İFTAR SÜFRƏSİ AÇILIB
Region

İFTAR SÜFRƏSİ AÇILIB

Masallı

İnsanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran, on bir ayın sultanı Ramazan ayının son günlərini yaşayırıq. Bu müqəddəs ay insanları saf niyyətlər, xeyirxah əməllər naminə birliyə, həmrəyliyə çağırır.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının təşkilatçılığı, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədovun dəstəyi ilə Masallı şəhərindəki ”İlqar Plaza” şadlıq sarayında şəhid ailələri, qazilər, aztəminatlı ailələrin üzvləri, üçün iftar şüfrəsi açılıb.

Ölkəmizin azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra müqəddəs Qurani Kərimin ayələri və Ramazan ayının gündəlik duaları oxunub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov mərasimdə çıxış edərək Ramazan ayının mərhəmət, şəfqət, həmrəylik ayı olduğunu, ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən sabitlik, inkişaf və tolerantlığın təməlinin qoyulduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insanların əqidə, vicdan azadlığının, etnik və milli mənəvi dəyərlərimizin etibarlı şəkildə qorunduğunu diqqətə çatdırıb.

Mərasimdə müqəddəs Ramazan ayının fəzilətlərindən danışılıb, ölkəmizin əmin-amanlığı, rifahı və tərəqqisi naminə dualar səslənib, şəhidlərin əziz, parlaq ruhu ehtiramla yad edilib.

Əlisəfa Həsənov,

“Respublika”.