İmişli:
Region

İmişli: "Qarabağ" adı hər sahədə qalibdir

Uzun müddət istifadəsiz qalmış və idman yarışları keçirilməmiş Heydər Əliyev adına İmişli Şəhər Stadionu əsaslı təmirdən sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində öz fəaliyyətini yenidən bərpa etdi.

Təmirdən sonra ilk olaraq "İmişli FK" futbol komandası "Qarabağ 2" futbol klublarının yarışına evsahibliyi etdi. Futbol yarışının keçirildiyi açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Səfa Ağayev, rayon prokuroru Valeh Səmədov icra aparatının rəsmiləri, ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, veteran və gənc idmançılar iştirak edirdi.

Tədbirdə Dövlət Himni səsləndirildi. Ulu öndərin və Vətənin azadlığı, suverenliyi, torpaqlarımızın bütövlüyü və toxunulmazlığı yolunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Açılış mərasimində çıxış edən icra başçısı Elçin Rzayev, şəhər stadionunda aparılan əsaslı təmir işlərindən sonra buranın yarışlar üçün yararlı vəziyyətə gətirilməsi haqqında məlumat verdi. Eyni zamanda sözügedən ərazidə digər lazımi təmir-bərpa işlərinin də aparıldığını diqqətə çatdırdı.

Millət vəkili R.Nurullayev, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri S.Ağayev çıxışlarında ulu öndər Heydər Əliyevin Vətən və xalqımız qarşısındakı misilsiz xidmətlərindən ətraflı söhbət açdılar. Ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər.

Sonra futbolsevərlər "İmişli FK" və "Qarabağ 2" komandalarının görüşünü izlədilər. Gərgin mübarizə şəraitində keçən yarışda "Qarabağ 2" futbol komandası həlledici oyunda rəqib komandaya 1:0 hesabı ilə üstün gələrək qalib oldu.

Ərəstun ABDULOV,

"Respublika".