Milli Məclisin plenar iclasında
Digər xəbərlər

Milli Məclisin plenar iclasında

Dekabrın 20-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindın AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda cari məsələlərin müzakirəsi zamanı çıxış edən parlamentin komitə sədri Səməd Seyidov, deputatlardan Musa Qasımlı, Azay Quliyev, Mahir Abbaszadə, Sahib Alıyev, Elman Nəsirov, Kamal Cəfərov, Vahid Əhmədov, Jalə Əliyeva, Tural Gəncəliyev Korsikada baş verən hadisələrə toxunaraq, Fransanın bu bölgəsində demokratik normalar, insan haqları, qanunun aliliyi ilə bağlı dəyərlərin pozulduğunu, hüquq-mühafizə orqanları vasitəsilə buradakı vətəndaşlara qarşı zor tətbiq edildiyini bildiriblər. Deputatlar Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatçılarını dəstəklədiyini, digər tərəfdən öz ərazisində yaşayan insanlara qarşı cinayət əməlləri törətdiyini diqqətə çatdırıblar. Bu məsələnin bütün beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında qaldırılaraq geniş ictimaiyyətin diqqətinə çatdırılmasının, Fransanın Korsikada insanlara qarşı repressiyalarına son qoyulmasının vacibliyini söyləyiblər.

Deputatlar Azərbaycana ikili standartlarla yanaşıldığını, qərəzli iddiaların irəli sürüldüyünü deyərək, bu gün güclü Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini, bu ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirildiyini vurğulayıblar. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyini Qələbədən sonra imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icra edilmədiyini bildiriblər. Deputatlar Ermənistan silahlı qüvvələrinin hələ də Qarabağ ərazisindən çıxarılmadığını, burada hərbi təxribatların törədildiyini, kommunikasiyaların açılmasına əngəllər yaradıldığını qeyd ediblər. Bildirilib ki, Qarabağda Azərbaycana məxsus təbii sərvətlərin qanunsuz istifadəsi, ekologiyaya ziyan vurulması və digər bu kimi faktlar ölkəmizə qarşı iqtisadi cinayətlərin davam etdirilməsi kimi qiymətləndirilməlidir.

Deputatlar son günlərdə Prezident İlham Əliyevin Türkmənistana səfəri, burada keçirilmiş Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünü, aparılan müzakirələri, imzalanmış mühüm sənədləri yüksək qiymətləndiriblər. Bununla yanaşı, dövlətimizin başçısının Rumıniyaya səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in əhəmiyyətini vurğulayıblar.

Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 60 məsələ daxil edilib. Birinci məsələ Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqındadır.

Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Milli Məclisin sədri Sahibə Qafarova illik məlumatın yüksək səviyyədə hazırlandığını, Dövlət Komitəsinin qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirildiyini bildirib. Müzakirələrin yekununda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı nəzərə alınıb.

Sonra parlamentin sədri diqqətə çatdırıb ki, gündəliyin növbəti 48 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. O bildirib ki, ikinci məsələ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)" Azərbaycan Respublikasının yubiley medalının və "ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsidir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova qeyd edib ki, növbəti 47 məsələ ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır. Diqqətə çatdırılıb ki, bu qanun layihələri "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən hazırlanıb və elektron xidmətlərin daha da genişləndirilməsinə, vətəndaş məmnunluğunun artırılmasına yönəlib. Parlamentin sədri qanun layihələrinə Milli Məclisin 10 komitəsində baxıldığını deyib.

Sonra həmin qanun layihələri parlamentin aidiyyəti komitələrinin təqdimatında diqqətə çatdırılıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov 22-ci məsələdən başlayaraq, növbəti 16 məsələ barədə üçüncü oxunuşda məlumat verib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev 38-ci və 39-cu məsələlər - "Seleksiya nailiyyətləri haqqında" Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) və "Torpaq icarəsi haqqında" Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələri ilə bağlı məlumatında sənədlərin əvvəlki iki oxunuşda müzakirələri zamanı heç bir irad və təklifin daxil olmadığını deyib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 40-42-ci məsələləri - hər üç sənədin komitədə yekdilliklə dəstəkləndiyini söyləyib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım növbəti məsələ - "Ətraf mühitin mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə əlaqədar komitənin müsbət rəy verdiyini bildirib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev 45-ci məsələ - "Elektron imza və elektron sənəd haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edərək, komitənin sənədə dair müsbət rəy verdiyini qeyd edib.

Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov gündəliyin 47 - 49-cu məsələləri barədə danışıb. O, "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş), "Sosial müavinətlər haqqında" Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) və "Sosial xidmət haqqında" Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrinin komitə tərəfindən dəstəkləndiyini bildirib.

Sonra Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin ikinci oxunuşda olan qanun layihələri olduğunu diqqətə çatdırıb. Həmçinin bildirib ki, gündəliyin növbəti üç - 50-ci məsələsi olan "Telekommunikasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə, 51-ci məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və 52-ci məsələsi olan "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-biri ilə bağlıdır.

Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra parlamentin sədri bildirib ki, gündəliyin 53-cü və 54-cü məsələləri də Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-biri ilə bağlı qanun layihələridir. Ona görə də qanun layihələri ilə bağlı məlumatlar birgə təqdim olunub.

Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyulub və ikinci oxunuşda qəbul olunub.

Gündəliyin 55-ci məsələsi olan Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Uşaq hüquqları haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva məlumat verib. O bildirib ki, qanun layihəsi ilə bağlı heç bir təklif, irad bildirilməyib və sənədin səsə qoyulmasını xahiş edib.

Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, bununla da iclasın gündəliyinin ikinci oxunuşda olan qanun layihələri sona çatıb, qalan beş məsələ isə birinci oxunuşda olan qanun layihələridir. Gündəliyin növbəti 4 məsələsi isə Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Bu qanun layihələri İKT ilə bağlı məsələlərin tənzimlənməsinə yönəlib.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

S.Qafarova iclasın son məsələsi olan "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.