İnsan orqanizmində D vitamininin faydaları
Digər xəbərlər

İnsan orqanizmində D vitamininin faydaları

Bədənin ehtiyac duyduğu ən vacib vitaminlərdən biri əsas mənbəyi günəş işığı olan D vitaminidir. Günəşdəki ultrabənövşəyi şüalar bədən üçün lazım olan bu vitaminin 95 faizini təmin edir, qalan hissəsi isə qida ilə alınır. Bunun üçün dəri birbaşa günəş şüaları altında olmalıdır.

Pəncərədən düşən günəş D vitamini çatışmazlığını aradan qaldırmaq üçün təsirli deyil. Eynilə, günəş vannası qəbul edərkən istifadə edilən qoruyucu kremlər də D vitamini qəbulunun qarşısını alır. Açıq havada olmaq vacibdir. D vitamini çatışmazlığının demək olar ki, hər yaşda görülməsinin əsas səbəbi insanların günəşdən kifayət qədər faydalana bilməmələridir. Günorta vaxtı xüsusən isti yay günlərində uzun müddət günəş altında qalmaq mənfi təsir göstərə biləcəyi üçün səhər və günortadan sonra havaya çıxmaq yaxşı olar. Günəş işığına olan tələblər dərinin rənginə, insanın yaşına və günəş vannası qəbuluna görə dəyişə bilər.

"Bu gün iş mühiti, evdə keçirdiyimiz vaxt səbəbi ilə xüsusilə qışda kifayət qədər günəş görmürük. Bu səbəbdən pasiyentə D vitamini qəbulunu yeməklə (məsələn, qızılbalıq, yumurta sarısı, şirin kartof, göbələk və s.) və ya əlavələrlə təmin etməyi məsləhət görürəm". Bu fikri mövzu ilə bağlı açıqlamasında əczaçı-homeopat Arda Coşkun vurğulayıb.

D vitamininin insan orqanizmi üçün əhəmiyyətindən bəhs edən A.Coşkun deyib: "D vitamini sümük sağlamlığı üçün vacib olan kalsium və fosfor kimi iki mineralın udulmasını təmin edir. Zehni inkişaf üçün vacibdir və D vitamini çatışmazlığının aradan qaldırılması narahatlıq və depressiyanı əhəmiyyətli dərəcədə azaldır. D vitamini istifadə edərkən bədəninizdə lazımi qədər maqnezium və K vitamini olduğunu yoxlamalısınız. İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır". Depressiya və digər xəstəliklərdən qorunmaq üçün gün ərzində açıq havada idmana, günəşli saatlarda 15 dəqiqəlik gəzintiyə ehtiyac olduğuna diqqət çəkən A.Coşkun deyib ki, D vitamini ilə zəngin və ya zənginləşdirilmiş qida və içkilərdən istifadə, (somon, sardina, yumurta sarısı, şirin kartof, göbələk, semizotu, portağal suyu, cəfəri) qida əlavələri ilə D vitamininin artırılması psixi sağlamlığın yaxşılaşdırılması üçün ən sadə və ucuz həll yoludur. Günəş işığı D vitamini səviyyəsini normal saxlamaq üçün ən təsirli vasitədir. Həftədə 2-3 dəfə 5-10 dəqiqə günəş vannası qəbul etmək D vitamini çatışmazlığından qorunmaq üçün faydalıdır. Çünki xoşbəxtliyin düsturu günəş işığında gizlənir. Təəssüf ki, qışda həm uzun müddət evdə qalırıq, həm də hava şəraiti səbəbindən günəş işığından kifayət qədər faydalana bilmirik. Unutmaq olmaz ki, D vitamini çatışmazlığı ölkəmizdə hələ də ictimai səhiyyə problemidir.

''Hər şeyin çox olması orqanizm üçün zərərlidir. D vitamininin çoxluğu zəhərlənməyə, orqanlarda və yumşaq toxumalarda kalsium əmələ gəlməsinə, qan səviyyəsinin yüksəlməsinə, böyrək daşı əmələ gəlməsinə, böyrəklərin zədələnməsinə, hipertoniyaya və qanda kalsiumun artmasına səbəb ola bilər.

Erkən zəhərlənmə simptomları sümük ağrısı, başgicəllənmə, ağız quruluğu, qəbizlik, davamlı baş ağrısı, susuzluq, iştahsızlıq, ürək bulanması, qusma və ürək döyüntüsü kimi görünə bilər. Xroniki toksiklik əlamətləri dəri qaşınması, ürək bulanması, şiddətli mədə ağrısı, psixiatrik problemlər, sümük ağrısı, sidikdə bulanıqlıq, işığa həssaslıq, qusma ilə özünü göstərə bilər. Ona görə, qan analizi etdirmədən və həkim məsləhəti olmadan özbaşına vitamin qəbul etmək məsləhət deyil.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.