MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN HAMİSİ
Digər xəbərlər

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN HAMİSİ

XX əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Tanrı onu Azərbaycan xalqına xilaskar kimi göndərmişdi. O, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük işlər görmüşdür. İllər keçsə də Azərbaycan xalqı onun bu böyük xidmətlərini heç zaman unutmayacaq.

Ümummilli lider Heydər Əliyevin həyat tarixçəsinə nəzər saldıqda onun Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynadığının şahidi oluruq. Məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı. Azərbaycan xalqı bu uzaqgörən siyasətin bəhrəsini növbəti illərdə daha çox gördü.

Sovet hökumətinin süqutundan, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə din sahəsində yeni bir mərhələ başladı. Sovet dönəmində ayrı-ayrı dinlərin ölkəmizdə sərbəst yayılması, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı. Uzun illər bağlı qalan ibadət ocaqları fəaliyyətini bərpa etdi, yeni məscid, kilsə və sinaqoqlar inşa olundu. Bir sözlə, dini icmaların sərbəst fəaliyyəti üçün dövlət hər cür şərait yaratdı.

Bu dövrdə dini etiqad azadlığı üçün yaradılan sərbəst şəraitdən, uzun illər tətbiq edilən qadağalar səbəbindən əhalinin dini biliklərinin zəif olmasından istifadə edən radikal dini təriqətlər öz təlimlərini yaymaq üçün fəal təbliğata keçdilər. Tərəfdarlar toplamaq və təsir dairələrini genişləndirmək məqsədilə müxtəlif üsullardan istifadə etdilər.

Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı dövrdə ölkəmizdə bir çox sahələrdə olduğu kimi, dini fəaliyyət sahəsində də ciddi gərginlik müşahidə olunurdu. Liderimiz siyasi hakimiyyətə gəldikdən sonra din sahəsində gərginliyin azaldılması, sabitliyin qorunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi, bütün bu işlər böyük zərgər dəqiqliyi ilə görüldü.

Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar daxil edildi. Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, qonşu dövlətlərdən fərqli olaraq ölkə konstitusiyasında bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın vicdan və etiqad azadlığının olduğu xüsusi vurğulandı. Bu müdrik və uzaqgörən yanaşma özünü 1996-1997-ci illərdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa edilən mühüm dəyişikliklərdə də açıq göstərdi. Beləliklə, Azərbaycanda dövlət-din münasibətlərində yeni mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə, dini icmalara qayğısı daha da artdı.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən dövlətin din sahəsində siyasətinin əsas istiqamətləri barədə ardıcıl bəyanatlar səsləndirərək dövlətin milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verəcəyini bildirdi: "Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, islam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri - hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıbdır. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar".

Ulu öndər, həmçinin Azərbaycanda dini dözümlülüyün hər zaman yüksək səviyyədə olmasını, dini zəmində münaqişələrin baş verməməsini yüksək qiymətləndirərək, Azərbaycan xalqını bu ənənəni qorumağa çağırdı: "Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı - 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq".

Eyni zamanda ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına, gənc nəslin sağlam mənəvi ruhda tərbiyəsinə qayğı göstərilməsinin, həmçinin gənclərin dini dözümlülük ruhunda tərbiyəsinin vacibliyini vurğulayaraq, İslam pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinin yolverilməz olduğunu bəyan etdi: "Bizim gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt yol verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, İslam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinə gətirib çıxartsınlar".

Ulu öndər Heydər Əliyev məhz bu prinsiplərdən çıxış edərək ölkəmizdə dini ibadət ocaqlarının inşasına, təmir və bərpasına da xüsusi önəm verirdi. Onun həmin dövrdə din sahəsində verdiyi ilk önəmli qərarlardan biri Bibiheybət məscidinin təmir və bərpası ilə bağlı oldu. Məlum olduğu kimi, Azərbaycan xalqının yaddaşında xüsusi iz buraxan bu ibadət ocağı sovet hakimiyyəti illərində güclü repressiyaya məruz qalaraq dağıdılmışdı. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə sözügedən ibadət ocağı qısa müddətdə yüksək səviyyədə təmir və bərpa olunaraq dindarların istifadəsinə verildi. Məscidin açılışında Heydər Əliyev iştirak edərək geniş və ətraflı nitq söylədi.

Dini dəyərlərə yüksək hörmət nümayiş etdirən ümummilli lider Heydər Əliyev mütəmadi olaraq dini bayramlarda və əlamətdar günlərdə ibadət ocaqlarını ziyarət edər, din xadimləri ilə görüşər, dini bayramlar və mərasimlər münasibətilə dini icmalara təbriklər ünvanlayardı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə atdığı ilk ən mühüm addımlardan biri də İslam dünyasının müqəddəs məkanlarının ziyarəti oldu. Onun Məkkə və Mədinə şəhərlərini ziyarət etməsi İslam dəyərlərinə bağlılığının və sadiqliyinin bariz göstəricisi idi. Ziyarət zamanı İslam dəyərləri haqqında söylədiyi yüksək fikirlər bunu bir daha təsdiq edir.

