İqtisadi gücün əməli təcəssümü
İQTİSADİYYAT

İqtisadi gücün əməli təcəssümü

Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən salınır

"Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq". Bunu Prezident İlham Əliyev bildirib. Dövlət başçısı deyib ki, bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən qurulur: "Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır".

Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, Qarabağa həyatın yenidən qaytarılmasıdır. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar verildi və Böyük Qayıdış proqramı əsasında bərpa prosesi başlandı. Artıq qələbəmizdən iki il vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə genişmiqyaslı işlər görülür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, infrastrukturun bərpası ilə bağlı bir sıra ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir. Bu gün Qalib Lider, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı - "Qarabağda cənnət yaradacağıq" vədi onun sözü ilə əməlinin bir olmasının göstəricisidir.

"Bu gün Qarabağ dirçəlir... Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərinə səfərində xalqa müraciətində bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin doğum gününü Şuşada qeyd etməsinin həm də rəmzi mənası vardı. Çünki artıq iki ilə yaxındır ki, Heydər Əliyevin Qarabağı azad görmək arzusu reallaşıb. Şuşa Heydər Əliyevin həmişə önəm verdiyi şəhər olub. Ona görə də Şuşa işğaldan azad edilən gün Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyini bəyan etmiş və bu, xalq arasında böyük sevgiylə qarşılanmışdı. Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar, o cümlədən işğaldan azad olunmuş bölgələrə səfərləri, bərpa-quruculuq prosesinin gedişi ilə şəxsən tanış olması, müvafiq göstərişlər verməsi əslində, Qarabağın ümumxalq birliyi ilə yenidən qurulmasının ifadəsidir.

Genişmiqyaslı bərpa-quruculuq işlərində bütün layihələr plan əsasında həyata keçirilir. Artıq Qarabağda tikinti, bərpa-quruculuq işləri sürətlə aparılır. Ağdam təsdiqlənən Baş Plan əsasında qurulur. Azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması da prioritet hədəflər sırasındadır. Keçmiş köçkünlər Zəngilan rayonunun Ağalı kəndinə, öz doğma yurdlarına qayıdıblar. Bu, Cənubi Qafqaza ilk “Ağıllı kənd” kimi tarixə düşüb. Quruculuq işlərində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə olunur. "Yaşıl enerji" zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Bölgənin "yaşıl enerji" zonası elan edilməsi və ən müasir texnologiyalar əsasında infrastrukturun yaradılması üçün həyata keçirilən işlər deyilənləri təsdiqləyir. İlk olaraq təməli qoyulan yaşayış massivinin də məhz "ağıllı kənd" konsepsiyası əsasında olması bölgədə yenidənqurma-bərpa işlərinin ən müasir standartlarla həyata keçiriləcəyindən xəbər verir.

Hazırda Azərbaycan Prezidentinin diqqət mərkəzində olan önəmli məsələlərdən biri də işğaldan azad edilən torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Xatırladaq ki, bu ərazilərdə böyük su mənbələri mövcuddur. Düşmən Azərbaycanı 30 ilə yaxın müddətdə bu potensialdan istifadə etməyə imkan verməyib, respublikamıza qarşı ekoloji terror həyata keçirib. Ermənistan uzun illər ərzində su təminatı istiqamətində də xain mövqe tutub, Sərsəng və Suqovuşan su anbarlarını nəzarətində saxlayıb. Torpaqlarımız azad ediləndən sonra artıq Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızın su təminatının yaxşılaşması üçün əlverişli şərait yaranıb. Bunun nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək şansı yaranıb.

Dövlət başçısı Qarabağdakı yol infrastrukturu barədə qeyd edib ki, Bərdə-Ağdam dəmir yolunun inşası davam edir. Gələn il bu yol istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir yolları, vağzalların da inşa edilməsi nəzərdə tutulur. Həmçinin, Zəngilan Beynəlxalq Hava Limanı yaxın günlərdə istifadəyə veriləcək. Bu isə Qarabağda ikinci beynəlxalq hava limanı olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası isə 2024-cü ilə planlaşdırılır. Eyni zamanda, tezliklə istifadəyə veriləcək Naftalandan Talış kəndinə qədər olan yol Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki bölgənin turizm əhəmiyyətini nəzərə alsaq, bu, çox müsbət haldır. Bütün bu işlərə görə deyə bilərik ki, ölkənin yol infrastrukturu sürətlə şaxələnir.

"Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik", - deyən Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı çıxışı zamanı qeyd edib ki, işgüzar dairələri və bir-birinə o qədər də yaxın yerləşməyən iki ölkə arasında əməkdaşlıq üçün bu dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Biz Azərbaycanda bunun üzərində uzun illər işləmişik və nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaratmışıq: "Mən bunu regionun yeni nəqliyyat xəritəsi adlandırardım, Qafqazlarda, həmçinin Xəzər dənizi boyu və Asiyada. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur - dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşirik. Həmçinin, sizə deyə bilərəm ki, Azərbaycan şimaldan qərbə gedən yükləri də ötürür. Biz infrastruktura yatırımlar etdik... Azərbaycanın rolu mütləq şəkildə artacaq", - deyən ölkə başçısı onu da qeyd edib ki, Azərbaycanın bölgənin vacib nəqliyyat qovşağına çevrilməsində Zəngəzur dəhlizinin müstəsna xidməti olacaq. Bu dəhliz Naxçıvanı ölkəmizin əsas hissəsi ilə birləşdirməklə yanaşı, həm də Türkiyəni quru yolla Azərbaycana bağlayacaq. Bu quru yol bölgədəki iqtisadi quraqlığı aradan qaldıracaq. Beləliklə, türkdilli ölkələrin iqtisadiyyatı şaxələnəcək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artmasına şərait yaranacaq. Əlbəttə ki, kommunikasiyaların açılması bölgədə ticarət dövriyyəsini artıracaq, bu da əhalinin yaşayış səviyyəsində ciddi irəliləyişlərə səbəb olacaq.

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı ilə də bağlı dövlət başçısı tərəfindən hökumətə tapşırıqlar verilmişdir. Bu məqsədlə müharibənin kənd təsərrüfatına vurduğu ziyanlar və postkonflikt zonalarda dünya təcrübəsinin araşdırılması əsasında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatının bərpası istiqamətləri müəyyən olunmuşdur. Həmçinin, bu ərazilərdə kənd təsərrüfatının bərpası nəticəsində gözlənilən istehsal göstəriciləri proqnozlaşdırılmışdır. Azad edilmiş ərazilərin bərpası Azərbaycan iqtisadiyyatının böyüməsinə səbəb olacaq. Kənd təsərrüfatına yararlı torpaqlar dövriyyəyə qayıtmalıdır. Bu, iqtisadiyyatın genişlənməsinə imkan verəcək.

Ölkə başçısı hər bir bölgədən xalqa müraciətlərində Qarabağa Böyük Qayıdışın daha tez reallaşdırılması, insanlarımızın öz doğma yurdlarına dönməsi və layiqli həyat şəraitinin yaradılması mesajları da verirdi. Və indi heç kimə sirr deyil ki, erməni vandallarının dağıtdığı ərazilər yenidən dirçələcək, nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl məkanlarından birinə çevriləcək.

Mustafa KAMAL,

"Respublika".