“İrəli
Digər xəbərlər

“İrəli" İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib

Avqustun 25-də Nizami Kino Mərkəzində "İrəli" İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib.

Tədbirdən əvvəl Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, 500-ə yaxın gəncin qatıldığı konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, gənclər və qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri, media qurumlarının və ictimaiyyətin təmsilçiləri, qazilər iştirak ediblər.

Əvvəlcə hesabat konfransında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Birliyin Təşkilat komitəsinin sədri İlqar Axundov hesabat-seçki konfransının reqlamenti barədə məlumat verib.

Sonra konfransda 2020-2022-ci illərdə görülən işlərə və birliyin fəaliyyətinin yekunlarına dair hesabat xarakterli videoçarx nümayiş etdirilib.

Hesabat-seçki konfransında "İrəli" İctimai Birliyinin sədri, Vətən müharibəsinin iştirakçısı Şahin Rəhmanlı qurumun son iki ildəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

İdarə Heyətinin sədri dövlət gənclər siyasətinin Azərbaycan gənclərinə yaratdığı əvəzsiz imkanlara, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşkilatın üzvləri adından dərin minnətdarlığını bildirib. Azərbaycan gəncliyinin göstərilən yüksək etimadı doğrultmaq üçün bundan sonra da böyük şövq və əzmlə çalışacağını bəyan edib. Diqqətə çatdırılıb ki, təşkilat tərəfindən son iki ildə 53 layihə həyata keçirilib. Bu layihələrdə 26 min 247 nəfər birbaşa olaraq iştirak edib. Bununla yanaşı, 278 tədbir, 208 təlim, 326 seminarın icrası uğurla başa çatdırılıb.

Birliyin media qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirən Ş.Rəhmanlı qeyd edib ki, 2020-ci ilin mayından cari ilin avqustadək mətbuatda 924 xəbər dərc olunub, ümumilikdə 1 milyon 63 min 130 baxış qeydə alınıb.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov çıxışlarında təşkilatın son seçki ili ərzindəki fəaliyyətini yüksək qiymətləndiriblər.

İdarə Heyəti sədrinin hesabatı dinlənildikdən sonra konfransın təşkilat komitəsinin sədri çıxış edərək Birliyin hesabatı, yeni tərkibdə İdarə Heyəti və onun sədrinin ümumi yığıncağın iştirakçıları tərəfindən seçilməsi barədə məlumat verib. Səsvermə qaydaları elan olunduqdan sonra səsvermə keçirilib, İdarə Heyəti sədrinin hesabatı qəbul edilib.

Daha sonra yığıncaqda təşkilatın yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunub. Namizədlərin adları elan edildikdən sonra İdarə Heyətinə seçkilər keçirilib. Şahin Rəhmanlı, Azər Əmirov, Elvin Səhətbəyli, Fatimə Məsimli, Anar Qurbanov, Kənan Əliyev, Orxan Rüstəmov, Ramtiq Alızadə və Gövhər Ağazadə Birliyin İdarə Heyətinin üzvləri seçiliblər.

"İrəli" İctimai Birliyinin yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra sədr vəzifəsinə namizədlərin adları elan olunaraq seçkilər keçirilib. Şahin Rəhmanlı yenidən iki il müddətinə təşkilatın İdarə Heyətinin rəhbəri seçilib.

Şahin Rəhmanlı göstərilən etimada görə Birlik üzvlərinə təşəkkürünü bildirib, bundan sonra da gənclərin hərtərəfli inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, VIII hesabat-seçki konfransı təşkilati strategiya üzrə növbəti iki ildə nəzərdə tutulan layihə və tədbirlərin planlaşdırılması baxımından olduqca böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, "İrəli" İctimai Birliyi 2003-cü il avqustun 26-da ümumrespublika gənclər hərəkatı kimi fəaliyyətə başlayıb, 2008-ci ildə dekabrın 24-də isə gənclər təşkilatı olaraq təsis edilib. Təşkilatın əsas məqsədi sağlam, vətənpərvər və rəqabətədavamlı gənclər şəbəkəsi yaratmaqla dövlət gənclər siyasətinə töhfə verməkdir.

AZƏRTAC