Ümummilli lider Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri Azərbaycanın müsəlman ölkələri ilə qarşılıqlı əlaqələrinin inkişafına və İslam dünyasına sürətli inteqrasiyasına da ciddi təsir göstərdi. Azərbaycan qısa vaxtda İslam Əməkdaşlıq Təşkilatının fəal və aparıcı üzvlərindən birinə çevrildi. Azərbaycanın bu ölkələr arasında nüfuzu daha da artdı.

Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri, İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşməsi müsəlman dünyasında Azərbaycana diqqət və marağı artırdı. Məhz bu uzaqgörən siyasət nəticəsində qurum dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qətiyyətlə pisləyən bəyanatlar verdi, müsəlman ölkələrini Ermənistanla əlaqə qurmamağa çağırdı. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar dövlət, Xocalı faciəsini isə soyqırımı kimi tanıdı.

Ulu öndər Heydər Əliyev Azərbaycan müsəlmanlarının dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə də xüsusi önəm və dəstək verdi. Onun diqqət və qayğısı ilə qurumun fəaliyyəti daha da genişləndi və Qafqazda ən böyük dini mərkəzə çevrildi. Bu İdarənin siyasi rolunu və əhəmiyyətini dərk edən ulu öndər davamlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşər və dini məsələlərlə bağlı onunla davamlı məsləhətləşmələr aparardı.

Heydər Əliyev İslamın Qafqazda yayılmasının tarixinin öyrənilməsinə, bu sahədə tədqiqatların aparılmasına da xüsusi önəm verirdi. Onun diqqət və qayğısı ilə Bakıda dünyanın tanınmış müsəlman alimlərinin iştirakilə bir neçə mühüm beynəlxalq konfrans keçirildi və həmin tədbirlər İslam dünyasında böyük əks-səda doğurdu.

Belə mühüm tədbirlərdən biri 1998-ci ildə İslam dünyasının tanınmış alim və ictimai xadimlərinin iştirakı ilə "İslam sivilizasiyası Qafqazda" mövzusunda keçirildi. Bakıda belə bir tədbirin keçirilməsi müsəlman dünyasında böyük əks-sədaya səbəb oldu, diqqəti Azərbaycana çəkdi. Bu mötəbər tədbirdə ümummilli lider Heydər Əliyev İslamın Qafqazda yayılmasının tədqiqi ilə bağlı mühüm tezislər irəli sürdü, bir sıra mühüm təşəbbüslər səsləndirdi: "...Mən belə fikrə gəlirəm ki, Azərbaycan Qafqazda İslam sivilizasiyası araşdırmalarının mərkəzi ola bilər. Azərbaycanın buna haqqı da vardır... Əgər siz hamınız belə bir qərara gələ bilsəniz, Azərbaycanda bir mərkəz yaratmaq olar. Azərbaycan dövləti də buna himayəçilik edə, kömək göstərə bilər. Məhz hər halda Azərbaycanın timsalında demək istəyirəm ki, bu sahədə çox böyük işlər görülməlidir. Elmi-tədqiqat üçün burada geniş imkanlar vardır".

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında digər bir mühüm xidməti müsəlman ölkələri ilə əlaqələrin inkişafı ilə bağlıdır. Ulu öndər hakimiyyətə gəldiyi ilk günlərdən müsəlman ölkələri ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verdi, bu istiqamətdə ciddi addımlar atdı. Azərbaycan qısa müddətdə İslam Əməkdaşlıq Təşkilatında təmsil olundu, bu qurumun aktiv üzvlərindən birinə çevrildi.

Hələ keçmiş sovet dönəmindən Heydər Əliyev siyasi qabiliyyət və bacarığına görə müsəlman ölkələri tərəfindən İslam dünyasının böyük şəxsiyyətlərindən biri kimi qəbul edilirdi və hörmət olunurdu, Moskvada çalışdığı illərdə hələ bir çox müsəlman ölkələrinin rəhbərləri ilə yüksək əlaqələr qura bilmişdi.

Məlum olduğu kimi, dini etiqad azadlığının təmin olunmasında və dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Bu reallığı nəzərə alan ümummilli lider Heydər Əliyev bütün dinlərin dəyərlərinə hörmətlə yanaşır, tolerantlıq ənənələrini möhkəmləndirir, dini ədavət və düşmənçilik çağırışlarının qarşısının alınması istiqamətində mühüm qərarlar qəbul etdi. Xalqlar, dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi tədbirlər həyata keçirildi. Onun diqqət və qayğısı təkcə müsəlmanları deyil, Azərbaycanda yaşayan digər bütün dinlərin mənsublarını əhatə etdi, ölkəmizdə məscidlərlə bərabər, sinaqoq və kilsələrin də bərpa və inşa edildi.

