Milli iradə İlham Əliyev deyir
Siyasət

Milli iradə İlham Əliyev deyir

Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində bəyan etmişdi ki, seçkilər bütöv bir dövrə yekun vurur. Bu isə o deməkdir ki, yeni dövr mahiyyətcə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və separatizmə son qoyaraq bütün ərazilərdə konstitusiya quruluşunu bərqərar etməsində ehtiva olunan epoxal mərhələ deyil. Bu dövr Azərbaycanın milli prioritetlərinə yeni baxışın müəyyənləşdiyi müasir inkişaf və tərəqqi yoludur.

Məlumdur ki, 1995-ci ildə Azərbaycan özünün Konstitusiyasını qəbul edərkən ali konstitusion niyyətlər müəyyən etmiş, həmçinin dövlətin ali məqsədləri bəyan olunmuşdu. Bu gün əminliklə deyə bilərik ki, bəyan etdiyimiz bütün niyyətləri faktiki olaraq realizə etmişik və artıq həmin məsələlər üzrə prioritetlərə baxışın dəyişməsi zərurətə çevrilib.

Əlbəttə, Azərbaycan Respublikası özünün ali niyyətlərini tarixi proseslərin təbii axarında realizə etməyib, təqribən 30 il davam edən ardıcıl, çoxşaxəli xarici və daxili siyasi kurs, siyasi suverenliyin tam təmin olunması, xüsusən son 20 ildə əldə olunan iqtisadi müstəqillik bizə bu istiqamətdə nəinki irəliləmək, hətta qəti nəticələr əldə etmək imkanı verib.

Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixi olan toplum kimi xüsusən son 50 ilin işığında prosesləri çox aydın şəkildə təhlil edə bilir. Təhlil qabiliyyəti orta statistik olan hər bir vətəndaş yaxşı başa düşür ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda ardıcıl nəticələrə malik olmaq, real və dayanıqlı qələbələr qazanmaq çətin məsələdir. Lakin istər sovet dövründə, istərsə də müstəqillik illərində Heydər Əliyev siyasi kursu ilə real nəticələr əldə olunubsa, xüsusən cənab İlham Əliyevin liderliyində inkişaf və tərəqqi, dayanıqlı təhlükəsizlik təmin edilibsə, demək ki, alternativlərin axtarışında olmaq xalqın taleyini sınağa çəkmək deməkdir. Üstəlik, 1987-1993-cü illərdə Heydər Əliyev kursundan uzaqlaşmağın Azərbaycan dövlətçiliyi üçün hansı faciələrə gətirib çıxardığını tarix göstərdi.

Bu mənada, əslində 7 fevral seçkiləri Azərbaycan xalqının milli oyanışında növbəti mərhələ, 1987-ci il dövrünün bir daha təkrarlanmayacağı barədə zəmanət oldu.

Sirr deyil ki, müasir qlobal vətəndaş prototipi daha çox sosial problemlərə köklənir, siyasi proseslərdən mümkün qədər kənarda qalmağı üstün tutur. Etiraf edək ki, Azərbaycanda bu sahədə vəziyyət narahatlıq doğuran səviyyədə olmasa da, digər seçkilərdə bu və ya digər formada Azərbaycan vətəndaşlarının proseslərdə tam xüsusi aktivliyi müşahidə olunmurdu. Lakin 7 fevral növbədənkənar prezident seçkilərində seçki hüququna malik 80 faizə yaxın vətəndaş aktivliyi göstərdi ki, xalqımız bu seçkiyə həm də milli məsələ kimi baxır. Çoxsaylı Qərb mediasının sosial media üzərində aktiv təbliğatına baxmayaraq, Azərbaycan xalqı 7 fevralda nümayiş etdirdi ki, bu ölkədə milli iradədən daha qüdrətli heç nə yoxdur. Milli iradə isə İlham Əliyev deyir, daha aydın desək, xalqımız milli iradəni yalnız İlham Əliyevin təmsil edə biləcəyi qənaətindədir. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi, növbədənkənar prezident seçkilərində də birlik, bərabərlik, həmrəylik göstərməklə əslində, istənilən təhdidin qarşısında milli əzmin dayanacağını, milli iradənin Heydər Əliyev kursu və şəxsən cənab İlham Əliyev tərəfindən təmsil olunacağı dövrdə xalqın heç bir təhdidə boyun əyməyəcəyini bəyan etmiş oldu.

Əlbəttə, proseslərin ümumi istiqamətləri barədə danışarkən cənab İlham Əliyev şəxsiyyətinə xüsusi diqqət ayrılmalıdır.

