KOBİA və Türkiyənin Bilişim Vadisi arasında imzalanmış Niyyət Protokolunda İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin və startapların Türkiyənin Bilişim Vadisi və onun Bakıdakı filialının imkanlarından istifadə etməsi, "Bilişim Vadisi Bakı" ilə birgə sahibkarlıq sahəsində tədbirlərin həyata keçirilməsi, təcrübə mübadiləsi kimi məsələlər öz əksini tapıb.
Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri və startapları Bilişim Vadisinin Türkiyədəki filiallarının və Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən "Bilişim Vadisi Bakı" filialının imkanlarından istifadə edə biləcəklər.
Bununla bağlı iyulun 10-da "Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Bilişim Vadisi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar.
Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu arasında görüş keçirilib. Görüşdə tərəflər arasında imzalanmış sənəddən irəli gələn məsələlər, əməkdaşlıq imkanları müzakirə edilib.
Nəriman CAVADOV,
"Respublika".