Ulu öndər 1999-cu il noyabrın 16-da Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə görüş keçirdi. Görüşdə ümummilli lider bir sıra vacib məqamlara toxundu: "Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının - həm azərbaycanlıların, həm rusların, həm ukraynların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların - Azərbaycanda başlıca dinimiz olan İslam dinini, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilmişdir".

Ulu öndər Heydər Əliyevin bilavasitə diqqət və qayğısı ilə 1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verildi. 2001-ci ilin may ayında bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfərə gəldi. Ölkəmizdəki tolerantlıq mühitinə heyranlığını ifadə etdi: "Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrində belə yoxdur".

Kilsənin açılış mərasimində ümummilli lider Heydər Əliyev və dövlət rəsmiləri də iştirak edərək bu ibadət ocağının təmir olunaraq dindarların istifadəsinə verilməsini yüksək qiymətləndirdi.

1999-2001-ci ildə Bakıda digər pravoslav məbəd - Müqəddəs Məryəmin Miladı Baş kilsəsi bərpa olundu. 1998-ci ildə Azərbaycanda Bakı və Xəzəryanı ölkələrin bölgə yepiskopluğu yaradıldı, tərkibinə Azərbaycan ərazisindəki Pravoslav kilsələri ilə yanaşı, Dağıstan və Çeçenistan Respublikalarındakı Pravoslav kilsələri də daxil edildi. Bu, Azərbaycanın dini fəaliyyət sahəsində növbəti böyük uğuru idi.

2003-cü ilin aprel ayında ümummilli liderimiz Heydər Əliyevin dəvətilə Rum patriarxı II Varfolomey dini durumla tanış olmaq, dinlərarası dialoqu inkişaf etdirmək məqsədilə Azərbaycana rəsmi səfərə gəldi, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icmalarının rəhbərləri ilə görüşlər keçirdi və ölkədə fəaliyyət göstərən ənənəvi və qeyri-ənənəvi konfessiyalar arasındakı mövcud münasibətləri yüksək qiymətləndirdi.

Məhz ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə 1999-cu ildə Azərbaycanda katolik icmasının fəaliyyəti ilə bağlı mühüm qərar qəbul edildi. Roma Katolik Kilsəsi dövlət qeydiyyatına alındı. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Nobel prospektində Roma Katolik Kilsəsi inşa olundu. Eyni zamanda Roma Katolik Kilsəsinin başçısı II İohann Pavel Heydər Əliyevin dəvəti ilə 2002-ci ilin may ayında Bakıya səfərə gəldi, ölkədəki dini durumla tanış oldu, ictimaiyyətin nümayəndələri və din xadimləri ilə görüşlər keçirdi. Ölkədəki dini durumu və tolerantlıq mühitini yüksək qiymətləndirərək katolik icmasına yaradılan şəraitdən məmnunluğunu ifadə etdi. Sonrakı illərdə qarşılıqlı əlaqələr daha da inkişaf etdirildi.

Həmin dövrdə ölkəmizdə din sahəsində qəbul edilən mühüm qərarlardan biri də 2003-cü ildə Azərbaycan hökumətinin böyük uzaqgörənliyi, diqqət və qayğısı ilə Alban-udi dini icmasının dövlət qeydiyyatına alınması oldu. 1836-cı ildə Rusiya sinodunun qərarı ilə Alban kilsəsi və katolikosluğu ləğv edilmiş, Alban məbədləri erməni apostol kilsəsinə verilmişdi. Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində yürütdüyü uğurlu və uzaqgörən siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını bərpa etdi. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olundu. Bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən Alban kilsə-muzeyidir. Bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olundu. Sonrakı illərdə, həmçinin Qəbələnin Nic kəndindəki Alban kilsələri bərpa olunaraq Alban-udi icmasının sərəncamına verildi.

Azərbaycanda yaşayan yəhudi icmaları da hər zaman ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. 2001-ci ildə Azərbaycan hökumətinin nümayəndələrinin və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə yəhudilərin yığcam yaşadığı Qubanın Qırmızı qəsəbəsində bərpa olunan sinaqoqun açılış mərasimi keçirildi.

2003-cü ilin mart ayında Bakıda Avropada ən böyük yəhudi sinaqoqu istifadəyə verildi. Açılış mərasimində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etdilər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası yaxından iştirak etdi. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun inşasında iştirakı və yardım göstərməsi dünyada analoqu olmayan tarixi hadisələrdəndir.

2003-cü ilin sentyabr ayında Bakıda "Or-Avner" Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başladı. Açılış mərasimində xaricdə yaşayan yəhudi icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etdilər.

