Maliyyə Nazirliyində Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüş
Siyasət

Maliyyə Nazirliyində Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüş

İyunun 12- maliyyə naziri Samir Şərifov Şuşa şəhərində keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 2-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Samir Şərifov Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın qərarı ilə yaradılmış Birgə İşgüzar Şuranın işini təqdir edib Şuranın 2-ci iclasının ölkəmizin işğaldan azad olunmuş ərazisində, Qarabağın tacı Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən bərpa quruculuq işləri barədə məlumat verən Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrini bu işlərdə, həmçinin ölkəmizə investisiya yatırılmasında fəal iştirak etməyə dəvət edib.

Şuşaya səfəri barədə təəssüratlarını bölüşən Əli Əl Dakhil qısa müddət ərzində görülən işlərin şahidi olduğunu, işğaldan azad edilmiş ərazilərin böyük enerji potensialına geniş münbit torpaq ərazilərinə malik olduğunu vurğulayıb. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin, həmçinin qarşılıqlı investisiyaların həcminin artırılması üçün geniş imkanlar olduğunu vurğulayıb.

Görüşdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Orxan Məmmədov da iştirak edib.