Media Reyestri şəffaflığın təmin edilməsində mühüm rol oynayır
Digər xəbərlər

Media Reyestri şəffaflığın təmin edilməsində mühüm rol oynayır

Azərbaycan Respublikasının Qanununa əsasən media - kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və yayımlanmasını həyata keçirmək üçün istifadə edilən alət və vasitələr, habelə onların vasitəsilə formalaşan informasiya mühitidir. Media və digər informasiya mənbələri həyatımızın ayrılmaz parçasıdır. Lakin son zamanlarda mediadan öz şəxsi mənafeləri üçün istifadə edənlərin sayı getdikcə artıb. Şəxsi mövqedən və ya sifarişlə "jurnalist" adı altında edilən qaralama kampaniyalarının isə həddi-hüdudu yoxdur. Əlbəttə ki, bunların qarşısı alınmalı idi. Bu yöndə aparılmış uğurlu islahatlardan biri də elə 2021-ci il dekabrın 30-da qüvvəyə minən "Media haqqında" yeni qanundur. Qanunda nəzərdə tutulan əsas məsələlərdən biri media qurumlarının və jurnalistlərin reyestrdən keçməsidir. Bu prosesə isə ötən ilin oktyabrından başlanılıb və 6 ay ərzində yekunlaşmalıdır. Bunun əsasında reyestrdən keçməyən şəxslər və ya qurumlar jurnalistika ilə məşğul ola bilməyəcəklər, bu təqdirdə, məsələyə  məhkəmə yolu ilə baxılacaq.  Lakin bunlara baxmayaraq, sapı özümüzdən olan baltalar dinc dayanmırlar.

Reyestrlə bağlı xəbər yayılan andan etirazlara başlayan "aktvistlər"in nəyə etiraz etdikləri isə heç özlərinə də bəlli deyil. Hər bir sahədə olduğu kimi, jurnalistikada da bir sıra qanun və tələblər var. Bu qaydalara riayət etməyən jurnalist adına layiq deyil, hətta onların çirkin fəaliyyəti qanuni formada öz işini görən və peşəsinə sadiq olan insanların adına da ləkədir. Öz işini layiqincə görən və məsləyinə sadiq olan insanlar heç düşünmədən bu reyestr qeydiyyatından ilk həftələrdən keçərək jurnalistlik fəaliyyətlərinə davam etdilər. Elə işin normal tərəfi də budur. Çünki bu reyestrə əsasən həqiqətən işini görmək istəyən adamlara heç bir maneə yoxdur. Lakin əvvəl də qeyd etdiyimiz kimi, məqsədi jurnalistika olmayan, şər ataraq və xəbər "kopyalayaraq" hansısa bir pilləyə çıxmaq istəyən şəxslər elə anındaca reyestrdən keçməyə etiraz etdilər. Hətta işləri daha da böyüdərək etiraz aksiyalarına, səs toplama kampaniyalarına da start verdilər, özü də "icazəli media istəmirik" şüarı altında.

Sual olunur: Yaxşı, bəs, siz niyə icazəli mediaya qarşısınız?

Bəlkə  artıq şər ataraq rüşvət ala bilməyəcəksiniz, ona görə bu qədər narahatsınız. Elə "yeni medianın" da pis tərəfi bundadır ki, hər əlində telefon olan və sosial şəbəkələrə daxil ola bilən şəxs özünü "jurnalist" adlandırır. Bu şəxslər və ya qurumlar əsasən internet üzərindən şou-biznes, pafoslu xəbərlər yayan və anti-Azərbaycan siyasətinə əsaslanan "jurnalist"lərdir. Bəzilərinin məqsədi isə aydındır - rahat yolla pul qazanmaq. Kiməsə söz ataraq, şərləyərək gündəmə gəlməyi hər kəs bacarar. Təbii ki, bu hallar onlara şirin gəlir, lakin reyestr qeydiyyatı bitdikdən sonra "azad" formada fəaliyyət göstərənlərin "ağızlarının dadı qaçacaq".

Jurnalistika müqəddəs bir peşədir. Dördüncü hakimiyyət sayılan jurnalistikaya hər zaman ehtiyac olacaq. Nə qədər qaralamağa çalışsalar da, namusla işləyən media nümayəndələri öz işlərini daim yerinə yetirəcək və jurnalist adını yüksəldəcəklər. Nəticə olaraq onu deyə bilərik ki, bundan sonra yeni era başlayır. Yaxşının pisdən, ağın qaradan ayrıldığı və fərqləndiyi bir dövr olacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".