Cənab İlham Əliyev böyük siyasətə 1995-ci ildən Milli Məclisin deputatı kimi gəlsə də, əslində onun adı Azərbaycan seçicisi üçün yad deyildi. Xalq İlham Əliyevi həmişə yüksək səviyyəli dövlət tədbirlərindən sahələrdə kolxozçularla görüşə qədər, hər zaman atasının yanında görməyə alışmışdı. Yəni fəhmli sovet azərbaycanlısı İlham Əliyevin Heydər Əliyev məktəbində yetişməkdə olduğunu görürdü. Daha sonra İlham Əliyevin o zaman SSRİ-nin ən elit, ən prestijli, eyni zamanda ən çətin qəbul prosesinə malik Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olunan çox azsaylı, eyni zamanda ilk azərbaycanlı gənclərdən biri olması elmə, təhsilə daim dəyər verən Azərbaycan cəmiyyəti üçün, sözün əsl mənasında, qürur verdi. Sirr deyil ki, biz sovet dövründə müttəfiq respublikalarla birgə, dinc və mehriban şəkildə yaşasaq da aramızda görünməz bir rəqabət də var idi və Heydər Əliyevin oğlunun bu uğuru sanki sovet azərbaycanlısını bu gizli "rəqabət"də bir addım önə çıxardı. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla realizəsində əsas pay bu proseslərin memarı kimi məhz ARDNŞ-in vitse-prezidenti cənab İlham Əliyevin idi. Azərbaycan cəmiyyəti bunu da görür və anlayırdı. Eyni zamanda cənab İlham Əliyevin qanunverici orqanın, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, xüsusən AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, o cümlədən AŞPA-nın vitse-prezidenti kimi uğurlu fəaliyyəti artıq onun peşəkar siyasətçi, uğurlu dövlət xadimi və milli maraqların dönməz müdafiəçisi olduğu haqda heç kimdə şübhə doğurmurdu. Təsadüfi deyil ki, Ulu Öndər Azərbaycan xalqına 1 oktyabr müraciətində tərəddüdsüz qeyd edirdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev, xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək".

Prezident İlham Əliyev 20 illik iqtidarı dövründə dayanıqlı inkişafı dövlət siyasətinin mütləq prioritetinə çevirdi və bu da çoxşaxəli islahatları reallaşdırmağa, çoxvektorlu dövlət siyasəti həyata keçirməyə imkan verdi. Nəticədə, son 20 ildə bütövlükdə dövlətçilik tariximizdə olmadığı qədər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi artırıldı, qlobal miqyaslı nəqliyyat-kommunikasiya sistemləri quruldu, təhsil, səhiyyə, idman infrastrukturu faktiki olaraq tam yeniləndi. Ordu quruculuğu, müdafiə sənayesi ən sürətli inkişaf dövrünə qədəm qoydu. Prezident İlham Əliyev Azərbaycanı regionun hərbi-siyasi gücünə çevirərək, 30 illik işğal faktoruna cəmi 44 günə son qoyaraq, habelə ötən il separatizmin kökünü kəsərək, milli missiyanı tamamlamağı bacararaq qüdrətli Lider kimi özünü təsdiq etdi. Daxildə milli birlik daha da möhkəmləndirildi, həmçinin İlham Əliyev beynəlxalq hüququ rəhbər tutan, müasir proseslərdən nəinki məlumatlı, üstəlik modern tendensiyaları uğurla idarə edə bilən məharətli siyasi oyunçu, ikili standartlardan uzaq Lider və xalqının milli hissiyyatını, dövlətinin maraqlarını rəhbər tutmaqla beynəlxalq aləmdə hər kəslə öz dilində danışmağı bacaran etibarlı tərəfdaş imici formalaşdırdı. Məhz bu amil Azərbaycana milli maraqları qorumaqla artan müttəfiqliklər, qurulan sağlam və bərabərhüquqlu əməkdaşlıqlar şəbəkəsi yaratmağa imkan verir. Nəticədə, bu gün Azərbaycanın regional statusunun əhəmiyyəti davamlı şəkildə artır və Azərbaycanın qlobal oyunçu kimi özünütəsdiqi baş verir.

Əlbəttə, müdrik xalqımız bunu görür və qələbəni dadan toplum olaraq zəfərlərin davamını arzu edir. Zəfərlərin təminatçısı kimi isə uşaqdan-böyüyə hər bir azərbaycanlı üçün yalnız və yalnız İlham Əliyev şəxsiyyəti çıxış edir.

Beləliklə, Azərbaycan xalqı milli iradə ifadə edərək yeni dövrə keçid üçün İlham Əliyevin rəhbərliyi altında bir yola qədəm qoyur. Bu gün qarşımızda dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına nail olmaq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı ləyaqətlə, təhlükəsiz formada və daha çevik şəkildə reallaşdırmaq, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmaq kimi milli prioritetlər dayanır. Eyni zamanda Azərbaycanın qlobal miqyaslı oyunçuya çevrildiyi bir şəraitdə güc və imkanların qorunması, dünya siyasətində məqsədlərin reallaşdırılması əsas hədəflərimizdəndir. Azərbaycan xalqının 7 fevralda mütləq dəstəyi, 92 faizdən artıq səs faizi isə göstərir ki, bu hədəflər elə hər bir vətəndaşın arzuladığı Azərbaycan modeli quruculuğudur və gücünü xalqından, hakimiyyətinin legitimliyini isə milli iradədən alan İlham Əliyev şəxsiyyətinə, Heydər Əliyev siyasi kursuna milli dəstək hələ uzun onilliklər birmənalı şəkildə davam edəcək.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.