Mexaniki qaz sayğacları istehsal olunur
Region

Mexaniki qaz sayğacları istehsal olunur

Uğurla həyata keçirilən uzunmüddətli iqtisadi inkişaf strategiyası dövlət siyasətində mühüm yer tutur. Dövlət başçısı İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi dayanır.

Respublikanın ikinci şəhəri olan Gəncə də iqtisadi layihələr uğurla həyata keçirilir, sənaye müəssisələri fəaliyyət göstərir. İstehsal olunan sənaye məhsullarında artım müşahidə olunur. Həmçinin yeni istehsal sahələrinin yaradılması yeni iş yerlərinin açılmasına şərait yaradır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Cihazqayırma Zavodunda yeni yaradılmış istehsal kompleksi ilə tanış olub. Gəncə Cihazqayırma Zavodunun Beynəlxalq iqtisadi əlaqələr üzrə müdiri Emil Paşazadə istehsal müəssisəsinin fəaliyyəti və əldə olunan yeni anlaşmalar barədə məlumat verib. Zavodda istehsal olunan sayğacların laboratoriya və istismar sınaqlarının müsbət nəticəsinə əsasən SOCAR rəhbərliyi burada mexaniki qaz sayğaclarının istehsal edilməsi ilə bağlı qərar qəbul edib. "Azəriqaz" İB-lə Gəncə Cihazqayırma Zavodu arasında yerli mexaniki qaz sayğaclarının istehsalına başlamaq üçün əməkdaşlıq haqqında memorandum imzalanıb. Əldə olunan razılığa əsasən zavodda birinci il 200 min ədəd, növbəti illərdə isə 400 min ədəd sayğac istehsal ediləcək. Bununla əlaqədar olaraq, zavoda əlavə texnoloji avadanlıq alınıb, sahəsi 1000 kv.metrdən çox olan istehsal kompleksi inşa edilib. Burada 25 min ədəd qaz sayğacının komplekləşdirici hissələrinin yığıldığı anbar, alman istehsalı olan yüksək məhsuldar avadanlıqlarla təchiz olunmuş sex, qablaşdırma sahəsi yerləşir. Bütün bunlar da ildə 500 min ədədədək qaz sayğacı istehsal etməyə imkan verəcək. Hazırda sayğac istehsalında əksəriyyəti qadın olan 30-dan çox adam çalışır. Metal emalı, plastik kütlənin tökülməsi, toz boyama üzrə müasir texnologiyalara və kifayət qədər istehsal sahəsinə sahib olan zavod perspektivdə sayğacların hissələrinin istehsalını lokallaşdırmağı planlaşdırır. Bu isə yeni iş yerlərinin açılmasına imkan yaradacaq.

Zabit XƏLİLOV,

"Respublika".