Bütün bu uğurlara ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq ölkəmizdə dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi, bütün dinlərin fəaliyyətinə sərbəst şərait yaradılması və bu sahəyə böyük diqqət və qayğı göstərilməsi nəticəsində nail olunmuşdur.

Heydər Əliyevin Azərbaycanda dini fəaliyyət sahəsində ən böyük xidmətlərindən, uzaqgörən və müdrik addımlarından biri də sovet məkanında ilk dəfə Azərbaycanda 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır.

Dövlət Komitəsi fəaliyyətə başladığı dövrdə Azərbaycanda dini durumda müəyyən narahatlıq müşahidə olunurdu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd edən radikal qruplar dini durumu gərginləşdirməyə çalışırdılar. Onlar bütün imkanlarını səfərbər edərək əhalinin dini tərkibini dəyişməyə, bir sıra hallarda qeyri-ənənəvi radikal dini təlimləri təbliğ etməyə, vəziyyəti gərginləşdirməyə, radikal dini təriqətlərin Azərbaycanda yayılmasına çalışırdılar. Belə bir ağır şəraitdə Azərbaycan hökumətinin üzərinə ciddi vəzifələr düşürdü. Dövlət dini fəaliyyət sahəsində cərəyan edən hadisələri ciddi təhlil etməli, dini durumu nəzarətdə saxlamalı, nəsillərdən-nəsillərə keçən dini dəyərlər sistemini kompleks şəkildə öyrənməli, olduğu kimi xalqa çatdırmalı və dözümlülük ənənələrini qorumalı idi. Ancaq həmin dövrdə cərəyan edən hadisələr, iqtisadi və siyasi durum bu vəzifələrin uğurla həyata keçirilməsində çətinliklər yaradırdı. Vəziyyətin ciddi təhlili göstərirdi ki, əgər zəruri tədbirlər həyata keçirilməsə növbəti illərdə ölkəmizdə dini fəaliyyət sahəsində bir sıra xoşagəlməz hallar yaşana bilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra ölkəmizdə dövlət-din münasibətlərində yeni mühüm mərhələ başladı. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunması dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti Dövlət Komitəsinə həvalə olundu.

Həmin dövrdən başlayaraq din etiqad azadlığının təmin olunmasına, dini icmaların ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət və qayğı daha da artırıldı.

Ulu öndərin başlatdığı bu böyük və nəcib missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva böyük uzaqgörənliklə və uğurla davam etdirir, ölkəmizdə dini icmalara böyük diqqət və qayğı göstərilir, yeni məscid, kilsə və sinaqoqlar inşa olunur, dini təhsil müəssisələri yaradılır. Ulu öndər tərəfindən əsası qoyulan və bu gün uğurla davam etdirilən uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycan mədəniyyətlərarası dialoq mövzusunda mötəbər tədbirlərin keçirildiyi məkana çevrilmişdir.

Ulu öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondu öz fəaliyyətində xeyirxahlıq qayəsini rəhbər tutaraq, dini ibadət ocaqlarının təmir, bərpa və inşasına xüsusi əhəmiyyət verir. Fondun xətti ilə son illər həm ölkə daxilində, həm də ölkə xaricində bir çox məscid, kilsə, sinaqoq təmir və bərpa olunmuşdur. Fond tərəfindən Qəbələnin Nic kəndində Alban kilsəsinin bu il təmir olunması həmin siyasətin uğurla davam etdirilməsinin növbəti göstəricisidir. İkinci Qarabağ müharibəsi zamanı bəzi dairələrin Qarabağdakı xristian kilsələrinin taleyindən "narahatlıq" ifadə etməsinə bu, ən tutarlı cavabdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, narahatlığa əsas yoxdur. Azərbaycanda bütün dinlərin dəyərlərinə, abidələrinə yüksək diqqət və qayğı göstərilir və hər zaman göstəriləcəkdir.

Bu gün Azərbaycan bir müsəlman ölkəsi olaraq İslam dəyərlərinə və mədəniyyətinə sadiqliyini və bağlılığını qorumaqla yanaşı, həm də Qərbin müasir nailiyyətlərindən bəhrələnir. Qarşıda duran əsas hədəf və məqsədlərdən biri də bu ənənəni yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ savaşında ölkəmizin möhtəşəm qələbəsində Azərbaycanın müstəqillik illərinin ilk günlərindən dini fəaliyyət sahəsində həyata keçirməyə başladığı uzaqgörən və məqsədyönlü siyasət çox ciddi rol oynadı. Bu savaşda Azərbaycanın böyük qələbəsi qarşımızda yeni imkanlar yaradır. Hər birimiz daha güclü Azərbaycan naminə ölkə başçısı ətrafında sıx birləşməli, dövlətimizin daha da inkişafı və güclü olması üçün səylə çalışmalıyıq.

Ceyhun MƏMMƏDOV,

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü.