xüsusi diqqət ayırması adını daşıdığı şəxsiyyətə, onun duyğu və düşüncələrinə böyük ehtiramın əlamətidir.

Sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, mənəvi dəyərlərin dialoquna bu gün daha çox ehtiyac duyan dünya sanki xeyirlə şərin, yaxşı ilə pisin, işıqla qaranlığın mücadiləsindədir. Soyuq müharibənin yer üzünü cənginə aldığı bir dövrdə, qloballaşan dünyada indi təkcə silahlar döyüşmür, mədəniyyətlər, sivilizasiyalar üz-üzə gəlir. Qloballaşan dünyanı isə ancaq düşünən beyinlər, ədalətə tapınan ictimai-siyasi xadimlər, liderlər xilas edəcək. Bu baxımdan, ulu öndər Heydər Əliyevin ideyalarını yaşadan Fond mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində əvəzolunmaz fəaliyyət göstərir.

Dünyada qüdrətli şəxsiyyətlərin adını daşıyan fondlar çoxdur. Onların dəstəyilə xeyriyyə aksiyaları keçirilir, incəsənətin, mədəniyyətin ayrı-ayrı sahələri himayə olunur, inkişaf etdirilir. Osmanlı sultanlarının qurduqları vəqflər, Nobel Fondu, Tereza Ana Fondu, İhsan Doğramacı Fondu uzun illər ərzində fəaliyyətləri ilə cahanda sülhə, sabitliyə, əmin-amanlığa, xeyriyyəçilik məqsədləri ilə təşkil olunan tədbirlərə töhfələr veriblər. Görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan Fond ölkəmizin sosial-iqtisadi, mədəni inkişafı, sivilizasiyalı cəmiyyətə inteqrasiyası, xalqımızın min illər boyu yaratdığı, yaşatdığı dəyərlərin qorunması, maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verir.

Ümummilli liderin zəngin irsindən bəhrələnərək genişmiqyaslı proqram və layihələr gerçəkləşdirən, xüsusi qayğıya ehtiyacı olan insanlara əl tutan, gənclərin yaradıcı potensialının, bilik və bacarığının üzə çıxarılmasına, inkişafına diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondu 20 illik fəaliyyətində böyük uğurlara imza atıb. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı atılan hər bir addıma, görülən hər bir uğurlu layihəyə dəstək verib, uşaq və gənclərin maariflənməsinə, vətənpərvər bir şəxsiyyət, vətəndaş kimi formalaşmasına, Vətənimizin beynəlxalq nüfuzunun artmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, respublikamızın elm, təhsil, mədəniyyət xadimlərinin, ziyalıların xarici ölkələrin təhsil və elmi mərkəzləri ilə əlaqələrinin möhkəmlənməsinə böyük töhfələr verib.

Heydər Əliyev Fondu həmçinin uşaq müəssisələrinin, səhiyyə obyektlərinin infrastruktunun qurulmasına, ekologiya sahəsində mühüm tədqiqatların və layihələrin dəstəklənməsinə, ölkəmizdə və onun hüdudlarından kənarda aktual mövzulara dair konfrans və simpoziumların, yaradıcı gənclərin və incəsənət xadimlərinin sərgilərinin təşkilinə, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanmasına dəstək vermək kimi mühüm missiyanı yerinə yetirir. Həmçinin tarixi-ideoloji və siyasi məzmunlu layihələr reallaşdıran Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin, XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olan Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş insanlıq adına sığmayan soyqırımı kimi tanıdılmasında, Ermənistanın dövlətimizə, xalqımıza vurduğu ekoloji, iqtisadi, o cümlədən  sosial-psixoloji, maddi-mənəvi zərərin ölçüyəgəlməz zərərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayıb.

İkinci Qarabağ müharibəsindəki qalibiyyətimizdən sonra işğaldan azad olunmuş ərazilərdə başlanan bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir. Belə ki, ötən müddət ərzində Fond tərəfindən bir sıra mədəniyyət abidələrinin restavrasiya işləri başa çatdırılmış, Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhər Ağa məscidi, Xan qızı bulağı və digər tarixi bina və abidələr bərpa olunmuşdur. Aşağı Gövhər Ağa məscidi, Mamayı məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidi, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası istiqamətində işlər davam etdirilir.

Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu 20 il ərzində həyata keçirdiyi layihələrlə, genişmiqyaslı işlərlə bir daha sübut etdi ki, qısa zaman kəsiyində milli və bəşəri dəyərlərin yaşadılmasına misilsiz töhfələr vermək, möhtəşəm uğurlar, nailiyyətlər əldə etmək mümkündür.

Mehparə ƏLİYEVA,

"Respublika".