Məntəqələr seçicilərini gözləyir
Sosial həyat

Məntəqələr seçicilərini gözləyir

7 fevralda növbədənkənar prezident seçkilərinin keçirilməsi hər bir Azərbaycan vətəndaşının səbirsizliklə gözlədiyi tarixi hadisədir. Xalq seçkilərdə fəal iştirak edərək ən layiqli namizədə səs verəcəkdir. Ölkənin hər yerində, o cümlədən qərb bölgəsində bu siyasi kampaniyaya ciddi hazırlıq işləri aparılmış, eyni zamanda əhalinin seçkilərdə fəal iştirak etməsi üçün maarifləndirici tədbirlər həyata keçirilmişdir.

Qazax

Respublikanın qərb qapısı olan Qazax rayonunda seçkilərə hazırlığın vəziyyəti ilə bağlı 109 saylı Qazax Seçki Dairəsinin sədri Xəyyam Salehov bildirdi ki, 41 məntəqədə 48296 seçici istədikləri namizədə səs verəcək. 3642 nəfər gənc qalib ölkənin vətəndaşı olaraq qürurla seçkilərə qatılacaq.

Dairə üzrə 1273 nəfərin yaşı 80-100 arasındadır. 5 nəfərin yaşı isə 100-dən yuxarıdır. Dairə üzrə ən yaşlı seçici Kəmərli kənd sakini Səyalı Nəbiyevadır. O, 1907-ci ildə anadan olmuşdur. Səyalı nənənin səhhəti nəzərə alınaraq daşınan qutu yaşadığı ünvana aparılacaqdır. Məntəqələrin hər biri MSK tərəfindən seçki məcəlləsi, təlimatlar, plakatlar, ultrabənövşəyi lampa, mürəkkəb balonları, generator və başqa zəruri avadanlıqlarla təmin olunub. Seçicilərə bildiriş vərəqələrinin verilməsi 30 yanvar tarixində başa çatıb. Dairə üzrə 824 nəfərə qeydiyyatdan çıxma vəsiqəsi verilib. 10 məntəqəyə pandus quraşdırılıb, seçkilərin keçirilməsini izləmək üçün 534 nəzarətçi qeydiyyatdan keçib. 10 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə ən böyük olan 2 saylı seçki məntəqəsinin sədri Murğuz Mustafayev məntəqə üzrə 8 nəfər seçicinin müəyyən səbəblər üzündən seçkilərdə iştirak edə bilməyəcəyini bildirdi. Bu səbəbdən həmin sakinlərin ünvanına səyyar seçki qutuları aparılacaqdır. Məntəqələr seçki gününə tam hazırdır.

Tovuz

105 saylı Tovuz-Gədəbəy Dairə Seçki Komissiyasının sədri Mahir Həsənov bildirdi ki, növbədənkənar prezident seçkilərinin Seçki Məcəlləsinə uyğun təşkili üçün davamlı olaraq keçirilən treninqlər artıq başa çatdırılıb.

Dairə üzrə 2-si qapalı olmaqla 55 məntəqədə səsvermə keçiriləcək. 39 məntəqə Tovuz rayonu ərazisində, 16 məntəqə isə Gədəbəy ərazisində seçiciləri qəbul edəcək. Dairə üzrə 53724 nəfər səsvermə hüququna malikdir. 4316 gənc ilk dəfə böyük fərəh hissi ilə qalib ölkədə öz səsini layiqli namizədə verəcək. 10 nəfərin yaşı 100-dən yuxarıdır. Tovuz rayonunun ən yaşlı sakinləri Alakol kəndindən Suqra Sadıqova, Ağbaşlar kəndindən Nazlı Əmiraslanova, Qədirli kəndindən Gözəl Vəliyevadır. Onların hər üçünün 1 əsrdən artıq - 106 yaşı var.

Növbədənkənar prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün 8 məntəqədə veb-kameralar quraşdırılıb. MSK tərəfindən məntəqələr generator və digər zəruri avadanlıqlarla təmin olunub. Seçkilərin gedişini izləmək üçün 649 nəfər müşahidəçi qeydiyyatdan keçib.

Vəli VƏLİYEV,

"Respublika".