Laçında bərpa-yenidənqurma işləri davam edir
Digər xəbərlər

Laçında bərpa-yenidənqurma işləri davam edir

"...Laçın dağları da bizə əzizdir, heç vaxt biz Laçınsız yaşaya bilmərik...".

                        Heydər ƏLİYEV,

Ümummilli lider.

Laçının işğaldan azad edilməsi Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulan ən mühüm vəzifələrdən biri idi. Hərbi və siyasi yolla düşmən tapdağından azad edilən Laçın coğrafi mövqeyi, füsunkar təbiəti, mineral bulaqları və ərazi böyüklüyünə görə Azərbaycanın ən gözəl rayonlarından biridir. Bir zamanlar qanlı döyüşlərə şahid olan doğma diyarımız, hazırda böyük tikinti meydanını xatırladır.

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna səfəri zamanı işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə tanış olub. Səfər zamanı dövlət başçısı  Qubadlı, Zəngilan, Laçın və Cəbrayılda bəzi kənd və qəsəbələrin, o cümlədən səhiyyə, təhsil, ictimai-iaşə, yaşayış binalarının təməlqoyma mərasimlərində iştirak edib.  Təməli qoyulan kəndlərdən biri də Həkəri çayının sahilində, dağətəyi ərazidə, Qubadlı rayonu ilə sərhəddə yerləşən Laçın rayonunun Güləbird kəndi olub. 1993-cü ilin avqustunda Birinci Qarabağ müharibəsi zamanı işğal olunan Güləbird, 2020-ci il noyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıq sayəsində düşməndən geri alınıb. Layihəsi  hazırlanan kənd  haqqında Prezidentə məlumat verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  bildirib ki, Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılır. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektar olmaqla birinci mərhələdə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşaası nəzərdə tutulur. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq.  Layihəyə məktəb və bağçalarının tikintisi də salınıb. Belə ki, 432 nəfərlik məktəb və 80 yerlik uşaq bağçası tikiləcək. Həmçinin Güləbirddə əhalinin işlə təmin edilməsi üçün hər cür şərait yaradılacaq. O cümlədən səhiyyə, idman mərkəzləri və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. Kənd sakinlərinin istirahəti üçün park, idman və uşaq meydançalarının da salınması nəzərdə tutulub.

Xatırladaq ki, hələ 2021-ci il fevralın 15-də Prezident İlham Əliyev Həkəri çayının üzərində yerləşən 8 meqavat gücündə "Güləbird" Su Elektrik Stansiyasını işə salmışdı.  "Güləbird" SES-i Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və digər infrastruktur layihələrini və 7 min nəfər əhalini elektrik enerjisi ilə təmin edəcək.

Laçın rayonunun digər kəndləri olan Zabux və Susda yenidən qurulma prosesi sürətlə davam etdirilir. "Böyük Qayıdış"a əsasən, Zabux kəndinə 1000-dən çox, Sus kəndinə isə 300-dən çox soydaşımızın köçürülməsi planlaşdırılıb. İşğal dövründə qanunsuz olaraq xaricdən gələn ermənilər tərəfindən məskunlaşan hər iki kənd hazırda həmvətənlərimiz üçün yenidən salınır.

Laçın rayonunun yollarının yenidən bərpası da diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Laçın şəhərinin daxili yollarının bərpası layihəsi yüksək keyfiyyətlə yerinə yetirilir. Uzunluğu 59 km təşkil edən sözügedən yollar hər birinin eni 3-3.5 metr olmaqla 2 hərəkət zolaqlıdır. Layihə üzrə torpaq yatağının eni 8-15 metr təşkil edir. Tikinti-bərpa işləri "İnşaat Norma və Qaydaları"na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərdə qısa müddətdə iki Beynəlxalq Hava Limanının salınması nəqliyyat sistemində qazanılmış növbəti uğurlardandır. Hazırda Laçın rayonunda hava limanının inşası da davam edir. 2021-ci il avqustun 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən təməli qoyulan Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uzunluğu 3 kilometr olan hava limanında 6 təyyarə dayanacağının salınması planlaşdırılıb. Laçın rayonunun Qorçu kəndində salınan hava limanı coğrafi cəhətdən əlverişli ərazidə yerləşir. Dağları kəsərək inşa olunan hava limanının 2025-ci ilin əvvəllərində istismara verilməsi nəzərdə tutulur.

Müharibə bitdikdən dərhal sonra digər şəhər və rayonlar kimi, Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Lakin Laçın şəhərinin yenidən qurulmasına 2022-ci il avqustun 26-dan başlanılıb. "Böyük Qayıdış" planına əsasən  ilk mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir. Artıq bu ilin sonuna qədər minlərlə laçınlı doğma yurd-yuvalarına qayıda biləcəklər.

Heç bir dövlətin, beynəlxalq təşkilatların yardımı olmadan sürətlə davam edən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücündən xəbər verir. Bütün bunların mənbəyində güclü iqtisadiyyat, diplomatik fəaliyyət və iqtidar-xalq birliyi  durur.

Musa BAĞIRLI,

"Respublika".